ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər
ARANTV.AZ xəbər verir ki, ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər. Bildirilir ki, Bakıya hücum zamanı ən ciddi insan hüquqları pozuntularına yol verilib.
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Stiv Kohen Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı bəyanatda bildirilir ki, həmin gecə sovet hərbçiləri silahsız azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla dinc nümayiş iştirakçılarını fərq qoymadan atəşə tutub. Bu qəddar hərəkətlər nəticəsində 147 nəfər həlak olub, 800-ə yaxın insan yaralanıb. Konqresmen “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinadən vurğulayır ki, Bakıya hücum zamanı ən ciddi insan hüquqları pozuntularına yol verilib. Konqresin digər üzvü Stiv Şabot da bəyanatında 29 il əvvəl sovet qəddarlığı nəticəsində qətlə yetirilmiş insanları xatırlayıb, Azərbaycanın bu tarixi və faciəvi gününü yad edib. Bəyanatında bu hücumu Azərbaycanda müstəqillik hərəkatını boğmağa və sovet ittifaqını qorumağa cəhd kimi dəyərləndirən Stiv Şabot bu faciənin Azərbaycanda və digər respublikalarda müstəqillik hərəkatlarına təkan verdiyini bildirib. O, Konqresin digər üzvlərini də Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.

