Doğma torpağımızı düşmənin əlindən alaq, ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq – Müstəqillik illərində bir amalla yaşayırdıq
28 May – Respublika Günüdür!
Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir
28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir tarixdir. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub. “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır” söyləyən Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və ehtiramın ifadəsidir.
Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq yenilməzdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi tarixi paralellər fonunda müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, müstəqillik yolumuzun heç də hamar olmadığının indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı. Bu reallıq xüsusi vurğulanmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair kimi mühüm işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Ancaq bütün bunlara baxmayaraq, 103 ildən artıq əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıb. İlk müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünə son qoyuldu.
Lakin azad, müstəqil yaşamaq istəyi olan xalqı heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il sonra Azərbaycan xalqının azadlıq istəyi daha da alovlandı, yenidən ayağa qalxdı, müstəqilliyini tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Xalqımız bu sevinci də uzun müddət yaşaya bilmədi. Belə ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. Müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçiliyi çıxardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni, parlaq səhifəsini açdı. Dövlətimizin başçısı İlham Əliyev bu il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında «Bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır» söyləyərək bildirmişdir ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?
Cənab İlham Əliyev bu məqamı da vurğulayır ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: «O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.»
1993-2003-cü illər həlledici illərdir. Həmin illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna başlanıldı. Nizami ordunun yaradılması, kadrların yetişdirilməsi istiqamətində önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Heç də təsadüfi deyil ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır. Ümummilli Lider hələ 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyəni ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək hər kəsi onun qorumağa çağırmışdı. Dahi şəxsiyyətin aforizmə çevrilən «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisinin həyatiliyini müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə daha aydın görürük. Reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın hansı vəziyyətdə olduğunu düşünmək çətin deyildi. Ölkə, xalq o zaman xoşbəxt olur, gələcəyə inamla addımlayır ki, onu düşünən, inkişafına, tərəqqisinə səy göstərən, imzasının imzalar arasında görünməsində maraqlı olan, ən əsası müstəqil siyasət yürütməyi bacaran, bütün hallarda dəyişməz mövqeyini ortaya qoyan Lideri vardır. Azərbaycan xalqı o xoşbəxtliyi yaşayan xalqlardandır. Hər zaman ölkəsinə, xalqına bağlı olan ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi barədə düşünmüş, tərəqqisi üçün bütün qüvvə və bacarığını ortaya qoymuşdur. Ümummilli Lider bildirmişdir: «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam.»
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs verdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın yekdil səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bildirmişdir ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Həyat onu göstərdi ki, son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atılıb, Heydər Əliyev siyasəti bütün istiqamətlərdə uğurla davam etdirilib. «Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var» söyləyən cənab İlham Əliyev bildirir ki, 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Müharibədən sonra yeni dövr başlayır: «Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.»
Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin müəyyənləşdirildiyini və əvvəlki illərdə əldə olunan uğurlar əsasında gələcəyə inamla addımlandığını təsdiqləyir.
Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Cənab İlham Əliyevin «Bizim yarışacağımız əsas tərəf müqabili zamandır» söyləməsi də səbəbsiz deyil. Çünki işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, sodaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Əsas olan bu ərazilərin minalardan təmizlənməsidir ki, bu da xeyli vaxt tələb edir. Dövlətimizin başçısı İlham Əliyev bir müddət əvvəl yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da Türkiyənin CNN televiziya kanalının «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki, mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir. Bütün güclər də səfərbər edilib. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»
Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkəmiz iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.
Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir. “Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri də Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı nikbin kredit reytinqi müəyyənləşdirirlər və bu, investorlarda inamı gücləndirir.
Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli iqtisadi siyasətin, islahatların məntiqi nəticəsidir. Azərbaycan qlobal pandemiya dövründə də dayanıqlı inkişafı təmin etmək istiqamətində ciddi addımlar atdı. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ilk günündən cənab İlham Əliyev islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq heç bir sosial layihənin təxirə salınmayacağını bildirmişdir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanmışdır. Bütün bu addımların uğurlu nəticələri bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında özünün aydın ifadəsini tapıb.
Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri də hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, ötən ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Əvvəldə də qeyd etdiyimiz kimi, Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 17 ilin bu sahədə əldə edilən uğurlara diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib.
Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır. Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmişdir və müsbət təcrübə kimi öyrənilir.
Ölkəmiz bütün sahələrdə təcrübəsi ilə nümunədir. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız artıq Böyük Qayıdışı gözləyirlər. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.
Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.
Tezliklə soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olacağıq. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrasına başlanılması, infrastruktur layihələrinin icrası, ən əsası dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşanın Cıdır düzündə «Xarıbülbül» musiqi festivalının bərpa olunması sahibinə qayıdan torpaqlarımızda yeni həyatın başlandığını, diqqət və qayğıdan ruhlanaraq qonaqlarını böyük sevinclə qarşıladıqlarını nümayiş etdirir. Ərazi bütövlüyünü bərpa edən, 30 ilin nisgilindən sonra torpaqlarına qovuşan Azərbaycan, Zəfərin mübarək!

