Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq
Artıq torpaqlarımızın işğal edildiyi tarixi deyil, Zəfər günlərimizi qeyd edirik
Yenilməz, məğrur xalqımız bugünkü xoşbəxtliyi ilə öyünür, vaxtilə itirilmiş qürurunun özünə qayıtmasından məmnunluq hissi keçirir, başı uca, alnı açıqdır. Bu sevinci xalqımıza yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli Azərbaycan Ordusu, «dəmir yumruq» kimi birliyimizdir. Hər zaman beynəlxalq qurumların apardıqları sorğuların nəticələrində xoşbəxt ölkə, xoşbəxt xalq kimi yer tutan Azərbaycan, Azərbaycan xalqı bu gün bu xoşbəxtlikdən qürurla bəhs edir. Dünyaya səs salan Zəfərimiz torpaqların əsl sahibinin kim olduğunu bir daha təsdiqlədi. 30 ilin işğalına son qoyub, düşməni diz çökdürən, Ermənistana və dünya dövlətlərinə tarix, hüquq, milli qürur dərsi olan 44 günlük İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı heç zaman torpaqlarının işğalı ilə barışmayacaqdı, onları azad etmək üçün vaxt lazım idi. O vaxt yetişdi. Azərbaycan bütün sahələrdə gücləndi, beynəlxalq hüququn bizim tərəfimizdə olduğu təsdiqləndi, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunaraq «Vətəndən pay olmaz ömürdən pay olar» prinsipini həyat amallarına çevirərək cənab İlham Əliyevin «hücum» əmrini yüksək səviyyədə dəyərləndirdi, silaha sarılaraq 30 il düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdilər. Budur, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü, xalqımızın yenilməzliyi, məğrurluğu.
Mayın 8-i Qarabağın ürəyi Şuşamızın işğal günüdür. Artıq bu günü deyil, onun işğaldanda azad edildiyi tarixi-8 noyabrı qeyd edəcəyik. Bu tarix dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı əsasında Zəfər günü kimi təsis olunub. 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra dəfələrlə işğaldan azad edilmiş torpaqlarımıza, o cümlədən Şuşamıza səfər edən, Cıdır düzündə Novruz tonqalını yandıran dövlətimizin başçısı İlham Əliyev bu sevinci xalqımızla bölüşməklə yanaşı, Cıdır düzündən işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırmışdır.
Sərxoş vəziyyətdə Cıdır düzündə yallı gedib xalqımızı təhqir edən Ermənistanın baş naziri Nikol Paşinyan bu təhqirin cavabsız qalmayacağını, Azərbaycanın zamanı çatanda işğalçı dövləti diz çökdürəcəyini çox yaxşı bilirdi. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini diz çökdürdü, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Regionda və dünyada yeni reallıqlar yaratdı. Bu gün diktə edən tərəf Azərbaycandır. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri gedir. Bu ərazilərimizdə təkmil idarəçilik sistemi mövcuddur. Cənab İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəsi fəaliyyət göstərir. Bu addım ilk olaraq Qarabağın tacı Şuşada atılıb. Cənab İlham Əliyev Şuşaya hər səfərində bu inamı ifadə edir ki, bərpa və quruculuq işləri yüksək səviyyədə həyata keçiriləcək, Şuşa qədimliyini qoruyacaq, qısa zamanda cənnətməkana çevriləcək.
«Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü: «O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.»
Son dəfə 39 il bundan əvvəl Şuşada olduğunu xatıladan cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza səfəri çərçivəsində mədəniyyət paytaxtında olarkən bildirmişdir ki, bu dəfə Müzəffər, qalib, düşmənin belini qıran Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm: «Qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik.»
Ermənilər torpaqlarımızda tarixi və dini abilərimizi yerlə-yeksan ediblər. Məscidlərimizdə donuz saxlayıblar. Məscidləri bu günə qoyan ölkə müsəlman ölkələrinin dostu ola bilməz. Azərbaycan bütün dinlərin məbədlərini qoruyur. Qeyd etdiyimiz kimi, Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
“Qarabağın incisi”, “Cənubi Qafqazın konservatoriyası”, “Qafqazın mədəniyyət məbədi” adlandırılan Şuşa şəhəri tarixi abidələrlə zəngindir. Şəhərdə 17 məscidi olan 17 məhəllə, 6 karvansara, türbələr, mədrəsələr və başqa mühüm tikililər mövcud idi. Ancaq bu tarixi abidələrin çoxu erməni işğalı dövründə dağıdılıb. Şuşada nisbətən salamat qalmış dini-tarixi abidələrdən biri də Yuxarı Gövhər ağa və ya Cümə məscididir.
Bütün dağıntılara, erməni vəhşiliklərinə rəğmən torpaqlarımızın işğaldan azad edilməsinin sevincini yaşayırıq. Dünya görsün ki, Azərbaycan illərdir necə vəhşi ilə üz-üzə olub. Hər bir addımında humanizm prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan bunun qarşılığında erməni vandalizminin şahidi olub. Təkcə çox da uzaq olmayan bir hadisəni, 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq Kəlbəcərin boşaldılması prosesini yada salaq. Apardıqlarını apardılar, apara bilmədiklərini yandırdılar. Ekoloji terror həyata keçirdilər. Hansı ki, həmin razılaşmaya görə ermənilər Kəlbəcəri noyabrın 15-də təhvil verməli idilər. Lakin Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan əlavə 10 gün əlavə vaxt istədilər ki, rahat köçmələrini təmin etsilər. Bu «rahatlıq» sən demə evlərin, ağacların yandırılması, bütün tikililərin yerlə-yeksan edilməsi demək imiş. Budur, ermənilərin əsl siması. Dünya görür və susur.
Xalqımız bu gün qürurludur. 2020-ci ilin noyabrında Şuşa şəhəri işğaldan azad olundu və son 28 ildə ilk dəfə olaraq soydaşlarımız məsciddə namaz qıla bildilər. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Gövhər ağa məscidinə baş çəkdilər. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş Qurani-Kərimi bağışladı. Qeyd etdiyimiz kimi, işğal vaxtı Yuxarı Gövhər ağa məscidi də dağıntılara məruz qalmışdı, ancaq orada artıq bərpa işləri həyata keçirilməyə başlanılıb. Azərbaycan ermənilərin dağıntılarını dost ölkələrin dəstəyi ilə bərpa edir. Tezliklə torpaqlarımız əvvəlki simasına qayıdacaq. Cənab İlham Əliyevin göstərişinə uyğun olaraq bütün yeniliklər bu ərazilərimizdə öz əksini tapacaq. «Ağıllı şəhər» və «ağıllı kənd» strategiyasının hazırlanması ilə bağlı Prezident Sərəncamı da bu məqsədə xidmət edir.
Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Bu günümüzün əsas tələbləri sırasında işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin qısa zamanda həyata keçirilməsi üçün Ermənistanın minalanmış sahələrin xəritələrini verməsidir. Bunun üçün beynəlxalq təşkilatlardan, dünyanın nüfuzlu dövlətlərindən Ermənistana beynəlxalq hüquq çərçivəsində təzyiq göstərilməsi dayanır. Azərbaycan xalqı torpaqlarının sahibi olaraq Böyük Qayıdışa hazırlaşır.

