Sosial 

Biz ölmədik, xalqımızın qəlbinə, Vətənimizin tarixinə köçdük…

Şəhidin dilindən

Biz hələ uşaq ikən Qarabağ müharibəsindən, erməni vəhşiliyindən bəhs edən filmlərə baxdıqca, Şəhidlər xiyabanında uyuyan şəhidlərimizi ziyarət etdikcə körpə qəlbimizdə ermənilərə qarşı nifrət, qəzəb yaranır, hər birimiz böyüyəndə yağı düşməndən bunun heyfini alacağımızı düşünürdük. Biz böyüdükcə qəlbimizdəki nifrət, düşməndən intiqam almaq hissi daha da böyüyür, alovlanırdı. Böyüyəndən sonra Ali Baş Komandanın torpaqlarımızı azad etmək uğrunda “İrəli” əmrini intizarla gözləyirdik. Nəhayət, o gün gəlib çatdı. Mən də minlərlə gənc kimi torpaqlarımızın azadlığı uğrunda başlanan haqlı savaşımıza könüllü yollandım.

Məni müharibəyə uğurlayarkən anam – Vətən də sənin anandır, elə bil ananı dardan qurtarmağa gedirsən, düşmənə acıma, qan uddur, – dedi. Sonra məni bağrına basıb  – Allaha əmanət ol, südüm sənə halaldır, deyə pıçıldadı. Atamsa əlini çiynimə qoyub – torpaq namusdur, oğlum, ermənilərin murdar ayaqlarını torpaqlarımızdan kəsin. Kişi kimi vuruşacağınıza, bizim yarımçıq qalan görəvimizi tamamlayacağınıza əminəm, haqqım sənə halaldır, – dedi. Toxtaq dayanıb, büruzə verməsələr də, odun-alovun içinə getdiyimi, bu yolun dönüşü olmayacağı ehtimalını gözə alaraq, ata-anam bəribaşdan haqlarını mənə halal etdilər. Bunu hiss etdiyim üçün gülümsəyib diqqətlə baxaraq onları sanki gözlərimə köçürmək istədim.

Bu müharibə filmlərdə gördüklərimizə bənzəmirdi. Hər tərəf alov saçırdı, hər an ölümlə burun-buruna gəlirdik. Ancaq heç birimiz ölümdən qorxmur, o barədə düşünmürdük. Ac-susuz qaldığımız zamanlar da olurdu, yemək-içməyi belə unutmuşduq. Haqlı savaşımızda bircə hədəfimiz vardı-torpaqlarımızı son qarışınadək düşməndən azad etmək, yəni Böyük Qələbə! Bu amalla atılırdıq irəli odun-alovun içinə və birər-birər torpaqlarımızı azad edirdik. İtirdiyimiz silahdaşlarımızın-qardaşlarımızın acısı ürəyimizi göynətsə də, azad etdiyimiz torpaqlarımızın sevinci, qazandığımız qələbələrdən doğan ruh yüksəkliyi dərdimizə üstün gəlirdi.

Torpaqlarımızı azad edə-edə nəhayət, Şuşaya yaxınlaşdıq. Şuşanı heç vaxt görməsək də, onun alınmaz qala olduğunu, düşmənlərə baş əymədiyini, ermənilərin onu xəyanət nəticəsində əldə etdiyini müəllimlərimizdən və valideynlərimizdən öyrənmişdik. Vaxtilə düşmənlərin girə bilmədiyi Şuşaya onun əsl sahibləri olan biz-igid Azərbaycan oğulları böyük şücaət və mətanətlə girdik. O günə qədər yalnız şəkillərdə gördüyümüz Şuşaya girərkən yerdən bir ovuc torpaq götürüb qoxusunu ciyərlərimizə, sonra da tutya kimi gözlərimizə çəkdik. Gözəl Şuşamızı da düşmənin murdar caynağından xilas etdik – böyük Qələbə qazandıq, ancaq bu bizə çox igid oğullarımızın canı-qanı bahasına başa gəldi.

Mən də ağır yaralandım, hiss etdim ki, şəhadətə qovuşmağıma lap az qalıb, son dəqiqələrimi yaşayıram. Ancaq bu məni kədərləndirmirdi, çünki artıq Şuşa bizim idi və mən qalan torpaqlarımızın da azad olunacağına – Böyük Qələbəmizə əmin idim. Ağrılarımı hiss etmirdim, ruhum bədənimi tərk edir, yavaş-yavaş yüngülləşirdim. Əsgərlərin Qələbəmizdən doğan sevinc nidalarını eşidirdim. Bu səslər məni xoşbəxt edirdi, mən gülümsəyirdim… Gözlərimi Şuşanın azad, mavi səmasına dikmişdim… Bir anlıq ata-anam, bacı-qardaşım, sevdiyim qız gözlərimin önündən kino lenti kimi keçdi… Onlara yaşadacağım acı üçün üzüldüm, ancaq onların mənimlə fəxr edəcəklərini bilirdim, axı, mən Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olurdum… Son dəfə artıq dumanlanan gözlərimlə Şuşanın azad, mavi göylərini seyr edib, ətirli havasını ciyərlərimə çəkib, xalqımın xoşbəxt gələcəyinə əmin halda gözlərimi bu dünyaya əbədi qapadım.

Hərdən evimizə baş çəkirəm. Ata-anamı kədərli görmək məni çox üzür. Keçən gecə yenə evimizə getmişdim. Mən gedəndən sonra anam yenə də həmişəki kimi mənim yatağımda yatmışdı. Daha doğrusu, mənim ətrim hopan yastığımı sinəsinə sıxaraq qoxulaya-qoxulaya röyasında məni görmək ümidi ilə uyumağa çalışırdı. Atam evdə mənim şəxsi əşyalarımdan və şəkillərimdən düzəldilmiş guşədə böyüdülmüş şəklimin qarşısında dayanıb gözlərini şəklimə zilləyərək, kimsənin duymasını istəmədiyi üçün mənimlə, daha doğrusu, şəklimlə qəlbində danışırdı. Gözlərində dərin bir kədər vardı. Ancaq qəddi əyilməmişdi, duruşu şax, vüqarlı idi. Əlini qaldırıb çiynimi oxşayırmış kimi əsgər paltarımı çiyinlərində gəzdirdi. Sonra kədər qarışıq qürurla – Səninlə fəxr edirəm, oğlum, – deyə pıçıldadı. Bacım şəklim sinəsinin üstündə yuxuya getmişdi. Görünür yatmazdan əvvəl hər zamankı kimi yenə də şəklimlə danışıb, dərdləşmişdi. Rəngi solğun idi, mənim dərdim bacımı da xeyli sınıxdırmışdı. Hələ ibtidai sinifdə oxuyan kiçik qardaşım paltarımın içindən əsgər kəmərimi götürərək belinə bağlayırdı. Atam onun arzusu ilə kəməri qardaşımın belinin ölçüsündə kiçiltmişdi. Yatmış balaca qardaşımı görəndə gülümsədim, çünki yatanda da kəməri belindən açmamışdı. Qəhrəman saydığı böyük qardaşına, yəni mənə bənzəmək istəyən qardaşım yuxusunda mənimlə birlikdə mənfur düşməni məhv edirmiş kimi üzündə məmnun bir ifadə vardı.

Sonra sevdiyim qıza baş çəkdim. Güzgünün qarşısında dayanıb kədərlə gözlərinə baxırdı. Həmişə mən onun əllərindən tutub, gözlərimi qaçırmadan uzun-uzadı gözəl gözlərinə baxırdım. Bir dəfə – Nədən gözlərimə belə çox baxırsan, – deyə xəbər aldı. Mən zarafatla – Gözlərinə köçmək istəyirəm, – dedim. İndi o, gözlərində məni görəcəkmiş kimi diqqətlə güzgüdə gözlərinə baxırdı. Sonra əllərini ehtiyatla dodaqlarına yaxınlaşdırdı, sanki əllərində qalan əlimin istisinə, təmasına toxunmaq, oxşamaq istəyirdi.

Daha sonra azad olunmuş torpaqlarımızda gəzdim. Şükürlər olsun, bu torpaqlardan düşmənlərin ayağını kəsdik. Artıq yolların çəkilişinə, bəzi yerlərdə quruculuq işlərinə başlanılıb. Şuşada böyük abadlıq işləri aparılır. Yaxın gələcəkdə Ali Baş Komandanın rəhbərliyi və xalqımızın əli ilə bizim qanımızın töküldüyü bütün azad olunmuş torpaqlarımız abadlaşıb gülüstana çevriləcək. Xalqımız bu torpaqlarda firavan yaşayacaq. Bundan böyük xoşbəxtlik ola bilərmi?! Dövlətimiz, qədirbilən xalqımız biz şəhidləri unutmur, daim ehtiramla yad edir, böyük dəyər verirlər. Biz şəhid olub Allahın dərgahında ali məqama yüksəlməklə yanaşı, eyni zamanda, xalqımızın qan yaddaşında əbədi yaşayacağıq.

Biz ölmədik ki… Sadəcə, bu dünyadan xalqımızın qəlbinə, tarixinə köçüb, yeni şanlı tarix yaratdıq…

Daha çox xəbərlər