Bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi – Prezident İlham Əliyev
Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən Ermənistan 30 il ərzində səhv yolla gedərək Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu
İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın hazırkı vəziyyətindən söz açarkən bunun səbəblərini arqumentlərlə əsaslandırdı, rəsmi İrəvanın indiyədək hansı səhvlərə yol verdiyini diqqətə çatdırdı: “…bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa. Xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Onların 30 il vaxtı var idi, nəyə görə müstəqil ölkə qura bilmədilər? İşğala görə. Bu işğal onları bu günə saldı. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları bu günə saldı və ədalət özünü göstərdi.”.
Ermənistanın vaxt itirdiyini, işğalçı mövqe tutmaqla Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ermənilərin acınacaqlı durumunun, yaşadıqları fəlakətli günlərin əsas səbəbkarları məhz ölkəni idarə edən şəxslər və onların yürütdüyü yalnış siyasət olub.
“Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.”, – deyə dövlətimizin başçısı bildirib.
Hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı
Ötən il həllini tapan Qarabağ münaqişəsi işğalçı ölkədə dərin izlər buraxdı. 44 günlük müharibə nəticəsində ordusu demək olar ki, tamamilə məhv edilən Ermənistan 1 milyard dollardan çox maliyyə itkisinə məruz qaldı. Statistik hesablamalara əsasən, Ermənistanın gündəlik müharibə xərcləri təxminən 30-35 milyon dollar təşkil edirdi. Ötən ilin sonunda bu ölkənin xarici borclarının həcmi 8 milyard dollara yüksələrək ÜDM-in 70 faizinə yaxınlaşdı. İşğalçılıq siyasəti nəticəsində regionun arzuolunmaz dövlətinə çevrilən Ermənistan ciddi iqtisadi itkilərlə üz-üzə qaldı. Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Ermənistana müharibə iqtisadi böhranla yanaşı, siyasi xaos gətirdi ki, hələ də ölkə idarəolunmaz vəziyyətdən çıxa bilmir.
Ermənistanda yaşanan fəlakətin əsas səbəblərinə gəlincə, bu, birbaşa işğal faktı ilə əlaqədardır. Belə ki, İrəvan rəhbərliyi son 30 il ərzində münaqişənin həllindən yayınaraq sülhdən qaçmaqla məşğul oldu. Bu azmış kimi, Qarabağda Azərbaycana məxsus yaşayış məntəqələrini, məktəblər, xəstəxanalar və digər sosial obyektləri, bütün mədəni tarixi abidələri dağıdaraq regionun inkişafına böyük təhlükə və maneə yaratdı. Təsadüfi deyil ki, dünyanın aparıcı media qurumları işğaldan azad olunmuş, Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edir, ermənilərin hərbi cinayətlərini qınayırlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız dağıdıcılıqla məşğul olmadı, uzun illər Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirməklə tarixi saxtalaşdırmağa da cəhdlər edirdi. Bütün bunlarla ermənilər özlərinin yaratdıqları və ağızdolusu təbliğ etdikləri mifik ideologiyaya inanmaqla, sivilizasiyadan, inkişafdan kənarda qaldılar. Beləcə, ölkə və ümumilikdə erməni xalqı vaxt itirdi, regionda baş verən nəhəng iqtisadi layihələrdən geri qaldı. Ermənistan 30 il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu.
İşğalçı ölkə hər il yüz milyonlarla vəsait itirdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmalarına əsasən, 1995-2020-ci illərdə Ermənistanın hərbi xərcləri 7,9 milyard dollar təşkil edib, üstəlik formalaşdırdığı marionet və qondarma rejimin xərcləri təcavüzkar dövlətin üzərinə düşüb. Halbuki, qeyd olunan müddətdə Ermənistanın özünün iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar civarında olub. Bu, 2020-ci il səviyyəsi ilə Ermənistanın 2,5 illik dövlət büdcəsinə bərabərdir. İşğalçı siyasət yürüdən Ermənistan faktiki olaraq son 25 ildə Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətində qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir.
Bir sözlə, Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu. Əgər İrəvan bölgədə yeni reallıqlar yaradan Azərbaycanın əməkdaşlıq çağırışına mənfi reaksiya verərsə, əvvəlki qaydada özünə qapanıb, düşmənçilik siyasəti sərgiləyərsə, bu növbəti 30 ilin perspektivsiz gələcək olacağı anlamına gələcək. Bundan sonra zaman itirmək isə Ermənistanın növbəti faciələrinin müqəddiməsi ola bilər.

