İdman Region Xəbərləri 

Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!

24 iyun 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman İdarəsi və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “26 iyun – Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü” münasibətilə “Narkomaniyaya qarşı mübarizədə könüllülərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin , Rayon Prokurorluğunun məsul işçiləri, rayon Ağsaqqallar Şurasının sədri , Bərdə regional “ASAN xidmət” mərkəzinin nümayəndəsi və könüllüləri və bəzi fəal gənclər iştirak etmişlər .
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli açaraq tədbir iştirakçılarını salamladı və gündəlikdəki mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə növbəti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Pandemiya ilə əlaqədar ötən il profilaktik tədbirlərin onlayn formatda keçirilməsi mümkün olmuşdur. Cari ildən isə bu tədbirlər onlayn ilə bərabər həm də real formatda keçirilməsi üçün müvafiq addımlar atılmağa başlanılmışdır.
Çıxışının davamında qeyd etdi ki, müasir dövrümüzdə narkomaniya cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir və eyni zamanda dünyada qlobal problemlərdən sayılır.
O, gənclərin sağlam ruhda böyüməsi və tərbiyə alması üçün Gənclər və İdman İdarəsinin əlaqədar təşkilatlarla birgə bu sahədə gördüyü işlərdən və keçirilən tədbirlərdən danışaraq qeyd etdi ki, bu istiqamətində bütün mövcud imkanlardan istifadə edilməli, asudə vaxtın səmərəli təşkili , müxtəlif idman-sağlamlıq komplekslərinin fəaliyyət dairəsi də genişləndirilməlidir.
Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov çıxış edərək bu ümumbəşəri bəlanın mənəviyyatımıza zidd olduğundan , gələcək genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından danışdı. Gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayaraq bildirdi ki, narkomaniyaya qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər arasında narkotiklərə aludəçilik hallarının qarşısı qətiyyətlə alınmalıdır və bu bəlanın qarşısının alınmasında hər kəs öz qüvvə və bacarığını əsirgəməməlidir.
Bərdə rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Tural Vəliyev çıxış edərək “ağ ölüm” adlandırılan bu bəladan ətraflı danışdı. Narkomaniyaya qarşı mübarizənin ümumbəşəri xarakter aldığını, respublikamızda bu sahədə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, dövlət proqramları qəbul edildiyini diqqətə çatdıraraq təəssüflə qeyd etdi ki, bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu bəlanın pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar olsada , atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. O, narkomaniyanın ailələrə, eləcə də, cəmiyyətə vurduğu ziyandan, rayonda narkomaniya ilə mübarizə sahəsində polis şöbəsinin gördüyü işlərdən danışaraq belə tədbirlərin vacibliyini qeyd etdi.
Bərdə rayon Prokurorunun köməkçisi Seymur Musayev çıxış edərək narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daima diqqət mərkəzində olduğundan, bununla bağlı Dövlət Proqramlarının təsdiq edilərək həyata keçirildiyini, gənclərlə keçirilən maarifləndirici görüşlərin Dövlət Proqramından irəli gələn vəzifələrdən biri olduğundan, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz və xüsusən də gənclər fəal iştirak etməlidir.
Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi, baş mütəxəssis Mehriban Zeynalova çıxış edərək, müstəqil Azərbaycan dövlətinin gələcəyi olan gənclərimizin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, yüksək intellektual səviyyəli, əsl vətənpərvər kimi yetişdirilməsi üçün ölkənin hər bir vətəndaşının, ziyalısının fəallıq göstərməsini vacib hesab etdi.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək Gənclər və İdman idarəsinin bu sahədə əlaqədar təşkilatlarla birgə gördüyü işlərdən danışdı. Gənclərin bu bəladan uzaq durmasının vacibliyini vurğulayaraq, onlar arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini vuğuladı. Bildirdi ki, narkomaniyaya qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər arasında narkotiklərə aludəçilik hallarının qarşısı qətiyyətlə alınmalıdır.
Tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.
Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi H.Ələkbərli yekun vurdu.

Daha çox xəbərlər