İdman 

H.Həmidov: “Jurnalistin uğur formulu onun yazılarındakı və çıxışlarındakı səmimiyyətdir” – VİDEO

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi – Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), Oxu.az və inSportPress-in birgə təşkilatçılığı, E-topaz-ın baş sponsorluğu, Media.az, İdman TV, Qazet.az və Estafet.az-ın informasiya dəstəyi ilə tanınmış jurnalist-bloqer, “Global Media Group”un Media direktoru Həmid Həmidovla “Jurnalistika və bloqinq” mövzusunda onlayn görüş keçirilib.

ARANTV.AZ  xəbər verir ki, Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi təşkil olunan onlayn görüşdə idman jurnalistləri, jurnalistika fakültələrinin tələbələri və məzunları iştirak edib.

Əvvəlcə AİJA-nın vitse-prezidenti, idman jurnalisti Anar Şabanoğlu söz alaraq Həmid Həmidovu 20 ildən artıq müddətdə tanıdığını, onun karyerasına idman jurnalisti kimi başladığını və bir müddət futbol üzrə milli komandamızda da çalışdığını xatırladıb, H.Həmidovun hər zaman ölkəmizin mənafeyini məntiqli, layiqli, dəlilli, intellektual yazıları və çıxışları ilə qoruduğunu vurğulayıb. Daha sonra AİJA-nın vitse-prezidenti və onlayn görüşün moderatoru Natiq Nəsirov iştirakçıları salamlayaraq sözü Həmid Həmidova verib.

Tanınmış jurnalist-bloqer idman jurnalisti kimi fəaliyyətə başlayandan bir müddət sonra bu sahədən uzaqlaşmaq haqda düşündüyünü, amma sonda iradə göstərərək yoluna davam etdiyini, futbol üzrə milli komandamızda çalışdığı dövrdə keçmiş baş məşqçi Berti Foqtsun azərbaycanlılara olan xoşagəlməz münasibətinə görə futboldakı fəaliyyətini çox qısa zamanda bitirdiyini deyib. Həmid Həmidov uğur formulunu – istər jurnalist, istərsə də bloqer kimi populyarlaşmasının sirrini yazılarındakı və çıxışlarındakı səmimiyyətlə əlaqələndirib.

Görüşdə iştirak edən Azərbaycan Futzal Federasiyasının mətbuat katibi, Vətən müharibəsi qazisi Mahal Məmmədov Həmid Həmidovla AFFA-da birgə çalışdıqlarını deyərək, uzun müddətdən sonra onu görməyə şad olduğunu bildirib. Dostluq əhval-ruhiyyəsində keçən onlayn görüşün sonunda Anar Şabanoğlu Həmid Həmidovun bu ay Şuşada möhtəşəm “Xarı Bülbül” festivalında olduğunu və doğma Qarabağımızdan gətirdiyi müsbət enerjini iştirakçılara da ötürdüyünü söyləyib, faydalı görüşə dəyərli vaxtını ayırdığı üçün “Global Media Group”un Media direktoruna təşkilatçılar adından təşəkkürünü çatdırıb.

Daha çox xəbərlər