Heydər Əliyevin dövlətçilik fəaliyyətində siyasi dəyərlər sistemi…
Tarixçi və politoloqların fikrincə siyasət, liderlərin fəaliyyətinin ən əhəmiyyətli sferasıdır. Onların rəhbərliyinin mahiyyəti, məzmunu cəmiyyətin qarşılıqlı münasibətləri ilə, ən başlıcası isə dövlətlə, hakimiyyət təsisatları ilə bağlılıq kəsb edən həyat və dövlətçilik fəaliyyətinin spesifik forması kimi səciyyələnir. Siyasətin cəmiyyətdə fəaliyyəti və mövcudluğu yalnız dövlət və hakimiyyətlə deyil, həm də siyasətin mahiyyəti, məqsədi, universal və mürəkkəb xarakteri ilə müəyyənləşir. Böyük siyasət elə təsisatları, prinsipləri, normaları əks etdirir ki, onlar insanların müxtəlif birliklərinin həyat fəaliyyətini təmin edir, mənafelərini və tələbatlarını reallaşdırır. O həm də, xüsusi sosial fenomen olmaq etibarilə, şəxsiyyətin və sosial subyektlərin tələbatı kimi təzahür edir. Heç də təsadüfi deyil ki, tədqiqatçıların böyük əksəriyyəti bu cəhəti xüsusi mənalandırır. Siyasət gündəlik həyatda özünü ictimai işlərin idarə olunmasında və ona rəhbərlikdə dövlətlə siyasi təşkilatlar, partiyalar, hakimiyyətə təsir göstərən müxtəlif qruplar arasındakı münasibətlərdə məqsədyönlü fəaliyyət kimi təzahür etdirir. Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı tarixi nitqində milli, siyasi mənsubiyyəti ilə qürur duyduğunu fəxrlə demişdir: «Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxrlə demişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!»
Müstəqil Azərbaycan dövlətinin əsas siyasi ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur keçirməlidir. Və biz azərbaycançılığı,- birinci Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərinin adət-ənənələrini yaşatmalıyıq. Heydər Əliyevin müasir Azərbaycan Respublikasında əsasını qoyduğu vətəndaş cəmiyyəti, demokratik, misilsiz siyasət əməlləri, ölkədə insanların həyat fəaliyyətinin spesifik sferası, davranışın xüsusi tipi və münasibətlərini üzə çıxardı. Çünki siyasət eləcə cəmiyyət üzvlərinin, sosial subyektlərin spesifik fəaliyyət növüdür. Siyasətə xas olan bu xüsusiyyət onunla müəyyən olunur ki, o, insanların fəaliyyəti sayəsində təşəkkül tapır. Siyasətin məzmununda siyasi fəaliyyət həlledici əhəmiyyətə malikdir. Siyasi dəyərlər sistemində siyasi fəaliyyətin xüsusi yer tutması onunla səciyyələnir ki, bu fəaliyyət məhz siyasi həyatın məzmununu təşkil edir. Siyasi fəaliyyətin siyasi dəyərlər sistemində yerinin düzgün, məqsədyönlü müəyyənləşdirilməsi siyasətin mahiyyətini açıqlamağa imkan yaradır. Siyasi fəaliyyətin məzmunu mürəkkəb, universal və çoxcəhətlidir. Ulu Öndərin böyük siyasətinə daxil olan konkret məzmunların bəzilərini sadalamaq yerinə düşərdi. Onun konkret məzmununa daxildir: dövlət işlərinin fəaliyyətinin formalarını, vəzifələrini və istiqamətini müəyyənləşdirmək, hakimiyyətin bölünməsi, onun fəaliyyətinə nəzarət və eləcə də siyasi təsisatlara təsir göstərmək. Siyasi fəaliyyətin bilavasitə obyektinə siyasi dəyərlər, siyasi birliklər, siyasi ənənələr, siyasi prinsiplər, siyasi inam, siyasi təcrübə və s. təsisatlar, bütövlükdə cəmiyyətin siyasi sistemi və ona aid olan sosial qruplar, partiyalar, elitalar…
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixi və siyasəti önündəki misilsiz xidmətləri ən qabarıq və daim üzdə olan siyasi təzahürü isə onun əbədi müasir-müstəqil Azərbaycan döbvlətini yaratması və möhkəmləndirməsi olmuşdur. Azərbaycan xalqı əsrlər boyu həmişə milli dövlət qurmaq, onu əbədiləşdirmək uğrunda mübarizə aparmışdır.
Siyasi tədqiqatçıların fikrincə, siyasi proseslərdə siyasi fəaliyyətin mürəkkəb, çoxsubyektli və münaqişəli xarakteri öz ifadəsini tapır, o, müxtəlif sosial qrupların, təşkilatların və fərdlərin münasibətləri kimi üzə çıxır. Hər bir şəxsin fəaliyyətinin siyasi mənası onun ictimai münasibətlər sisteminə nə dərəcədə cəlb olunması ilə bağlıdır. Siyasi fəaliyyətin legitimliyi onun cəmiyyətdəki mövcud qaydalara uyğunluğunu əks etdirir. Biz bunu məhz Heydər Əliyevin böyük dövlətçilik fəaliyyətində gördük.
Siyasi fəaliyyəti dəyərləndirən xüsusiyyətlərdən biri onun səmərəliliyidir. Siyasi fəaliyyətin səmərəliliyi hər şeydən əvvəl, siyasi mənafelərin, məqsədlərin, tələbatın dərk olunmasına istiqamətlənir. Siyasətə yol yalnız ölkənin inkişafından, insanların firavan yaşamasından keçir. Heydər Əliyevin yeni cəmiyyət quruculuğu sahəsindəki islahatları özü-özlüyündə bir-birini tamamlamış konsepsiyadır. Onun yeni cəmiyyət modeli özündə milli-mənəvi və ümumbəşəri dəyərləri üzvü surətdə birləşdirir, Azərbaycan tarixini və müasir həyatımızın bütün palitrasını əks etdirirdi.
İnsan və dövlət, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin mürəkkəb və çoxcəhətli xarakteri siyasi fəaliyyətin təsnifatı üçün meyar götürülür. Siyasi elmə aid ədəbiyyatda siyasi fəaliyyət bütövlükdə üç qrupa ayrılır: siyasi sistem çərçivəsində fəaliyyət; siyasi sistemin ictimai mühitə münasibəti ilə bağlı olan fəaliyyət; siyasi hakimiyyət təsisatlarını əhatə edən sosial mühitin şərtləndirdiyi fəaliyyət. Bu üç fəaliyyət qrupunun mahiyyətini əsas kimi qəbul edən tədqiqatçılar siyasi fəaliyyətin ümumi şəkildə iki tipini- praktiki və nəzəri fəaliyyəti müəyyənləşdirirlər. Bu fəaliyyət tipləri məqsədlərinə və vasitələrinə görə fərqlənirlər. Əbədiyaşar Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və zəngin nəzəri siyasi irsində sosial ədalət anlayışı daim həlledici əsas yer tuturdu.
Cəmiyyət üzvlərinin siyasi fəaliyyəti və onların sosial ədalət hədəfləri üzərində davranışı ilə sıx bağlılığı həmişə üzdə olmuşdur.
Siyasi fəaliyyət kimi, siyasi davranış da pozitiv və neqativ məqamlara malikdir. İnsanların siyasi fəaliyyəti və davranışı cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqları ilə müəyyən olunur. Pozitiv siyasi davranış cəmiyyətin mütərəqqi yönümdə yeniləşməsinə, sosial tərəqqiyə istiqamətləndiyi halda, neqativ siyasi davranış siyasi sistemin əsaslarının sarsıdılmasına, siyasi sabitliyin pozulmasına, sosial gərginliyin artmasına və hərc- mərcliyin bərqərar olmasına gətirib çıxarır. Ona görə də Ümummilli Lider sosial ədaləti həmişə önə çəkirdi. Harada üzə çıxmasından asılı olmayaraq, siyasi fəaliyyət və eləcə də siyasi davranış mahiyyət etibarilə sosial subyektlərin mövcud cəmiyyətə, onun siyasi quruluşuna və siyasi təsisatlara münasibəti kimi səciyyələnir.
Bəli, artıq danılmaz siyasi faktdır ki, Heydər Əliyevin formalaşdırdığı yeni cəmiyyətdə İnsan, Vətəndaş mərkəzi fiqur, başlıca anlayış kimi, bütün siyasi və dövlətçilik fəaliyyətləri boyu tarixi, şanlı yol keçirdi. Siyasi subyektlərin siyasi fəaliyyətinin müxtəlif növləri və onların qarşılıqlı münasibətləri siyasi proseslərin təzahürünə səbəb olur. Siyasi proses ümumiləşdirici mahiyyət kəsb edir. Sözün geniş mənasında siyasi proses anlayışı cəmiyyətin siyasi sisteminin bütün ünsürlərini və tərəflərini əhatə edir. Siyasi prosesin öyrənilməsi siyasi təsisatların və subyektlərin xüsusiyyətlərini dərk etməyə, siyasi fəaliyyətin mənasını başa düşməyə imkan yaradır. Ulu Öndərin fikrincə siyasi dəyişikliklərin səbəbi və məzmunu kimi səciyyələnən məsələləri özündə ifadə edən siyasi inkişaf və siyasi prosesin öyrənilməsi siyasi həyatı dinamik baxımdan nəzərdən keçirməyə imkan yaradır. Demokratiya, sosial-ədalət, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüskarlığı azadlığı, söz və fikir azadlığı, vicdan azadlığı,- bütün bunlar Ümummilli Liderin yeni cəmiyyət modelində mərkəzi yer kimi demokratiya anlayışına mənsubdur. Siyasi inkişaf bilavasitə cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri əks etdirir ki, o, siyasi sistemin yeniləşməsini ifadə edir. Məhz bu konsepsual yanaşmanı əsas götürən ulu öndərimiz Heydər Əliyev bütün Azərbaycan vətəndaşlarının mənəvi, ideoloji, siyasi vəhdətini özündə əks etdirən Azərbaycançılığı yaratdı. Həmin milli ideologiya siyasi həyatın yeni keyfiyyətinin, məsələn, totalitarizmdən demokratiyaya keçidin, siyasi rejimlərin dəyişməsinin təzahürü ilə bağlı idi.
Siyasi dəyişikliklərin başlıca mənbəyi çox vaxt cəmiyyətin siyasi sferasının özünə əsaslanır. Siyasi elmə aid ədəbiyyatda belə bir fikir nəzərə çarpır ki, siyasi inkişafın ən əhəmiyyətli səbəbi və mənbəyi siyasi dəyərlərlə siyasi təsisatlar arasında, həmçinin təsisatlarla siyasi proseslər arasında üzə çıxan uyğunsuzluqdur. Siyasi inkişaf cəmiyyətin siyasi sferasında müəyyən dəyişikliklər prosesi kimi səciyyələnir. Siyasi prosesin gedişində cəmiyyətin siyasi sisteminin bəzi elementləri təkrar oluna, eləcə də aradan qalxa və yarana bilər. Məhz bu baxımdan nəinki siyasi inkişafın, həmçinin siyasi fəaliyyətin xarakteristikası siyasi prosesin mahiyyətini və xüsusiyyətlərini nəzərdən keçirmədən mümkün deyildir.
Bir sözlə, siyasi proses ardıcıl dəyişiklikdir, hərəkətdir, siyasi həyatın inkişafıdır. Siyasi prosesdə baş verən dəyişikliklər siyasi həyat hadisələrində təcəssümünü tapır. Siyasi prosesi müxtəlif səviyyədə müəyyənləşdirmək olar. Əvvəla o, cəmiyyətin siyasi sisteminin mövcudluq formasıdır, onun təkamülüdür. İkincisi, siyasi proses hüquqi, iqtisadi, ideoloji və digər proseslərdən fərqlənən ictimai prosesdir. Üçüncüsü, siyasi sistem dedikdə müəyyən miqyasa malik olan prosesin son nəticəsi nəzərdə tutulur. Məsələn, hər hansı partiyanın formalaşması, prezident və parlament seçkilərinin keçirilməsi və s. bu qəbildəndir.
Hər bir cəmiyyət özünəməxsus spesifik siyasi prosesləri ilə fərqlənir. Zaman keçdikcə onların bəzisi keçmişdə qalır. Eyni zamanda elə siyasi proseslər mövcuddur ki, həmişə bütün siyasi sistemlərə nüfuz edir. Onlara vətəndaşların siyasi tədbirlərdə iştirakı, seçki kompaniyalarında, səsvermə prosesinin özündə, cəmiyyətin siyasi inkişafı, siyasi dəyişikliklər, siyasi sosiallaşma aiddir.
Ona görə ki, siyasi prosesin konkret məzmunu siyasi sistemin xüsusiyyətləri və mövcud siyasi rejimlə şərtlənir. Bu və ya digər siyasi sistem öz konkret tipləri ilə fərqlənir. Demokratik mahiyyət kəsb edən siyasi proses kütlələrin dövlət işlərinin və ictimai işlərin idarə olunmasında iştirakı və siyasi həyatda fərdlərin real azadlığı ilə səciyyələnir, – ölkəmizdə biz bunun canlı və real təzahürlərini görürük.
Ulu Öndərin böyük səyləri sayəsində Azərbaycanda yeni cəmiyyətin təzə modelinin qoyulmuş möhkəm əsası, təməli üzərində bu gün müzəffər Prezidentimiz İlham Əliyevin səmərəli və məhsuldar rəhbərliyi altında cəmiyyətin yeni modeli gündən-günə kamilləşir, yetkinləşir, ölkəmizin dünya demokratik birliyinə inteqrasiya yollarında inamla addımlayırıq.

İsgəndər Quliyev,
YAP Veteranlar Şurasının üzvü,
BDU-nun dosenti

