Əsas səhifə 

Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha bəyan etdi ki, dəmir yumruq yerindədir

30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdır. Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabrda  Qələbə müjdəsini xalqa çatdırdığı andan bu günədək  yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda quruculuq,  bərpa işlərinə başlanılıb. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha Zəfərimizə gedən yolun təhlilini verərək, Azərbaycanın bu illər ərzində gücləndiyini, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradıldığını,  gənclərimizdə Vətən, torpaq sevgisinin   daha da artdığını və sair kimi məqamları diqqətə çatdırdı.

44 günlük İkinci Qarabağ müharibəsində  bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı, mədəniyyətimizin paytaxtı olan  Şuşamız   işğaldan azad edildi.  Son 7 ayda təkcə Şuşaya dövlətimizin başçısı İlham Əliyev 4 dəfə səfər edib. Cıdır düzündə Novruz tonqalları yandırıldı, «Xarıbülbül» musiqi festivalının ənənəsi qoyuldu, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsinə imza atıldı. Dünyaya səs salan bu mühüm hadisələrin hər biri milli qürurumuzun, kimliyimizin, varlığımızın özümüzə qayıdışının təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev xarici mətbuata bütün müsahibələrində bildirirdi ki, Qarabağ bizim üçün milli qürur, ədalət və beynəlxalq hüquq məsələsidir.

28 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilmişdir. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə, əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.

Cənab İlham Əliyev daim çıxışlarında   bütün bu yerlərin tamamilə  bərpa ediləcəyini vurğulayaraq diqqəti ermənilərin 27 ildə torpaqlarımızda hansı vəhşilikləri törətdiklərinə yönəldərək bildirmişdir ki, bir daha  hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik.  Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün  bütün  planlar hazırlanır. Təbii ki, yüksək səviyyədə icra ediləcək. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin Kəlbəcər rayonuna qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin rayonu tərk edən zaman söküb apardıqlarına diqqət yetirdikdə bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti,  istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları  durumu əks etdirən görüntüləri yəqin ki, dünya gördü. Bu, onların  beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan,  cinayətlərə göz yummalarından qaynaqlanırdı. Amma işğalçı dövlət neçə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında bu mesajı Ermənistana və onun havadarlarına çatdırır.

Müzəffər Ali Baş Komandan  münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bu kimi məqamları önə çəkərək Azərbaycan xalqının bunları heç zaman unutmayacağını bildirdi. Xocalı soyqırımı, şəhidlərimiz unudularmı? Bu, eyni zamanda, gənclərimizə çağırışdır. Şəhidlərimizin yolu  gənclərimiz üçün vətənpərvərlik məktəbidir.

Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən  əks-hücum əməliyyatları dövründə də ölkə  Prezidentinin  hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və  istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını  ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq yalnız  düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəylimizdir.

Müzəffər  Ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad oluncaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb.  «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm» söyləyən Prezident İlham Əliyev Vətən müharibəsindən önə 7 aydan artıq dövrdə atdığı addımları, imzaladığı Fərman və sərəncamları  hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut edir.

Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan Azərbaycan   Ordusu  bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin Ordusudur.  Hər zaman çıxışlarında  «Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar» söyləyən dövlətimizin başçısı İlham Əliyev bir daha bu Qələbəmizi böyük qürur hissi ilə vurğulayaraq «Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq» bəyan edir.

Bir mühüm məqamı da qeyd edək ki,  Hadrutda “Dəmir yumruq” abidəsi ucaldılıb. Zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub.  Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi “Dəmir yumruq” əməliyyatı bu gün dünyanın inkişaf etmiş ölkələrində öyrənilir, Azərbaycanın müharibə təcrübəsi  təqdir edilir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə də qarşıdakı dövrdə hərbi quruculuq sahəsində görüləcək işlərdən geniş bəhs edərək  Ermənistana mesajlarını çatdırdı: «Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.»

Qeyd edək ki,  ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitq ölkəmizlə bərabər, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistanda geniş müzakirə mövzusudur. Erməni ictimaiyyətində yaranan fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb.

Daha çox xəbərlər