Ağır yaralı vəziyyətdə ermənilərlə 1 saat döyüşən şəhidin atası: Məni ayağa qaldırdılar – VİDEO
Vətən müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi bundan sonra da dünya durduqca xatırlanacaq. 44 günlük savaş Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda övladlarının canı-qanı bahasına böyük Zəfərlə yekunlaşdı.
Abşeron rayonunun Digah qəsəbəsindən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksələn Fuad Ceyhun oğlu Həşimov da bu Vətənin daşı olmağı bacardı. Onu döyüş yolu Cəbrayıl, Füzuli və Hadrutdan keçib. XTQ-nin əsgəri olan Fuad Həşimov Xocavənd rayonunda qəhrəmancasına şəhid olub.
Şəhidimizin atası Ceyhun Haşımov övladı barəsində danışarkən deyib: “Mən oğlumla fəxr edirəm. O, həmişə mənə deyirdi ki, “ata, sonrasını düşünən qəhrəman olmaz. Torpaq bizimdir, mən bu torpaq uğrunda döyüşə gedirəm. Qismət olsa 3-4 aya qayıdacağam. Qismət olmasa Allah bilən məsləhətdir”. Şükür Allahın böyüklüyünə, mən Allahımdan razıyam. Oğul nə üçündür?! Vətəni qorumalıdır”.
Ceyhun Haşımov bildirib ki, Fuad güllə yarası aldıqdan sonra 1 saat düşmənlə döyüşü davam etdirib. O, 22 oktyabrda Xocavəndin Tuğ kəndində şəhid olub.
Şəhid atası dövlət qurumları tərəfindən göstərilən diqqət və qayğıdan da razı qaldığını deyib:
“Dövlətimizdən min dəfə razıyam. “YAŞAT” Fondu xəstəxanalarda üç dəfə mənə kömək edib. Bir manatsız mənə qulluq ediblər. Mən çox ağır xəstə olmuşam. Müalicə ilə məni ayağa qaldırıblar”.
Ətraflı videoda:

