Siyasət 

Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən gün Hacıqabul rayonuna səfəri zamanı hər bir azərbaycanlıya qürur verən sözləri Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir daha təkrar etdi. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. …Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”. Bu müzəffər Ali Baş Komandanın öz ordusuna, öz xalqına olan inamının ifadəsi idi. Bununla yanaşı, beynəlxalq hüquqa söykənən, eyni zamanda 3 tərəfli bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, bütün dünyaya və xüsusilə də üçtərəfli bəyannamənin icrası ilə bağlı öhdəlik götürmüş ölkələrə verilən mesaj idi. Bununla ölkə başçımız Bəyanata tərəf olan Ermənistanı xəbərdar edərək bildirdi ki, sizin nə istədiyinizdən asılı olmayaraq Zəngəzur Azərbaycan və Naxçıvanı, Azərbaycan və Türkiyəni və ümumilikdə Türk dünyasını birləşdirəcək əsas dəhliz olacaqdır. Eyni zamanda ölkə başçımız tərəfindən bildirildi ki, Ermənistanın həm bu günki siyasi rəhbərliyi, həm də gələcəkdə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq başa düşməli və qəbul etməlidir ki, 10 noyabr Bəyanatının hər bir maddəsi icra olunmalıdır.

Çıxışı zamanı cənab Prezident tarixi keçmişimizə toxunaraq bildirdi ki, azərbaycanlılar 101 il sonra Zəngəzura qayıdırlar. Xatırladaq ki, 101 il əvvəl Azərbaycanın icazəsi olmadan 1920 ilin 30 noyabr və 1 dekabr tarixlərində Zəngəzur iki hissəyə parçalanaraq qərb hissəsi Sovet Hakimiyyəti tərəfindən Ermənistana verilmişdi. Azərbaycanın heç bir mövqeyi soruşulmadan, təzyiq vasitəsilə bu həyata keçirilmişdi. 1990-cı illərin əvvəllərində də Ermənistan siyasi rəhbərlərinin planları təkcə Zəngəzurun qərbi və Qarabağla hüdudlaşmırdı. Onlar daha böyük ərazini ələ keçirmək istəyirdi. Nəticədə Zəngəzurun şərqini də ələ keçirmişdilər. 2020-ci ilin payızında başlayan 44 gün davam edən Vətən müharibəsində isə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən işğalından azad etdi. Şuşanın işğaldan azad olunması ilə qarşı tərəf kapituliyasiya bəyanatını imzalamağa məcbur oldu. Bildiyimiz kimi kapituliyasiya bəyanatı imzalanarkən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin bərpa olunması starteji məqsəd kimi cənab Prezidentimiz tərəfindən müəyyənləşdirilmişdi. Bu, qətiyyətin və siyasi iradənin nümayişi idi. Xüsusilə vurğulanmalıdır ki, bu dəhliz təkcə bizim üçün deyil, tərəfdaşlarımız üçün, eyni zamanda gələcək əməkdaşlıq perspektivlərində Ermənistanın özü üçün də strateji əhəmiyyət daşıyır. Çünki, bu, strateji kommunikasiya koridorudur, dəhlizdir.

Nəticə etibarı ilə hazırda Azərbaycan Prezidentinin  nümayiş etdirdiyi qətiyyət sayəsində bu proses başlayıb və davam edir. Ermənistan Baş Naziri ötən gün çıxışında bildirmişdir ki, “Heç təsəvvür edirsinizmi ki,  Ermənistan iqtisadiyyatı hansı dəyişikliklərə məruz qalacaq? bizim İran İslam Respublikası və Rusiya Federasiyası ilə dəmir yolu bağlantımız olacaq”. Ermənistan baş naziri tərəfindən deyilən bu sözlərin böyük mənası vardır. Bu çıxışla dolayı yolla Ermənistan baş naziri Ermənistanda ictimai rəyi bu dəhlizin açılmasına hazırlayır. Çünki Azərbaycan tərəfi şərtləri diktə edir, Azərbaycan Prezidenti öz mövqeyini qətiyyətlə bildirir. Erməni baş nazir də məcbur olaraq bunun Ermənistan üçün starteji əhəmiyyətini öz xalqına anlatmağa çalışır. Amma Ermənistan cəmiyyətinin hələ də buna hazır olmadığı müşahidə olunur. Zəngəzur dəhlizi sözün əsl mənasında onlarda qıcıq yaradır. Zəngəzurun nə dərəcədə strateji olduğunu onlar da dərk edirlər. Ancaq onların içinə səpilmiş nifrət toxumları öz mənafelərinə belə göz yummağa gətirib çıxarır. Aydındır ki, bu dəhliz Ermənistanı da blokadadan çıxaracaq və daimi tərəfdaşları olan Rusiya və İranla kommunikasiyalarını bərpa edəcək. Bu da ölkədəki acınacaqlı vəziyyətdən çıxmaq üçün Ermənistana şans verəcək. Amma Ermənistanda xalq arasında azərbaycanafobiya və türkofobiya meyilləri o qədər güclüdür ki, onların ümumi mənafelərinə xidmət edən dəhlizi yaratmaqdansa buna qarşı çıxırlar.

Beləliklə, hazırda Ermənistan cəmiyyətində süni bir təəssüfkeşlik hissi var. Biri digərinin yanında reallığı etiraf etmək, ya da bu reallığı dərk edənlər isə bunun Ermənistanın xeyrinə olacağını yüksək səslə səsləndirmək istəmirlər. Çünki orada ictimai mühitdə qapanma var və düşünürlər ki, bunu yüksək səslə bəyan etsələr ətrafdakılar satqın kimi baxar, düşmən elan edilə bilərlər. Ermənistan cəmiyyəti uzun illərdir təbliğ olunan qələbə eyforiyası sayəsində reallıq hissini itirib. Həm də Ermənistanda normal düşünən və baş verənləri obyektiv əsaslarda dərk edən ictimai münasibətlər sistemi yoxdur. Bu sistem əvvəldən bəri faşizm ideologiyası ilə, yalançı, saxta qələbə eyforiyasından bəslənib. Keçmişə, yəni son yüz ilə baxsaq onları Cənubi Qafqaza yerləşdirərkən buradakı qədim xristianlıq miraslarının onların adına yazmaqla onlar üçün mifoloji ideya aşılanıb. Bütün bunları qırmaq isə çətindir. Amma tarixi reallıq göstərdi ki, uzun illərdir yalançı mifologiya, idealar, xülyalar, qələbələrlə bəslənən Ermənistan cəmiyyəti 44 günlük müharibədə rüsvaycasına məğlub olduqdan  sonra  vakuumda qaldı. Bu səbəbdən  mövcud  mərhələni qəbul etmək onlar üçün çətindir. Başqa bir məsələyə istinad etsək, bildiyimiz kimi bu yaxınlarda  Ermənistan Prezidenti Armen Sarkisyan Gürcütsana səfər etdi. O da dolayı yolla Azərbaycanla əməkdaşlığı Ermənistan üçün strateji bir zərurət olduğunu dilə gətirdi. Nəticə etibarı ilə Azərbaycanın yaratdığı yeni reallıq ondan ibarətdir ki, bu şərtləri hamı, hər şeydən öncə isə Ermənistan qəbul etməlidir. Onların indiki halda başqa çarəsi də yoxdur. Əgər Ermənistan üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırarsa şübhəsiz ki, bunun cəzasını da ən ağır şəkildə çəkməli olacaq.

Şəbnəm Eldarova,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər