Davos Forumunun fəal və arzuolunan qonağı: Azərbaycan
Ümumdünya İqtisadi Forumu 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclasdır. Forum İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün adətən Davos Forumu adlandırılır. Forum dünya dövlətlərini narahat edən başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün yaxşı platforma hesab olunur.
Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və 3-4 gün davam edir. Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün əlverişli imkanlar yaradılır. Ümumdünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. 2005-ci ilin yanvarında Forum çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat da təsis olunub. Ümumdünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir. Hər il müxtəlif devizlər altında təşkil olunan forumlar ilin ilk ayında- yanvarda keçirilir. Forumlar üçün seçilən mövzular aktuallığı ilə diqqət çəkir. Məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında – potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.
Tarixə qayıdış: Azərbaycan ilk dəfə Davosda
1995-ci ilin 27-31 yanvar tarixlərində ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərində işgüzar səfərdə oldu. Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirildi. Görüş çərçivəsində ulu öndər Heydər Əliyev ölkəmiz haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandırdı. Ümumiyyətlə, Forum Azərbaycan həqiqətlərinin və onun iqtisadi potensialının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynadı.
Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışı zamanı ölkəmizin əməkdaşlıq üçün açıq olduğunu bildirib: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.” Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açıdığını vurğulayan ümummilli lider Heydər Əliyev ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak etmişdir.
Bakı ev sahibi kimi
Olduqca qürurverici haldır ki, Forum yalnız iki dəfə davosdan kənarda keçirilmişdir: 2002-ci ildə ABŞ-da baş verən terror aktına etiraz əlaməti olaraq Nyu-Yorkda və 2013-cü ildə isə Bakıda.
Forumun Bakıda keçirilməsinin yalnız bir səbəbi var idi – ölkəmizin iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər.
“Dayanıqlı dinamizm” devizi altında Bakıda keçirilən 43-cü Davos İqtisadi Forumu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr olnumuşdu. Bu mövzunun məhz Bakıda müzakirə edilməsi də təsadüfi deyildir. Avrasiya məkanı ilə bağlı taleyüklü məsələlərin Bakıda müzakirə olunması Azərbaycan bu məkanda mühüm mövqeyi ilə bağlıdır.
49-cu Forum necə keçdi?
110 ölkədən 3 mindən çox iştirakçını bir araya gətirən budəfəki forum “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında təşkil edilmişdi. Forumun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxil edilmişdi.
Forumda iştirak edən Azərbaycan Prezidenti bir çox beynəlxalq şirkət və dövlət, hökumət başçıları ilə görüşlər keçirdi, Rusiyanın “Rossiya 1” və Çinin CGTN televiziya kanallarına müsahibə də verdi və forum çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak etdi.
Həmişə olduğu kimi bu dəfə də Azərbaycan prezidentinə Forumda maraq olduqca yüksək di. Azərbaycan üçün də Forumda aktiv iştirak mühüm əhəmiyyət kəsb edirdi. Burada keçirilən görüşlər, iclaslar Azərbaycanın iqtisadi potensialı, ölkəmizdəki investisiya imkanları, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin auditoriyaya, dünya birliyinə çatdırılmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, “Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali, “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin, “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas, “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat, “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə ümumilikdə 16 görüşü olub.
Eyni zamanda dövlətimizin başçısının İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Gürcüstanın Baş naziri Mamuka Baxtadze və həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Paşinyanla keçirilən görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə reallaşıb. Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilir. Eyni zamanda müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gələcək istiqamətlərinin müəyyənləşməsində ümumi işin xeyrinə ola bilər.
İş adamları, şirkət rəhbərləri ilə keçirilən görüşlərin isə Azərbaycanın ixrac potensialının realizəsi və ölkəmizə yeni investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyəti vurğulanır.
Ümumiyyətlə isə Azərbaycanın Forumun işində fəal iştirakı, eləcə də iqtisadi nailiyyətləri və inkişaf modeli ilə tanışlıq imkanı ölkəmizə xüsusi marağın olması ilə müşayiət olunur.
Vüsal Məmmədov

