Siyasət 

Biz hər zaman müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən bir daha bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi zamanlarda xarici mətbuata çoxsaylı müsahibələrində, xalqa müraciətlərində, istərsə də postmüharibə dövründə keçirdiyi görüşlərdə, beynəlxalq əhəmiyyətli tədbirlərdə Vətən müharibəsinin bütün Azərbaycan xalqı üçün həqiqət anı olduğunu xüsusi qeyd edərək bildirmişdir ki, indi biz görürük kim kimdir: “Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər.” Kimin haqqın, yoxsa, şərin, dostun, yoxsa, düşmənin yanında olduğu açıqlandı. Ölkə Prezidenti bu məqamı xüsusi qeyd edir ki, bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən də bu məqamlara bir daha diqqət yönəltdi. “Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi – Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər: “Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimləri Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu.”

Dövlətimizin başçısı Pakistanın torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biri olduğunu önə çəkərək bunu ölkələrimiz arasında qardaşlıq əlaqələrimizin daha bir nümayişi kimi dəyərləndirmişdir: “Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik.”

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüquq və ədaləti fəal şəkildə müdafiə edir. Pakistan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın təşəbbüslərini dəstəkləyir. Əməkdaşlığımız uğurla inkişaf edir. Müdafiə və müdafiə sənayesi sahələrində çox yüksək səviyyəli tərəfdaşlıq nümayiş etdirilir. Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın ölkəmizə səfəri bunun daha bir göstəricisidir. Azərbaycanın Pakistanın müdafiə sənayesi məhsullarına çıxışının olması məmnunluq doğurur. Artıq ölkəmiz bu məhsulları alır, hərbi potensialımız daha da gücləndirilir.

Görüşdə ölkə Prezidenti İlham Əliyev bu prioriteti də açıqlamışdır ki, qarşıdakı illərdə hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı möhkəmləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Ordu generalı Qamar Caved Bacva Ermənistanı məğlub edərək və ərazilərimizi geri qaytararaq qazandığımız tarixi Qələbə münasibətilə səmimi təbriklərini çatdıraraq bu Zəfərin hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisə olduğunu qeyd etmişdir. O da qeyd edilmişdir ki, Azərbaycanla Pakistanın ortaq tərəfdaşlarından biri də Türkiyədir. Azərbaycanın “bir millət, iki dövlət” dediyi kimi, Türkiyə Pakistanın da qəlbinə çox yaxındır. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır.

Qeyd edək ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. İki dost ölkə arasında bütün sahələrdə, xüsusilə ordu quruculuğunda əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Qeyd etdiyimiz kimi, Pakistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin zəruriliyini önə çəkmiş, beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyərək, Ermənistana işğalçılıq siyasətindən əl çəkməyə, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmağa çağırışlar etmişdir. Bu gün Azərbaycanın Zəfərinin Türkiyə ilə yanaşı, Pakistanda da böyük sevinc hissi ilə qeyd olunması münasibətlərimizin təqdimatıdır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın küçə və meydanlarını Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının bəzəməsi bu dostluğu, birliyi bir daha dünyaya nümayiş etdirdi.

Dövlətimizin başçısının həqiqət anı kimi dəyərləndirdiyi 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığının nümayişi ilə bağlı çoxsaylı yazılarımızda daim vurğulanan məqam budur ki, dünya bu birlikdən nümunə götürməlidir. Bu baxımdan ki, sözdə bir, əməldə başqa mövqe ortaya qoymaq münasibətlərə xələl gətirən, etimadsızlıq mühitinin yaranmasına səbəb olan məqamlardandır. Azərbaycanla Türkiyə arasında böyük etimad mövcuddur və bu təməl üzərində əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan və Türkiyənin Şuşadan, Qarabağın tacından, musiqi beşiyimizdən dünyaya ünvanladığı birlik mesajı münasibətlərin gələcək inkişafı üçün yol xəritəsi oldu. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk gündən dünyaya “Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır” mesajı əsl dost, qardaş dəstəyi idi. 44 günün hər anının sevincini Azərbaycanla bərabər yaşayan qardaş ölkədə bayram ab-havası hər birimizi daha da qürurlandırdı. Zəfər Paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Vətən müharibəsi başlananda dünyaya ünvanladığı mesajı bir daha təsdiqlədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Türkiyə və onun Cümhurbaşqanı müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, qiymətli idi, eyni zamanda, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kimsə maneə olmasın. Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb. Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin bir təcəssümü idi. Onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır: “Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı. Bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik.”

Azərbaycanın cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda «Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi» söyləyən, hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən birgə hərbi təlimləri yüksək dəyərləndirən Prezident İlham Əliyev fəxrlə qeyd etmişdir ki, Türkiyə və Azərbaycan əsgərlərinin yan-yana dayanması birliyimizin, gücümüzün göstəricisidir. 10 dekabr 2020-ci il Zəfər paradında da iki dost, qardaş ölkənin əsgərləri çiyin-çiyinə dayanaraq, sevincimizi paylaşdılar.

Hər iki qardaş ölkə hərbçiləri arasındakı qarşılıqlı əməkdaşlıq həmişə olduğu kimi, bu gün də yüksək səviyyədədir. Azərbaycan Ordusunun NATO standartlarına uyğun hazırlanmasında da bu qardaşlığın böyük rolu, dəstəyi olmuşdur. Ənənəvi olaraq hər il Azərbaycan –Türkiyə hərbi qüvvələrinin birgə iştirakı ilə keçirilən «TurAZ Qartalı» kimi digər təlimlər nəticəsində hərbi əməkdaşlıq daha da möhkəmlənmişdir.

Ənənəvi olaraq keçirilən Türkiyə-Azərbaycan hərbçilərinin «Qış təlimi-2021» birgə təlimləri də uğurla başa çatdı. Türkiyənin Qars vilayətində baş tutan təlimləri müşahidə edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimləri iki qardaş ölkənin yenilməz hərbi gücü kimi dəyərləndirdilər. Təlimlərə cəlb olunan şəxsi heyətin üzvləri döyüş tapşırıqlarını tam hazırlıqla yerinə yetirərək ən çətin döyüşlərə hazır olduqlarını nümayiş etdirdilər. Bildirildi ki, Türkiyənin və Azərbaycanın Silahlı Qüvvələrinin peşəkar şəxsi heyətləri bütün mövsümlərdə, çətin dağ şəraitində, suda, quruda verilən tapşırıqları yerinə yetirməyə qadirdirlər. O da vurğulandı ki, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq çoxistiqamətli və davamlıdır. Azərbaycan Silahlı Qüvvələrinin 44 gündə qazandığı hərbi uğurları, Ermənistanın işğal altında saxladığı torpaqların işğaldan azad olunmasını Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatların, göstərilən qətiyyətin nəticəsi adlandıran Hulusi Akar bildirmişdir ki, əldə olunan Zəfər Türkiyə üçün də qürurvericidir.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, həqiqət anı kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı reallıqlar fonunda formalaşan yeni əməkdaşlıq formatları sülhə böyük töhfə olacaq. Azərbaycanın Gürcüstanla, Pakistanla davam edən hərbi əməkdaşlığı da regionda sülhün, sabitliyin təminatına önəmli töhfədir.

Daha çox xəbərlər