Müqəddəsliyə xidmət müqəddəslikdi
Dilim söz tutalı, əlim qələm tanıyalı ruhumun Kəbəsinə dönən vətənpərvərlik işığı məni də özünə çəkməkdədi. “Vətən müharibəsi şəhidləri”ni salama tələsirik.
Dünyaya ürəyinin gözüylə baxanlara əsən yellər, daşan sellər, açan güllər, yarpaq-əllər, aylar-illər deyir ki, şəhidlik əbədilikdi, şəhidlik mənəviyyat ucalığıdı, şəhidlik dövlətçiliyə, dövlətə, xalqa sədaqətin salavatıdı; müqəddəsliyə xidmət də müqəddəslikdi. Vətən müharibəsi şəhidlərinin amalının, həyat-ömür fəlsəfəsinin davamı bilirəm; ömür kəlməsinin ən uyarlı yozumlarından biri şəhidliyə ehtiramdı. “Vətən müharibəsi şəhidləri” bu ehtiramın kitabıdı…
“Vətən müharibəsi şəhidləri” kitabının təqdimat tədbiri müqəddəsliyə biət duasıdı…
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Vətən müharibəsində şəhid olanların əzizlərini, hərbi qulluqçuları, ictimaiyyətin nümayəndələrini sözün – “Vətən müharibəsi şəhidləri” kitabının işığında əbədiyaşarların xatirəsinə ehtiram sükutuna dəvət edir. Müqəddəs sükutdu…
Müəllif, tərtibçi-redaktor polkovnik Abdulla Qurbani deyir ki, bu kitab mənim Vətən müharibəsinin şəhidlərinə vəfa borcumdu. Bu layihə 7 kitabda cəmlənəcək…
Şuşada təqdimatda “Vətən müharibəsi şəhidləri” kitabının ilk nüsxəsi Şuşada Gövhər ağa məscidində Qurani-Kərimin yanında yer alan anlarda məsciddən azan səsi gəlib (bu təsadüfə şəhidlərimizin ruhuna Tanrı duası, “Vətən müharibəsi şəhidləri” xatirə-ensiklopediyasına tanrı xeyir-duası deyərdim). Yüksəklik, ucalıq müqəddəslikdi. Bu kitabın Şuşada – Zəfər gününün ad daşıyıcısı olan şəhərdə keçirilməsi də bəşəri niyyətə xidmətin şükranlığıydı, şübhəsiz. “Müqəddəslik üçün döyüşdük, müqəddəsliyin yaşarılığı üçün şəhid olduq. Hamımızı bir sevgiyə silahdaş, yoldaş, qardaş eləyən bu kitab müqəddəsliyin kitabıdı. Onun ilk səhifəsi Gövhərağa məscidindən gələn azan səsi oldu…”, – mənə elə gəlir ki, o anlarda Vətən müharibəsinin şəhidlərinin ruhu göy üzünü bu gözəl kəlmələrlə süsləyib…
“Vətən müharibəsi şəhidləri” kitabının təqdimat tədbiri Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Ruslan Tağıyevin anımı ilə başlayır. Aparıcı (Abdulla Qurbani) deyir ki, bu, təsadüfün fəlsəfəsidi, yəni, bütün şəhidlərin ad gününü qeyd etməyi özümə mənəvi və vətəndaşlıq borcu bilirəm. Bu gün doğum günü olan şəhid kəşfiyyatçını elə burada, onun da haqqında məlumat verilmiş kitabın təqdimatında anılması zərurətinə biət gətiririk. İsmayıllıdan başlayan ömür yolu Laçın rayonunda tamamlandı. 2020-ci il noyabrın 4-də. Yox, günah elədim, noyabrın 4-ündə Ruslanın son nəfəsi əbədiyyətə aparan yolun başlanğıcı oldu; “Vətən müharibəsi şəhidləri” xatirə-ensiklopediyası da deyir ki, müqəddəsliyin yaşamı üçün döyüşənlər, müqəddəslik naminə şəhid olanlar əbədiyyət yolunun yolçularıdırlar…
Tədbirdən əvvəl Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və şəhidin ailə üzvləri, döyüşçü yoldaşları Şəhidlər xiyabanına gedib, unudulmaz döyüşçünün məzarını ziyarət ediblər.
Şəhid zabitin atasının çıxışı toplaşanlara bir gerçəkliyi bir daha yaşatdı: Zəfər ağır itkiyə təsəllidi, torpaqlarımızın işğaldan azad edilməsi oğul itkisinin, ata itkisinin ağrı-acılarına məlhəmdi. Şəhid zabitin atası Fuad, anası Lətifə xanım Vətən uğrunda şəhid olanların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər…
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikrin yaşarlığının təsdiqi kimi izlənilir: “…Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”. Hamı bir daha əmin olur ki, “Vətən müharibəsi şəhidləri” Vətən müharibəsi şəhidlərinin amalının, həyat-ömür fəlsəfəsinin davamıdı. “Tarix yazıb tarixləşən oğullar” (Abdullla Qurbani) haqqında yazılanlar dövlətçiliyə (dövlətə, Vətənə) xidmətdi.
Aparıcının (A.Qurbani) “Burada könlün kimi istəyir, gözəl balam?” sualına şəhid zabitin 3 yaşlı qızı Nurayın cavabı gözlərdən yaş dərir: Nuray “Atamı…” – deyir. Deyir və dönüb atasının portretinə baxır. Yəni, hardasan, ay ata, gəl, gəl ki, boynuna sarılım, gəl ki, əllərin dağınıq saçlarımın sığalı olsun…
General-mayor Hilal Nəcəfov şəhid zabitin üç övladına hədiyyələr verir. Hədiyyəni kövrəkliklə qəbul edən uşaqlar “Vətən müharibəsi şəhidləri” kitabını bağrına basır; bu kitab onların ömrünün cığırdaşı olacaq…
Aparıcı tədbirin axarını Zəfərdən sonra da yaşadılan qələbə ruhuna kökləyir. Kitabın böyük ölçülü üz qabığını analar bəlkə də “nəfəs dərmədən” gözlərinə köçürür, “Balamın ruhu burdadı, xatirələri ordadı, özü ürəklərdədi” kövrəkliyiylə… Aparıcı özünün yazdığı “Ağlama, anam, ağlama” şeirinin misralarının kövrəkliyiylə kövrələn analara yaxınlaşır. Hamı üç şəhid anasının əhatəsində şəhid oğulların qardaşı bilir Abdulla Qurbanini. “Abdulla da sənin balan, ağlama, anam, ağlama” misrası üç ananı, bir balanı nə qədər doğmalaşdırmışdı, nə qədər!…
Az sonra o analardan biri “Vətən müharibəsi şəhidləri” kitabı təqdim ediləndə məlum olur ki, Dərələyəzdəndi ana. Və bu ifadə aparıcını əvvəlcədən nəzərdə tutulmayan bir məqama yönəldir: dərələyəzli xanəndəni – Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti Nigar Rəhimovanı səhnəyə dəvət edir. “Bu ananın ağrılarına bir layla de…”. Kövrək məqamda kövrək xahiş… Nigar oxuyur. “Segah”ın xalları-gülləri yaşanılmış illəri yenidənmi yaşadır, yaşanılacaq illərə ümidmi olur? Hər nədirsə, Nigarın oxuması Dərələyəzin dağlarının dumanını dağıtdı həmin anlarda. Ruhən gördük, inandıq. Ana xəyalən dərələyəzli günlərin uzaqlığına əl uzadır. Göz yaşları ürəyinə axanlar da var, yanağında közə dönənlər də…
“Tək gəlmişdim, indi oğlumla qayıdıram, Abdulla balam, çox sağ ol…” – deyir şəhid anası, pıçıltıyla deyir; aydınlığıyla eşidilir. “Vətən müharibəsi şəhidləri” bu qüdrətin kitabıdı…
Yerişinin əsası dərdi olan ana kitabı köksünə sıxır. Ona elə gəlir ki, əli kitabın cildini deyil, oğlunun saçlarını sığallayır. Neçə illər əvvəl olduğu kimi. Dönüb Abdulla Qurbaniyə baxır. Nəsə demək istəyir. Bir anlığa duruxur. Sonra “Ay oğul”, – deyir. “Bu yeddi ayda hamımızın həmdərdi özünüydün, indən belə bu kitabın olacaq. Bu kitabı oğul əvəzi köynəyimdən keçirəcəm…”. Abdulla Qurbani heç nə deyə bilmir; bu fikrə münasibət bildirilməz. Bu fikrin cavabı kövrəkliyə bürünmüş sükutdu. Abdulla Qurbaninin bu sükutu uzun çəkmir: Oğulu dünyaya gələn ana həmin gündən əsgər olur. Siz şəhid anasısınız, şəhidlər ölmür, əsgər anasısınız, indi də əsgərsiniz. Siz həm şəhid anasısınız, həm də şəhid qardaşı…”. Analar bir-birinə baxır, sonra hamısı “Vətən müharibəsi şəhidləri” xatirə-ensiklopediyasının müəllifinə. Bu doğma baxışlar nə qədər doğmadı! Bayaqkı ananın dedikləri hələ də düşüncələrimi titrətməkdədi: “…hamımızın həmdərdi özünüydün, indən belə həmdərdimiz bu kitabın olacaq. Bu kitabı oğul əvəzi köynəyimdən keçirəcəm…”.
Hər bir şəhid ailəsinə nəfis tərtibatla nəşr olunan kitabın nüsxələri təqdim edilib.
“Vətən müharibəsi şəhidləri” ensiklopedik kitabın təqdimat tədbiri mahiyyəti etibarilə gözəl bir əsərdi. Yaşatdığı məqamların mahiyyətinə görə, tarixiliyinə görə, tarixi günü görməyənlərin ruhuna sədaqətinə görə, onların əzizlərinin könül dünyasıyla bunca doğmalaşdığına görə, …
Rəşid Faxralı

