Siyasət 

Ümummilli lider Heydər Əliyev ideologiyası milli şüur və milli özünüdərk dəyərlərində…

Ümummilli Liderimizin fəlsəfi fikirlərinin, ictimai-siyasi görüşlərinin, elmi nəzəri hədəflərinin hərtərəfli tədqiqi sayəsində artıq Əliyevşünaslıq İnstitutun bütün istiqamətləri fəaliyyətdir. Təsadüfü deyil ki, müasir Azərbaycan fəlsəfi fikrinin aktual problemləri şərh edilərkən, ölkəmizdə Şərq fəlsəfi fikir ənənələrinin bərpa edilməsini önə çəkilərək, müasir  Qərb fəlsəfəsinə  inteqrasiya ilə bağlı milli  fəlsəfi fikrin inkişafının daha geniş vüsət alınması gündən-günə daha çox nəzərə çarpır.

Məlumdur ki, Şərq və Qərbin mənəvi həyatı, milli dəyərləri  və təfəkkür formalarının araşdırılması elmi predmet olmuş,  Şərq fikir və fəlsəfi elementləri  Qərbdə də yayılmış və öyrənilmişdir. Başqa sözlə, Qərbin sözü gedən həmin sahələrdəki elementləri Şərqdə özünə geniş yer tapmışdır. Keçən yüzilliyin aparıcı filosofu və mükəfəkkiri olan A. Q. Şveytserin fikirləri bu gün də öz aktuallığını itirməmişdir: “Təsəvvür edək ki, Avropa və hind fəlsəfəsi arasında disput keçirilir: onlardan hər birinin özünün müstəsna dərəcədə doğru olduğunu iddia etmək hüququ vardır.

Çünki hər ikisi hədsiz dərəcədə qiymətli ideyalar xəzinəsinin mənbəyidir”. Bu barədə məhz  bu günlərdə  Heydər Əliyevin anadan olmasının 98 ci il dönümü ərəfəsində söz açmaq daha qürurvericidir. Ulu Öndərin həmişəyaşar  ideologiyasını  qiymətli  ideyalar xəzinəsi kimi dəyərləndirən hər bir qədirbilən Azərbaycan  övladı  müasir Azərbaycan fəlsəfi fikrində Ümummilli Liderimizin dövlətçilik fəaliyyətinin , ideya-siyasi və milli-mənəvi amillər üzərində bərqərar olmasının  bir daha şahidi olur.   Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş əsas prinsiplərindən biri olan millilik və ümumbəşəriliyin vəhdəti prinsipi Azərbaycanda fəlsəfənin inkişaf yolunun müəyyənləşdirilməsi üçün  həmişə əsas  götürülmüşdür. Bir manifest və istiqamətverici proqram kimi qəbul edilən bu kəlamlar ümummilli liderimiz Heydər Əliyevin  millilik və ümumbəşərililiyinin vəhdəti prinsipininə  daha böyük əhəmiyyət verərək  milli şüurun ölkəmizdə milli özünüdərk prosesi ilə qüvvətlənməsini bir daha təsdiq etmişdir. Ümummilli lider Heydər Əliyev öz ideologiya siyasətində Azərbaycanda fəaliyyətdə olan sosial qrupların, ictimai-siyasi birliklərin, siyasi partiyaların, etnik və digər birliklərin inkişaf və qüvvələrini araşdırmış, dünyadakı ümumi sosial və siyasi situasiyanı dərindən öyrənərək, habelə dünyanın inkişaf perspektivlərini bir daha nəzərdən keçirərək, öz siyasi fəaliyyətinin əsasını təşkil edərək, milli-mənəvi sərvətləri və ümumbəşəri dəyərləri müəyyənləşdirərək Azərbaycançılıq ideyologiyası  üçün əsas sayılacaq aşağıdakı məsələləri önə çəkmişdir: Tarix bir daha dünyaya nümayiş etdirdi ki, ölkəmizin və xalqımızın müstəqilliyini, milli varlığını yaradan, möhkəmləndirən Heydər Əliyev şəxsiyyəti və onun çoxşaxəli möhtəşəm rəhbər iradəsi oldu. Müasir Azərbaycan fəlsəfi fikrində qeyd edildiyi kimi, Heydər Əliyevin siyasət fəlsəfəsinin parlaq aynası sayılan və onun fəaliyyətində həmişə önəmli yer tutan lobbizm də olmuşdur.  Azərbaycan dilinin dövlət dili    kimi  tətbiqi, latın qrafikinə keçid, mənəvi-əxlaqi dəyərlərə qayıdış, “Kitabi Dədə- Qorqud”  dastanı və Məhəmməd  Füzuli ilə bağlı böyük tədbirlər, repressiya və deportasiya faciələrinin yaddaşlara salınması,  Dünya   Azərbaycanlılarının tədbirlər forumlarını rəsmiləşdirən tarixi qərar və fərmanlar…  Milli ideologiyanı və milli ideyanı ümummilli şüur kimi dəyərləndirmək Heydər Əliyevin dövlətçilik siyasətinin proqramı kimi, ideologiyamızın fəlsəfi mahiyyətini, etnik konfessional, mədəni aspektlərin və onun metodoloji-nəzəri siyasi parametrlərinin tərkib hissəsinə çevrilmişdir. Milli azadlıq və milli özünüdərk ruhunun əsasını qoyan, fikir, duyğu və düşüncələri ilə böyük gələcəyə ünvanlanmış, inkişaflı  sabaha yönəlmiş siyasi və iqtisadi inkişaf strategiyası  nəinki Azərbaycanın, hətta bütün  tərəqqipərvər ölkələrin siyasi üfüqlərindən həmişə görünəcəkdir. Azərbaycan dövlətçiliyinin xilaskarı və banisi olan Heydər Əliyevin böyük rəhbər fenomeni  artıq bütün bunları sübuta yetirmişdir.

Heydər Əliyev irsi dünya siyasi elminin qiymətli nailiyyətləri sirasında özünə layiqli yer tutaraq, Heydər Əliyevin ideyalarını   bitkin elmi-nəzəri platforma olan Əliyevçilik ideologiyası bir bitməz-tükənməz  işıq ,məna toplumu  siqlətində  Yeni Azərbaycan Partiyasının  və bugünkü müasir Azərbaycanın inkişaf və tərəqqi yollarını  nura qərq edir və edəcəkdir.  Heydər Əliyevin siyasi portretinin  çoxqatlı çalarlarının   dolğun və rəngarəng  dərinliklərinə baş vurarkən  belə qənaətə gəlirsən:  Ümummilli Liderin epoxasını bütünlüklə milli- mənəvi  oyanış mərhələsi, özünəqayıdış  dövrü  adlandırmaq lazımdır.  Məhz bu epoxada, iqtisadiyyatdan tutmuş mədəniyyətədək, habelə bütün milli-mənəvi dəyərlər  sahəsində olan yenilikləri, irəliləyişləri misilsiz yüksəlişlər zamanları  ilə ölçmək ədalətli olardı.

1992- 93-cü illərin  qaynar günləri… dağılmaqda olan respublika. Hakimiyyətdə tam iflas vəziyyəti hökm sürür. Mürəkkəb və ağır şəraitdə Prezident İlham Əliyevin  təbiri ilə desək “ milli maraqları hər şeydən üstün tutan 91-lər”  Naxcıvana yollanıb xilaskar missiyalı Heydər Əliyevi Bakıya rəhbərliyə dəvət edirdilər…Elə günlər idi…Milli  Məclisin qarşısında “yaş senzi ilə “ bağlı etiraz   mitinqləri keçirilirdi…

…Parlamentin sədri seçilən Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlqoyma proqramı ilə elə həmin gün çıxış edir. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil olur.

“İndi əlbəttə gələcəyi yaratmaq vaxtı gəlib çatmışdır, ən azı ona görə ki axın güclüdür və hər şey daim hərəkətdədir, fəaliyyətə başlamaq dövrü çoxdan çatıb” deyən Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bu günü  və gələcəyini məhz həmin günlər  parlamentdə sədr kimi fəaliyyətə  başladı.  O  günlər məhz Heydər Əliyevin dövlətçilik siyasətinin güclü axını ilə yaranırdı.  Milli-mənəvi dəyərlərin paravozu sayılan milli dil-Azərbaycan dili anlayışı öz qanuni haqqına çatdı. Xalqın özünüdərki sahəsində milli dirçəliş dövrü başladı.

Artıq  Azərbaycan vətəndaşlarının mənəvi birliyinin əsası kimi Azərbaycançılıq ideologiyası, cəmiyyətin həyatında, ölkə əhalisinin vətənpərvərlik və Azərbaycana məhəbbət ruhunda tərbiyəsində Heydər Əliyevin birləşdirici rolu hər yerdə qızğınlıqla bəyənilir, təbliğ edilir, alqışlanırdı. Hamıya tam və açıq-aydın məlum idi ki, bu ideologiyanın ideya ilhamçısı və yaradıcısı Heydər Əliyev olmuşdur.  Məhz Heydər Əliyev ideyalarının qaynaqlarından bəhrələnən milli dövlətçiliyin və milli şüurun davamlı və yüksəlişin təzahürü kimi suveren Azərbaycan dövlətinin öz strateji maraqları bütün sahələrdə öz tarixi addımlarını atmışdır.

…Hələ keçən əsrin 70-ci illərindən üzü bəri Azərbaycan siyasi tarixinin elmi-nəzəri fəlsəfi səpkidə geniş tədqiqatını aparan alimlərin fikrincə, tarixi şəxsiyyət olan Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi irsinin rəhbərin dövlətçilik fəaliyyətindəki uğurlar və zəfərlər fenomeni fəlsəfə tarixinin aktual müstəviyə qovuşmasında müstəsna xidmətlər göstərmişdir. İdeal dövlət xadimi və siyasi lider obrazı zaman və ölkə çərçivəsinə sığmayan Heydər Əliyevin tarixi xidmətlərinin elmi-nəzəri fəlsəfəsi siyasi cəhətdən misilsiz məqamları üzə çıxardı.  Əbədiyaşar rəhbərin millilik və ümumbəşəriliyinin vəhdəti prinsipinin böyük əhəmiyyəti   geniş şərh edilir, müasir,  müstəqil Azərbaycanın siyasi tarixi-fəlsəfi salnaməsinin səhifələrində milli müstəqillik, özünüdərk və özünütəsdiqin nəzəri-fəlsəfi əsasları  həmin dövrdə  Azərbaycanın siyasi tarixinə  qızıl hərflərlə yazılırdı.

Müasir elmi-fəlsəfi salnamənin  önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, siyasi fəlsəfə elmi Heydər Əliyevin çoxcəhətli dövlətçilik siyasətini, çoxistiqamətli və dərin məntiqli, mürəkkəb, zəngin hadisələr mənbəyi kimi tədqiq edirdi. Həm də qürur hissi ilə qeyd edilirdi ki, Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanda siyasi hadisələrin, təsisatların, münasibətlərin və müstəqillik uğrunda apardığımız azadlıq proseslərinin son dərəcə ciddi və mürəkkəb kompleksini bütün dolğunluğu ilə əks etdirir.

Məlumdur ki, siyasətin gerçəkliyi, cəmiyyətin inkişafındakı rolu, ən başlıcası  isə mahiyyəti barəsində bütün çalarları ilə zəngin və obyektiv təsəvvürə və dərin informasiyaya yiyələnmək üçün cəmiyyətə  o zaman olduğu kimi, indi də  onun yarımsistemləri haqqında, habelə “siyasət” termininin təşəkkül dövrünə və yaranma təkamülünə də nəzər salmaq  dərin maraq kəsb edir.  Uzun illərin tədqiqatları, axtarışları və elmi araşdırmaları bir daha sübut etdi ki, cəmiyyət  insan birliklərini, toplumlarını geniş surətdə əhatə edən, özünəməxsus bir canlı, həmişə fəaliyyətdə olan bütöv bir sistemdir. Həm də ən əsası insan birlikləri arasında əlaqələr yaradan, ünsiyyətlər quran, bir-birinə nüfuz edə biləcək, habelə nisbi müstəqilliyə, özünəməxsus yarımsistemlərdən-sferalardan yaranmışdır. Bu yarımsistemləri sadalamaq yerinə düşərdi: Birincisi siyasi yarımsistem – sosial-mədəni və mənəvi sferaların toplusu sayılan vətəndaş cəmiyyəti yarımsistemi və ikincisi isə iqtisadi istehsal-təsərrüfat yarımsistemi…  Ulu öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətindəki siyasi sferasının əsas mahiyyəti məhz elə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardığı böyük mübarizənin üzərində bərqərar olduğu zamana təsadüf edirdi.   Əslində 1987-1991-ci illərdə Heydər Əliyevi məhz milli dövlətçiliyimizin o zamankı mövcud kədərli taleyi narahat edirdi. O, artıq öz siyasi seçimini etmiş və Azərbaycanın müstəqilliyi uğrunda gərgin, siyasi mübarizəyə  fikirlərində,düşüncələrində çoxdan   başlamışdı. Hələ bunu çox adam bilmirdi. Sonradan Onun Naxçıvanda həyata keçirdiyi siyasət sayəsində Azərbaycanın bu  qədim diyarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa edilmiş, “sovet sosialist” sözləri Muxtar Respublikanın adından çıxarılmış, 20 Yanvar hadisələrinə  ilk dəfə əsl siyasi qiymət verilmişdi.

Heydər Əliyevin siyasi sferasını Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizə ilə bağlayan hər bir Azərbaycan vətəndaşı həm də bu siyasətin əsas mahiyyətinin milli ruhun dirçəldilməsinə, mənəvi qaydalara qayıdışa, Azərbaycanın mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqda görürdü. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü  xalq milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın başlanğıcı kimi qəbul edərək, rəhbərin bütün fəlsəfi konstruksiyasını öz  milli dirçəlişi və milli qürur hisslərinin oyanmasi ideyasi kimi qəbul etmişdir.  Heydər Əliyev  isə  dəyərli fəlsəfi   konsepsiyasını əməli siyasət məcrasında gerçəkləşdirmək üçün olduqca mürəkkəb mexanizmdən məharətlə  bəhrələnmişdir. Həmin mexanizm məhz yuxarıda qeyd etdiyimiz mədəni-mənəvi, siyasi sferaların əsasını təşkil edən milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi konsepsiyasıdır.  Heydər Əliyev ardıcıl olaraq, bir-birinin ardınca Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərini  qeyd etdirir və bunun bir  ənənə kimi yaşamasının  bünövrəsini qoyurdu. Bu, adi, formal bir hadisə deyildi. Bu, Azərbaycan mədəniyyət klassiklərinin yaradıcılığının tarixinə və bəşəriliyinə  əsl  rəhbər  qayğısı  idi, milli düşüncənin yavaş-yavaş bizdən uzaqlaşmaqda olan dövrünü geriyə, – xalqın həyatına təzədən  qarışmağı, əbədi yaşamağı idi.

Artıq milli-mənəvi dəyərlərlə bağlı Heydər Əliyevin milli ruhun dirçəldilməsinə, öz zəmanəsinin, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də bütün ziylıları, bütün Azərbaycan xalqının diqqətini tarixi və mədəni qaynaqlara yönəldilməsini bir filosof kimi iki fenomen üzərində dəyərləndirirdi. Birincisi fakt anlayışı, hamının qəbul edib özününküləşdirdiyi dəlillər və sübutlar, ikincisi də material və dərinlik (məna)   hansı ki, bu müstəvidə faktları differensiasiya edir, genişləndirir, bir-biri ilə canlı surətdə əlaqələndirirdi. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin və siyasi irsinin araşdırılması üzərindəki fundamental, olduqca uğurlu elmi nəticədən belə bir fikir formalaşmışdı: Siyasi fəlsəfəsinin başlıca predmeti müstəqil Azərbaycanın tərəqqisi və siyasi intellektinin əsası Azərbaycan xalqıdır. Məhz bu mənbələrdən qaynaqlanan milli mənlik şüurunu və milli tarixi gerçəklik Azərbaycan xalqının tarixi yaddaşında bütün etik-estetik və mənəvi dəyərlərin dirçəldilməsinə və əbədiləşməsinə yol açdı.

Yuxarıda qeyd etdiyimizə rəğmən sosial, mədəni və mənəvi sferaların məcmu olan vətəndaş cəmiyyəti Heydər Əliyev siyasətində özünəməxsus yer tutmuşdu. “Biz hüquqi və vətəndaş cəmiyyəti qururuq” deyən ulu öndər Heydər Əliyev müasir cəmiyyətin inkişaf strategiyasının vəzifələrini müəyyənləşdirərkən vətəndaş cəmiyyəti və hüquqi dövlət kimi Azərbaycan Konstitusiyasında öz əksini tapmış, fundamental məqsədlərin və vəzifələrin proqram kimi fəaliyyətini tövsiyyə edirdi. Siyasi demokratiyanın əzəli və etibarlı əsası kimi vətəndaş cəmiyyətinin elmi tədqiqinin zəruriliyi mühüm əhəmiyyətə malik olduğunu göstərirdi.

Heydər Əliyevin siyasi fəaliyyəti,- idarəetmə elmi və idarəetmə sənəti kimi  siyasi fəlsəfə elmi onun  siyasi fəaliyyətinin əvvəlcə xilaskarlıq missiyası üzərində qurulmasını, Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən qurtulmasından, ölkədə siyasi sabitliyin bərqərar olmasından bəhrələnir, sonra daxili və xarici siyasətdəki uğurlu, misilsiz nailiyyətlərini  bütün dünyaya göstərirdi.

Ölkəmizdə ictimai inkişafın hər bir mərhələsində iqtisadi siyasət istiqamətlərinin hazırlanıb həyata keçirilməsində, xüsusilə Ümummilli Liderimizin müəllifi olduğu nəhəng neft strategiyasının reallaşmasında və elmi-nəzəri cəhətdən hazırlanmış demokratik prinsiplərin rəhbər tutulmasını bir daha nəzərə çatdırırdı. Bütün bunlarla yanaşı, Heydər Əliyevin yaratdığı siyasi sistemlərin özlərinin inkişaf qanunauyğunluqlarını, onların respublikamızın ictimai həyatının digər sferaları ilə əlbir olaraq, canlı, qarşılıqlı əlaqələri ilə üzvi  bağlılığını göstərirdi. Uğurlu siyasət xəttinin Azərbaycanın iqtisadi inkişaf səviyyəsi və mövcud siyasi rejimlə sıx, möhkəm əlaqələndirilməsinin fəlsəfi və elmi tədqiqi həmişə əsas götürülürdü.

Böyük alman mütəfəkkiri və şairi İ.V.Hötenin (1749-1832) dediyi kimi, tarix salnaməsini o kəslər yazır ki,  hazırkı dövr onun üçün əhəmiyyətlidir. Hər hansı tarixi əsər nəinki keçmişdən söhbət açır, eyni zamanda, müasirliyə və onun problemlərinə nüfuz edə bilir.

Müasir Azərbaycan tarixi reallığında isə Heydər Əliyev ideyaları bitkin, elmi-nəzəri mükəmməl platforma olan Əliyevçilik ideologiyası möhkəm və əbədi lövbər salmışdır. Həmin lövbərlərin ağırlıqları isə millilik və ümumbəşəriliyin siqlətindədir.  Müasir müstəqil Azərbaycan dövlətinin milli  ideoloji əsasları üzərində təşəkkül tapan milli ideya və ümummilli ideologiyası məhz Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyası üzərində qurulmuşdur. Heydər Əliyev Azərbaycançılığı bir ideologiya olaraq irəli sürməklə, ölkənin dayaqlarının alt-üst olması, ərazisinin etnik əlamətlərə görə “xanlıqlara” bölünməsi  təhlükəsinin qabağını qətiyyətlə  kəsmək  vəzifəsinin öhdəsindən məharətlə  gəldi.

Məlumdur ki, siyasi ideologiya siyasi fəaliyyətin nəzəri əsası kimi çıxış edir, eyni zamanda, o həm də siyasi  hərəkatları birləşdirən bir fəal amildir. Tarixdən o da məlumdur ki, siyasi ideologiyalar həm siniflərin, millətlərin, həm də dövlətlərin əsaslı və köklü mənafelərini aydın ifadə edən ideyaların həmişə toplusu və ümumi məcmusu olmuşdur.

Bütün bunlarla yanaşı, siyasi kurs, milli ideologiya və milli həmrəylik məsələlərində varislik prinsiplərinin tədqiqi və reallığı həmişə bir  zəruriyyət kimi üzə çıxmışdır.  Əgər müstəqil Azərbaycanın yaxın keçmişi ümummilli lider Heydər Əliyevin şərəfli dövlətçilik fəaliyyəti ilə formalaşaraq, xilaskarlıq missiyası və quruculuq motivləri ilə tarixə yazılmışdırsa, ölkəmizin bugünkü davamlı və hərtərəfli yüksəlişləri regionun    yeni lideri kimi Müzəffər Ali Baş Komandan,  Prezidentimiz cənab İlham Əliyevin simasında beynəlxalq aləmdə get-gedə daha geniş şöhrət tapır.

Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nüfuzu, sürətli  inkişafı artıq Azərbaycanın hüdudlarını  çoxdan  aşmış, ona bölgənin əsas  lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi böyük  və  halal  şöhrət gətirmişdir.

Tahir MƏMMƏDOV, 
YAP Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha çox xəbərlər