Əsas səhifə 

Tarixi nailiyyətimiz olan müstəqilliyimiz əbədi və sarsılmazdır

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsində təkcə 30 illik işğala son qoyulmadı, Azərbaycan Xalq Cümhuriyyəti fədailərinin də arzuları yerinə yetirildi

Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı zaman- zaman böyük imperiyaların əsarətində qalmağa məcbur edilsə də,
milli ruhumuzda əbədi yaşayan istiqlaliyyət, azadlıq duyğuları hər bir azərbaycanlı üçün müqəddəs sayılmışdır. Müstəqillik tariximizdə xüsusi rolu, xalqı arxasınca aparmaq qüdrətində olan fədailərin xidməti sayəsində 28 may 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) az müddətdə yaşasa da insanlara müstəqilliyin şirinliyini hiss etdirdi. Rusiyada çarizmin süqutundan sonra hakimiyyəti ələ alan bolşeviklər imperiya ərazisində yaranan mürəkkəb geosiyasi vəziyyətdən istifadə edərək Bakı neftini öz mənafeləri naminə zəbt etdilər. Belə gərgin bir dövrdə müstəqilliyini «Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir» sözləri yazılmış «İstiqlal Bəyannaməsi» ilə bildirən Azərbaycan mövcudluğunun ilk günlərindən bütün ölkə vətəndaşlarına bərabərlik prinsiplərinə əsaslanan eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq istiqamətində addımlar atıldı. Hökumətin qəbul etdiyi «İstiqlal Bəyannaməsi»ndə göstərilən sərhədlərin müəyyənləşdirilməsi, daxili əks inqilab və xarici irticaya qarşı mübarizə, milli ordunun yaradılması, diplomatik münasibətlərin formalaşması istiqamətində önəmli islahatlar aparıldı. Hökumətin xarici siyasəti müəyyənləşdirildi. Vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olundu, sosial ədalətsizliyin zərərli nəticələri aradan qaldırıldı. Başda Səməd bəy Mehmandarov olmaqla zəngin hərbi təcrübəsi olan Azərbaycan zabitlərinin səyi ilə çox çətinliklə də olsa az müddətdə 25 minə qədər müxtəlif silah-sursata malik piyada, suvari, topçu hissələrindən ibarət ordu yaradıldı. Bir neçə ay ərzində Xəzər dənizi üzərində səlahiyyətlərini formalaşdıran 6-7 gəmilik donanma yaradıldı. Təhsilə, səhiyyəyə, dəmir yolunun fəaliyyətinə, dağıdılıb sıradan çıxarılmış yolların bərpasına diqqət artırıldı. AXC varlığını yalnız öz içində deyil, sərhədlərindən kənarda da hiss etdirirdi. Dünyanın hər yerindən yeni yaranmış müsəlman ölkəsinə heyətlər, səfirlər gəlir, buradakı hüriyyəti gördükdən sonra siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin yaranmasına təşəbbüs göstərilirdi. İ.V.Stalinin «İki ilə yaxın bir müddətdə siz xalqınız üçün nə edə bilmisiniz» sualına M.Ə.Rəsulzadə cavabında bildirmişdir: « Biz çox şey edə bilmədik… Lakin biz milli azadılğın nə olduğunu xalqa başa saldıq. Biz xalqa imkan yaratdıq ki, milli müstəqilliyin dadını azacıq da olsa bilsin.»
AXC Azərbaycanın dilbər güşələrindən olan Qarabağda da siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı. Bu zaman yenicə elan olunmuş Ermənistan da Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. AXC hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov Osmanlı dövlətinin xarici işlər naziri ilə İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: «Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu, elə bir xanlığın ərazisidir, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq.» Hələ o illərdə mənfur niyyətlərinə çatmaq, Qarabağı ələ keçirmək üçün Mart hadisələri zamanı başladıqları soyqırımlarını davam etdirən ermənilərin vəhşiliyini, yaranmış vəziyyəti nəzərə alan Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunu yaratdı. X.Sultanov Qarabağın general-qubernatoru təyin edildi. Ermənilər general-qubernatorluğun yaradılmasına etiraz etsələr də
həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması təsdiqləndi. 1919-cu ilin sonları-1920-ci ilin yazında Zəngəzurda erməni-daşnak silahlı quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı basqınlar və kütləvi qırğınlar törətdilər. Ermənilər Tərtər çayının qabağını kəsərək başqa istiqamətə yönəldir və qəzanın aran kəndlərinin əkinlərini susuz qoyaraq, onlara böyük zərər vururdular. Hətta iş o yerə çatmışdı ki, aran kəndlərində içməli su belə çatışmırdı. AXC-nin belə çətinliklərlə qarşılaşmasına baxmayaraq öz gücü ilə müstəqilliyini qorumağa çalışırdı. Lakin imperiyanın işğalçılıq siyasəti nəticəsində AXC 23 aydan sonra süquta uğrasa da əməlləri ilə xalqımızın qəlbində əbədi yaşam haqqı qazandı.

«Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərinin ifadəsi olmuşdur. Bu, xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir» söyləyən ulu öndər Heydər Əliyev onu da bildirmişdir ki, müstəqilliyimiz uğrunda fədakarlıq göstərənlərin tarixi xidmətləri əvəzedilməzdir. Azərbaycan Xalq Cümhuriyyəti az müddətdə də olsa Azərbaycan dövlətçiliyinin bərpasında, müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi xidmətlər göstərmişdir. Ulu Öndərin «… Biz Azərbaycanda ilk demokratik respublikanın yaranmasında, qurulmasında göstərdiyi xidmətlərə görə Məmmədəmin Rəsulzadəyə, Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz təşəkkürümüzü bildiririk. Onların gördükləri işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyətləri bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır» sözlərini əməli işi ilə yaşadan Prezident İlham Əliyev AXC-nin qurucularının xatirəsini hörmətlə yad edir. «Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, «İstiqlal Bəyannaməsi»ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılması bu ehtiramın ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamı imzalamaqla bu əlamətdar günün hər il ümumxalq bayramı kimi qeyd olunmasını elan edən Prezident İlham Əliyev milli müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu bu sözləri ilə də diqqətə çatdırır: «XX əsrin əvvəlində dövlətçiliyimizin qısa tarixi olub. Həmin vaxt Azərbaycan Rusiya imperiyasının süqutu nəticəsində müstəqilliyini qazandı. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. İlk demokratik respublika 1918-ci ildən 1920-ci ilə qədər yaşadı. Baxmayaraq ki, bu kiçik bir dövr idi, lakin bir çox islahatları həyata keçirmək mümkün oldu. Bunlar müasir müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı.» 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan Azərbaycan özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, gerbi, himni bərpa edildi.

Ötən ilin sentyabr ayından başlanan İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə AXC fədailərinin Azərbaycanın müstəqilliyinin, torpaqlarımızın bərpası naminə istəkləri reallaşdı. 30 il işğal altında qalan torpaqlarımızın əsarətdən azad olunması, Qarabağda AXC-nin qəbul etdiyi bayraqların dalğalanması, Şuşada «Xarıbülbül» festivalının keçirilməsi, paytaxtımızda Hərbi Qənimətlər Parkının yaradılması, Prezident İlham Əliyevin «Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur», «Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq», «Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!» sözləri AXC fədailərinə xalqımızın vəfa borcudur. Respublika Günü münasibətilə Prezident İlham Əliyevin adına ünvanlanan təbrik məktubları dünyada qüdrətli dövlət kimi tanınan Azərbaycana göstərilən inamın ifadəsi, AXC qurucularının xatirələrinə əbədi ehtiram rəmzidir.

Daha çox xəbərlər