“Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir”
“Əhali üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir. Bunun ikinci yolu yoxdur”.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün “hazırlıq ili” elan edilib: “Prezidentin fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradılıb. Bu qurum artıq öz işinə başlayıb. Həmin qurum gələcəkdə icbari tibbi sığortanın həyata keçirilməsində əsas rol oynayan təşkilata çevriləcək”.
Komitə sədri icbari tibbi sığortaya keçidin təmini üçün 1999-cu ildə qəbul edilmiş “Tibbi sığorta haqqında” qanunun layihəsinin yenidən işlənildiyini, icbari tibbi sığortanın tətbiqinin qanunvericilik baxımından təmin edildiyini söyləyib.
Ə.Əmiraslanov sistemin tətbiq edildiyi pilot rayonların nəticələri də icbari tibbi sığortanın nəticələrinin çox müsbət olduğunu deyib.

