Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq – Prezident İlham Əliyev
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərlə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini insanlığa dəyər kimi qiymətləndirmiş, donor təşkilatlarını ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır
Kabus kimi hələ də dünyanı dolaşan, yaratdığı ciddi təhlükələrlə superləri belə «nə etməli» sualı ətrafında düşünməyə məcbur edən, milyonlarla insanın həyatına son qoyan COVID-19-un planetimizdə yaratdığı risklər davam etməkdədir. Ümumi evimiz olan planetimizdə pandemiyaya qarşı mübarizədə tətbiq etdiyi «Azərbaycan modeli» ilə nümunə göstərilən ölkəmizdə koronavirusa qarşı mübarizə ilk gündən kompleks plan əsasında həyata keçirildi. İnsanların gündəlik həyatlarını, məişətini özünün tələbinə uyğunlaşdıran pandemiya dövlətlərin iqtisadiyyatına da «əl gəzdirdi.» Dövlətlərarası münasibətlərdə belə özünün əsas şərti olan «məsafələrin» saxlanılmasını tələb edən pandemiyadan zərər çəkən ölkələr hələ də sarsıntı içərisində qalmaqla iqtisadiyyatlarını normallaşdırmaq üçün yollar axtarırlar.
2000-ci illərin əvvəllərində yaranan iqtisadi böhrandan daha az itki ilə çıxan ölkəmizdə pandemiyaya qarşı mübarizənin ilk günlərindən dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan köklü islahatların həyata keçirilməsi sürətləndirildi. Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda 13 modul tipli səhiyyə ocaqları, «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Yeni yoluxmuş xəstələrin həyatlarını ilk mərhələdən etibarən qorumaq üçün hər cür imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza gətirildi. Dünyanın ən tanınmış təcrübəli həkimləri ölkəmizə dəvət edildi. Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Humanitar siyasəti, tolerantlıq təcrübəsi ilə dünyada sayılıb-seçilən ölkələr arasında ilk sıralarda yer alan Azərbaycan pandemiya dövründə də multikultural ənənələrinə sadiq qaldı. «Pandemiyanın ikinci, üçüncü dalğası», müxtəlif ölkələrdə « zühur edən» fərqli ştammlar haqqındakı xəbərlərin yayıldığı zamanlarda belə virusun fəsadlarına qarşı mübarizəni sərtləşdirən Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı. Azərbaycanın humanizmi siyasəti nümunə göstərildi. Vaksinlərin əlçatanlıq əsasında bölgüsünü ədalət prinsipinə sadiqlik adlandıran Prezident İlham Əliyevin bərabərlik çağırışları beynəlxalq səviyyədə dəstəkləndi.
Pandemiyaya qarşı mübarizənin səmərəliliyinə görə dünyada dördüncü yerdə dayanan, 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına, 5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardım üçün nəzərdə tutulan 10 milyon dollar məbləğində könüllü ianə ayıran «Azərbaycan modeli»nin ÜST tərəfindən nümunə kimi təqdim olunması, ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Pandemiya dövründə Türk Şurasına, Qoşulmama Hərəkatına daxil olan dövlətlərin rəhbərləri ilə videoformatda keçirilən Zirvə görüşlərindən sonra hər iki qurumun sədri olan Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, BMT İnsan Haqları Şurasının 46-cı sessiyası çərçivəsində Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü ilə bağlı «COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamənin qəbulu hər zaman humanist çağırışları ilə dəstək qazanan Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin vaksinlərin bütün ölkələrin xalqlarına ədalətlilik prinsipləri əsasında bölünməsi ilə bağlı çağırışı da xalqımızın humanizmə sadiqliyinin ifadəsidir. Prezident İlham Əliyevin «Doğrudan da əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə etməlidirlər? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək?» sözləri beynəlxalq ictimaiyyətə ünvanlanan ədalətə çağırışdır.
Yeni yoluxma hallarının azaldığı ölkəmizdə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə könüllülərin sayının artması müsbət nəticəsini verir. Respublikamızda əhali arasında, təşkilatlarda kütləvi həyata keçirilən vaksinasiyanın davam etdirilməsi pandemiyaya qarşı ən təsirli mübarizə vasitəsidir.
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günlərindən Azərbaycanda həyata keçirilən profilaktik tədbirlərdən, davam edən vaksinasiyanın əhəmiyyətindən bəhs etmişdir. «Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi «Sinovak»”, qalanı isə «AstraZeneca»” və «Sputnik»” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Biz 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsini alqışlayırıq» söyləyən Prezident İlham Əliyev ÜST-ün ötən il Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını təşkilatla birgə fəaliyyətin uğuru adlandırmışdır. Pandemiya ilə mübarizədə qlobal həmrəyliyin əhəmiyyətindən bəhs edən, Azərbaycanın təşəbüsü ilə Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin rəhbərlərinin iştirakı ilə videoformatda keçirilən Zirvə toplantılarını xatırladan,150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını yüksək qiymətləndirən Prezident İlham Əliyev peyvəndlərin bölünməsində ədalət prinsipinə sadiqliyin bu gün daha vacib olduğunu bir daha diqqətə çatdırmışdır. «Davam edən «peyvənd millətçiliyi»”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür» söyləyən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirlməsini insanlığa dəyər adlandırmış, inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.

