Beynəlxalq Müdafiə Gününüz mübarək, əziz uşaqlar!
Bəlkə də uşaqlar yeganə varlıqlardır ki, hər kəs öz payına düşdüyü xoşbəxtliyi onlarla bölüşərək həyatlarının ən böyük həzzini yaşayırlar. Uşaqsız evi susuz dəyirmana bənzədən müdriklərimiz, əslində uşaqların ailədə və bütövlükdə cəmiyyətdə varislik prinsipinin qorunub saxlanlmasında əvəzolunmaz bir qüvvə olduğunu vurğulamağa çalışmışlar. Bütün bu prinsiplərin konseptual müstəvidə reallaşmasına hər daim diqqət ayıran Azərbaycan dövləti zaman-zaman müxtəlif dövlət proqramları qəbul etmiş, uşaqların xoşbəxt gələcəyinin təmin olunması istiqamətində bütün imkanları səfərbər etmişdir. Əsas bir məqamı qeyd etmək yerinə düşər ki, əvvəlki illərlə müqayisədə son zamanlar uşaq ölümlərinin azalması tendensiyası müşahidə olunur. Belə ki, son 10 ildə uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları qəbul edilərək reallaşdırılıb. 2014-2020-ci illəri ahətə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” Dövlət Proqramı icra olunub. Lakin beynəlxalq və yerli mütəxəssislərin qənaətincə bu sahədə qənaətbəxş səviyyədə nəticə əldə etmək üçün hələ xeyli işlər görülməlidir. Məhz bu səbəblə müasir standartlara cavab verən yeni səhiyyə müəssisələrinin yaradılması, yaşayış minimunun əhəmiyyətli dərəcədə artırılması və digər zəruru islahatların aparılması hesabına Azərbaycanda uşaq ölümünün minimuma endirilməsi qarşıya qoyulan ən əsas vəzifələrdən biri kimi dəyərləndirilir. Yenə də tibbi proqnozlara istinad etsək, gözlənilən odur ki, Azərbaycanda bu ildən etibarən bütün regionlarda icbari tibbi sğortanın tədbiqi sayəsində yaxın gələcəkdə uşaq ölümünün daha da kəskin şəkildə azalması mümkün olacaq.
Azərbaycan dövlətinin son illər həyata keçirdiyi təhsil islahatları da, nəticə etibarilə uşaqların xoşbəxt gələcəklərinin təmin olunmasına hesablanmış bir addım kimi dəyərləndirilir. Təhsilin inkişafının daha çox təkamül prinsiplərinə əsaslandığını nəzərə alsaq, ölkədə davamlı olaraq müasir standartlara cavab verən yeni məktəb və litsey binalarının tikilib uşaqların istifadəsinə verilməsi, Avropa təhsil sisteminin bütün elementlərini özündə ehtiva edən təhsil proqramlarının qəbul edilməsi və icrası Azərbaycan dövlətinin uşqlar barədə xoşbəxt gələcək ümidlərinin reallaşmasına hədəflənmiş bir siyasətdir.
Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyinin təmin olunması üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayırlar. Uşaqların hüquqlarının qorunması, onlara yüksək səviyyədə qayğı göstərilməsi üçün Heydər Əliyev Fondu beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Uşaq Fondu ilə uğurlu əməkdaşlıq yaratmış və bu istiqamətdə mühüm əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, erməni vandallarının torpaqlarımızın işğalı zamanı xeyli sayda uşaqlar da dünyalarını dəyişmişlər. Bu vəhşiliklər nəticəsində valideyinlərini itirmiş kimsəziz uşaqlar himayə olunduqları uşaq evlərinə və internat məktəblərinə yerləşdirilmiş, onların təhsil almaları, sağlam böyümələri Heydər Əliyev Fondu hesabına həyata keçirilmişdir. Uşaqlara göstərilən bu kimi dövlət qayğısı, nəticə etibarilə bu gün öz gözəl bəhrəsini verməkdədir. Belə ki, Ali Baş Komandan Cənab İlham Əliyevin torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyi əmirdən dərhal sonra, vaxtilə dövlətin qayğısı ilə ərsəyə çatmış “uşaqlar” silaha sarılaraq Azərbaycan xalqına tarixi qələbə sevinci yaşatdılar.
Hər il oluğu kimi ölkəmizdə və dünyada bu gün, 1 iyun Uşaların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Əslində uşaqlar elə məsum varlıqlardır ki, onlar bütün günlərini bayram əhval-ruhiyyəli keçirməyi haqq edirlər. Bu haqq öncə onlara Uca Tanrıdan hədiyyə edilsə də, təəsüf ki, bəzi hallarda uşaqlara hədiyyə edilmiş bu ilahi haqq dünyanın müxtəlif nöqtələrində onlardan zorla alınır, bəzi valideyinlərin etinasızlığı, cəmiyyətdə mövcud olan sosial ədalətsizliklər səbəbindən uşaqlar acı mərhumiyyətlərlə üz-üzə qalırlar. Bütün bu neqativ proseslərin axınında böyüyən uşaqlar müxtəli psixoloji-fiziki travmalar alır, onların gələcəkdə normal bir şəxsiyyət kimi formalaşması, cəmiyyətə inteqrasiya olmaları mümkün olmur. Nəzərə alsaq ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması məqsədilə Vətən Müharibəsini zəfərlə başa vurdu, builki 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü əvvəlki illərlə müqayisədə daha təntənəli, xüsusi qələbəliklə qeyd olunur. Bu təntənəni, qələbəliyi əbədi etmək, uşaqların gələcəyini daha etibarlı şəkildə təmin etmək üçün dövlət və fərd olaraq hələ qarşımızda böyük vəzifələr durmaqdadır. Əsas odur ki, uşaqlarımızın, qayğısız, təbii uşaqlıq dövrlərini yaşamaları üçün üzərimizə düşən vəzifənin məsuliyyətini dərindən dərk edək. Düzgün tərbiyə, anaya, vətənə sevgi hissləri təlqin etmək və isti münasibətdən keçir uşaqlarımızın gələcəkdə vətənə, millətə layiq bir şəxsiyyət kimi yetişmələri. Tanrının təmannasız olaraq uşaqlara əta etdiyi gözəlliyə bizlər də biganə qalmamalı, onların azad və xoşbəxt böyümələri üçün bütün imkanlarımızı əsirgəməməliyik. Dahilərdən birininin “kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq” qənaəti, zənnimizcə bu kiçik yazı parçası vasitəsilə uşaqlar üçün qurmaq istədiyimiz xoşbəxt bir dünyanın açarı ola bilər. Açarı bizlərin əlində olan bu dünyanı gəlin hamılıqla uşaqların üzərinə sevgi ilə, mərhəmətlə açaq. Gününüz mübarək olsun əziz uşaqlar!
Şeyda Əzizova
“Aran Media” qəzetinin baş redaktoru
Açarı bizlərin əlində olan bu dünyanı gəlin uşaqların üzünə sevgi ilə açaq!

