Maska taxmaqla bağlı əhaliyə XƏBƏRDARLIQ
Koronavirus təhlükəsi ilə bağlı bu gün hər kəs qoruyucu maska taxır. Lakin insanların əksəriyyəti həmin maskalardan düzgün istifadə etmir. Bu isə virusun daha da artmasına səbəb olur. Bəs tibbi maskalardan istifadə qaydalarını hər kəs bilirmi?
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib:
“Günümüzdə maskadan düzgün istifadə etmək əsas məsələlərdən biridir. Maskaların müxtəlif təyinatı var. Hazırda insanların əksəriyyəti maskalardan düzgün istifadə etmir. Bəzi insanlar hətta aylarla eyni maskanı taxır.
Maskaların bəziləri 2-3 saatlıq, bəziləri bir neçə günlük, bəziləri isə yuyulan maskalar olduğundan onları yalnız yuyub, dezinfeksiya etdikdən sonra mütəmadi istifadə etmək mümkündür.
Əsas məsələlərdən biri də maskanı taxdıqdan sonra əl vasitə ilə müxtəlif təmasların olmasıdır. Əli natəmiz səthlərə vurduqdan sonra maskaya toxunmaq çox təhlükəlidir. Buna baxmayaraq, biz şahidi oluruq ki, maskanı taxdıqdan sonra onu aşağı-yuxarı edirlər, burunu açırlar. Bunların hamısı maskanın çirklənməsinə səbəb olur”.

