Atalarının adını daşıyan şəhid övladları – FOTO
1 iyun ölkəmizdə uşaqların bayramı kimi qeyd olunur. Bayram sevincini yaşayanlar arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da var.
ARANTV.AZ xəbər verir ki, şəhid övladları atalarının qəhrəmanlıq yolunu davam etdirməklə yanaşı, onların adlarını əbədi yaşadırlar.
Vətən müharibəsindən sonra dünyaya gələn bir neçə şəhidimizin övladına qəhrəman atalarının adı verilib. Onlardan Anar Qorçuyevin övladı Anar, İntiqam Əsgərlinin övladı İntiqam, Turab Quliyevin övladı Turab, Həsən Həsənovun övladı Həsən, Nurlan Mustafayevin övladı Nurlan, Ramil Musayevin övladı Ramil və Elşad Məmmədovun övladı Elşad şəhid atalarının adını daşıyırlar.
Atalarının adını daşıyanlar arasında birinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına da rast gəlmək olar.
Qeyd edək ki, ötən ilin 27 sentyabrından bu günə qədər Azərbaycanda 91 şəhid övladı dünyaya gəlib. Onlardan 72-sinin ilkin xərcləri üçün anasının hesabına 1000 manat vəsait köçürülüb, 38-nin isə adına 5000 manatlıq hesab açılıb.
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Yeni doğulan şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanır və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara bilər.
Bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara və ya həmin məbləği istənilən valyutaya dəyişə bilər.










