Heyf səndən, Məhərrəm!..
Şəhidlik taleyini özü öz əlləri ilə yazan əsl insan haqqında rekviyem
Bəd xəbər dünya jurnalist cameəsinin qapısını döyən andan onun haqqında düşüncələrimi bölüşməyə çalışmışam. Amma nə qədər cəhd etsəm də ürəyimdən keçənləri kompüterin monitoruna köçürə bilməmişəm. Təkcə ona görə yox ki, Məhərrəmlə birlikdə çalışmış, onun yüksək insani keyfiyyətlərinə, qibtə olunmalı peşə qabiliyyət və davranışına, ən əsası əksər həmyaşıdlarına nümunə ola biləcək əxlaqına, tərbiyəsinə dərindən bələd olan AZƏRTAC-ın keçmiş və indiki əməkdaşlarının hamısı kimi, mən də səsi daim ən qaynar nöqtələrdən, odun-alovun içindən gələn bu cəsur həmkarımızın yoxluğuna inanmıram. Həm də ona görə ki, Məhərrəm haqqında keçmiş zamanda danışmaq çox çətindir. Ona görə çətindir ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən şəhidlik zirvəsinə ucaldığı anadək informasiya müharibəsinin öncülü kimi daim savaşın ön xəttində qəhrəman əsgər və zabitlərimizlə birgə addımlayaraq, özünün təbirincə desək, Qarabağ Zəfərimizin tarixini yazan Azərbaycan Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Məhərrəm İbrahimov bütün varlığı ilə bugünün və gələcəyin jurnalisti idi.

Heyhat, neyləmək olar… Üzü dönsün ayrılığın. Bu gün istəsək də, istəməsək də onun haqqında söhbət açanda “idi” ifadəsini, necə deyərlər, geninə, boluna işlətməyə məhkumuq. Təəssüf, çox təəssüf! Elə bu təəssüflər burulğanında mən də o qədər də uzun olmayan zaman kəsiyində-2007-ci ilin aprelindən 2015-ci ilin fevralına qədər AZƏRTAC-da birlikdə çalışdığımız müddətdə onunla bağlı yaddaşıma, düşüncəmə hopmuş saysız-hesabsız şirin xatirələri kino lenti kimi bir-bir gözlərimin önündən keçirir, sanki o günləri yenidən yaşayıram. Həqiqətən də unikal insan idi Məhərrəm. Heç vaxt, hətta ən gərgin anlarında belə mehriban çöhrəsindən gülüş, təbəssüm əskik olmazdı. İşgüzarlığı, zəhmətsevərliyi, sevib-seçdiyi jurnalist peşəsinə qəlbən vurğunluğu həmyaşıdlarına nümunə idi.

Onun üçün gecə-gündüz, iş, istirahət günləri anlayışları yox idi. Nə vaxt axtarsan ölkənin güc sturukturlarının yerləşdikləri ünvanlarda-ya Müdafiə Nazirliyinin təlim, tədris yerlərində, ya da Fövqəladə Hallar Nazirliyinin müxtəlif mərkəzlərində, xüsusilə təbii fəlakətlərin və texnogen qəzaların baş verdiyi ərazilərdə, bir sözlə, qaynar nöqtələrin tən ortasında tapardın onu. Rəngarəngliyi, aktuallığı, operativliyi, axıcılığı ilə seçilən informasiyalarını, analitik yazılarını redaktə etmək AZƏRTAC-ın hər bir redaksiya müdiri, o cümlədən bəndəniz üçün çox xoş idi. Hərdən “Yekun”un verilməsinə yaxın, gecə saatlarında gərgin iş günündən sonra kompüteri söndürüb evə getməyə hazırlaşdığım zaman bir də görürdüm gülə-gülə qapıdan girib “Müəllim, bağışlayın, indicə tədbirdən gəlirəm, yazımı göndərsəm baxarsınızmı?”,-deyə soruşardı. Mən isə cavabımda “Əlbəttə, Məhərrəm, göndər, sənin yazılarını oxumaq mənim üçün çox xoşdur” deyib, bütün yorğunluğumu unudar, onun qələmindən çıxan informasiyanı məmnuniyyətlə redaktə edərdim. Şənbə, bazar, bayram günlərindəki növbətçilik zamanı isə agentliyin poçtuna ard-arda daxil olan xəbər və analitik yazıları növbətçi redaktorları, necə deyərlər, darıxmağa qoymazdı.

Bugünkü kimi yadımdadır. Bakının “Sovetski” deyilən ərazisindəki 17 mərtəbəli binanın çökməsi zamanı üç gün, üç gecə hadisə yerində qalmış, qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlər haqqında xəbərləri bir-birinin ardınca telefon vasitəsilə operativ surətdə agentliyə çatdırmışdı. Üç gündən sonra onun evinə getmədən fövqəladə vəziyyət yerindən birbaşa redaksiyaya qayıtması, yuxusuzluqdan və yorğunluqdan gözlərinin altı şişsə də heç nə olmamış kimi yenidən kompüterin monitoru arxasına keçərək peşə fəaliyyətini davam etdirməsi hamımızı sözün əsl mənasında heyrətləndirmişdi. Başqa bir fakt. Onu kurasiyasında olan güc sturukturlarının-Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd və Miqrasiya xidmətlərinin əməkdaşları özlərinin doğmaları hesab edər, görməyəndə darıxardılar. Şəxsən mən o, məzuniyyətdə olarkən və başqa səbəbdən işə çıxmayanda bu qurumlarda keçirilən tədbirlərdə iştirak edərkən tez-tez qarşılaşdığım sual bu olurdu: “Bizim Məhərrəm nə vaxt işə çıxacaq?” Bax, belə bir insan, belə bir jurnalist idi Məhərrəm!

Eyni zamanda, qibtəolunacaq dərəcədə həyatsevər, şən, zarafatcıl, bir sözlə, agentlikdə hamının dediyi kimi, əsl məclis adamı idi. Həmyaşıdları İsa, Səxavət, Elvin və Abdulla Suvarla bir məclisdə olanda onların deyib-gülmələrindən, şən zarafatlarından, necə deyərlər, qulaq tutulardı. Zarafatlarında heç vaxt “sərhədi” keçməzdi. Ümumiyyətlə, AZƏRTAC-da çalışdığım müddətdə heç vaxt kiminsə onun dilindən inciməsinin, kiminsə ünvanına bir kəlmə söz deməsinin şahidi olmamışam.
Bütün məclislərin yaraşığı idi Məhərrəm. Əməkdaşlarımızın toy-düyünlərində, yaşlı işçilərin övladlarının xeyir işlərində kollektiv rəqslərimizin son akkordlarını “görək kim-kimi yordu” yarışı şəklində, məclis iştirakçılarının gurultulu alqışları altında agentlikdə hamının zarafatla “Velikolepnaya tpoyka” adlandırdığı “Məhərrəm, İsa, Səxavət üçlüyü” vurardı. Məhərrəmin özünün toyunda bu “Velikolepnaya tpoyka”nın qopardığı “fırtınanı” günü bu gün də həmin şənliyin iştirakçıları ən yaddaqalan epizod kimi xatırlayırlar. İlk övladı Uğurla fəxr edər, onun varlığını həyatının ən böyük uğuru adlandırardı.

İyunun 7-də şəhid jurnalistin üç mərasimində böyük qardaşı, həmkarımız Əsgər İbrahimovun dilindən eşitdiyim bu sözlər hələ də qulağımda əks-səda verməkdədir: “Sən bir taleyə, qismətə bax ki, qardaşımın adını, soyadını daşıdığı babamız Məhərrəm İbrahimov da 39 yaşının tamamında, eynən indiki kimi iyun ayında müharibədə həlak olub. Fərq yalnız ondadır ki, baba Məhərrəm İbrahimov XX yüzilliyin 40-cı illərində, İkinci Dünya müharibəsində uzaq Xarkov şəhərində alman faşistləri ilə döyüşdə, nəvə Məhərrəm İbrahimov isə XXI əsrin 20-ci illərində Azərbaycanın tarixi Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsinin yekunu olaraq işğaldan azad edilmiş yaxın Kəlbəcər rayonunun ərazisində Hitler faşizmindən də qəddar erməni faşizmi ilə apardığı informasiya savaşında şəhid olub.”

… Ümumiyyətlə, sən sürprizlərlə dolu bir həyat yaşayırdın, Məhərrəm! İyunun 1-də növbəti ezamiyyət yerindən- işğaldan azad edilmiş ərazilərimizdən həyat yoldaşına zəng edərək deyibsənmiş ki, yaxın günlərdə sənə sürpriz edəcəyəm. Sürprizin bu idimi, Məhərrəm?! Elə isə şəhidliyin mübarək, İbrahimovlar ocağına layiq Vətən OĞLU, fədakar JURNALİST, sədaqətli DOST, vəfalı ƏR, övladcanlı ATA! Hamı kimi mən də bilirəm və tam əminəm ki, sən həyatdan vaxtsız, arzuları, ümidləri çilik-çilik olmuş vəziyyətdə nakam getməyindən qətiyyən peşman deyilsən! Çünki sən bu şəhidlik taleyini özün öz əllərinlə yazmısan! Uca Tanrıdan sənə və bütün şəhidlərimizə rəhmət diləyi ilə:



