Zəngəzur dəhlizinin bərpası regiona sülh, rifah gətirəcək, nəqliyyatla bağlı maneələri aradan qaldıracaq
Şərqdən Qərbə doğru uzanan və region dövlətlərin istifadə edəcəyi Zəngəzur ortaq dəhliz kimi Azərbaycanın bölgədə yaratdığı reallıqların bələdçisi olacaq
«Gülüstan» sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə Ermənistan üzərində Qələbəmizdən sonra keçirilən Silahlı Qüvvələr Gününü əlamətdar, tarixi hadisə adlandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, xalq-ordu birliyinin təntənəsi olan bu bayramı qeyd etməyin özgə sevinci, təntənəsi vardır. Silahlı Qüvvələr Gününün qalib xalq kimi qeyd olunması asan qazanılmayan tarixi nailiyyətdir.
«Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik» sözləri ilə Birinci Qarabağ müharibəsində yaranan fəlakətləri faciə adlandıran Prezident İlham Əliyev o dövrdə iqtisadiyyatımızın dağılmasını, sənaye potensialının məhv edilməsini bütünlükdə Azərbaycanın uçuruma sürüklənməsi kimi dəyərləndirdi. O ağır günlərdə xalqın ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməsi ilə respublikada işlər müsbət istiqamətdə getməyə başladı. O cümlədən, ordu quruculuğu sahəsində böyük islahatlar aparıldı. Nizami ordu quruculuğuna o illərdə başlanıldı. İqtisadi və siyasi müstəqillik nəticəsində daxili imkanlardan istifadə olunmaqla ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi kimi mühüm amilin diqqətdə saxlanılması, nizami ordu quruculuğu istiqamətində aparılan islahatların genişləndirilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, qüdrətli dövlət quruculuğu naminə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi ilə istənilən nəticəyə nail olundu. Qlobal enerji layihələrinin təşəbbüskarı kimi dünyada mövqeyi möhkəmlənən Azərbaycanda ölkənin müdafiə qüdrətinin güclənməsi, milli təhlükəsizliyinin qorunması vacib prioritet kimi diqqətdə saxlanıldı. İkinci Qarabağ müharibəsində Azərbaycana artan maraq göstərdi ki, 30 il işğal altında qalan torpaqlarımızın azad olunması istiqamətində görülən işlər, Azərbaycanın xarici siyasətinin dəstəklənməsi , diplomatik səylərimiz beynəlxalq müstəvidə müsbət nəticəsini verdi. Ən başlıcası isə Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın ən güclü 50 ordusu sıralarında çəkilir.
«Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik. Biz «nəyi nə vaxt, necə etmək lazımdır bilirik»” deyəndə, məhz bunu nəzərdə tuturduq» sözləri ilə imzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan bəndlərin həlli üçün Ermənistana şans verdiyini vurğulayan Prezident İlham Əliyev sənəddə göstərilən, ən aktual və regional əhəmiyyətli Zəngəzur dəhlizinin də reallaşacağını qətiyyətlə bildirir. Beynəlxalq təşkilatların də rəyi budur ki, üçtərəfli qaydada imzalanan Bəyanatda beynəlxalq və regional əhəmiyyəti ilə seçilən kommunikasiyaların yenidən qurulması, Zəngəzur dəhlizinin bərpası ilə bölgədə nəqliyyatla bağlı bütün maneələr aradan qaldırılacaq.
Bu ilin may ayının 10- da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış olan, Azərbaycan Televiziyasına müsahibəsində burada olmağının məqsədini açıqlayan Prezident İlham Əliyev bildirmişdir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsində bu stansiya böyük əhəmiyyətə malikdir: « Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.»
Müstəqil dövlət olmayan Ermənistana məxsus dəmir yolları anlayışının olmaması həqiqətdir. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ Rusiya tərəfi ilə müzakirə edilir. İmzalanan üçtərəfli Bəyanatda öz əksini tapan Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın qazandığı tarixi nailiyyət olacaq. Dəhlizin bərpası üçün Azərbaycan öz üzərinə düşən vəzifələrin icrası üçün əlindən gələni edəcək. Bir məqamı da xatırladaq ki, dəhlizin bərpası bölgə dövlətləri arasında ən çox Ermənistan üçün vacibdir.
Silahlı Qüvvələr günündə bir qrup hərbçi ilə görüşündə Ermənistanın inkişafı üçün də yeganə çıxış yolunun qonşuları ilə normal münasibətlər qurmağın olduğunu xatırladan dövlət başçımız dəfələrlə vurğulayıb ki, nəyin bahasına olursa olsun Zəngəzur dəhlizi reallaşacaq.
Şuşada Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Bəyannaməsində də Zəngəzur dəhlizinin bərpasının vacibliyi xüsusi bəndlə qeyd olunub.Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, Zəngəzur dəzlizinin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi göstərilir: «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.»
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir» sözlərində bu dəhlizdən istifadə edəcək bütün dövlətlərin mənafeləri əks olunub.
Zəngəzur dəhlizinin Türk dünyasının həmrəliyi baxımından əhəmiyyətinin Müttəfiqlik Bəyannaməsində yer aldığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixi əhəmiyyətli sənəddə önəmli məsələlər arasında nəqliyyat məsələsinin olması təsadüfi deyil. Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb və İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir.»
Son günlərdə Ermənistanda keçirilən parlament seçkilərində yaranan gərginlikdən istifadə edən və revanş çağırışlar səsləndirməklə və Azərbaycan –Ermənistan sərhədlərində təxribatlar törətməklə dəhlizin bərpasına əngəl törətmək istəyənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin «Bu gün Türkiyəni və Azərbaycanı dəmiryolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəniki danışırıq, biz əməli-praktiki işlərlə bu dəhlizi yaradırıq» sözlərini və « dəmir yumruğu» unutmasınlar.

