Gündəm 

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib

ARANTV.AZ xəbər verir ki, ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur. Hava nəqliyyatında sərnişindaşımada artım, tətbiq olunan yeniliklər, sadələşdirilmiş viza sistemi və bir sıra xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə bağlıdır.

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən altı beynəlxalq hava limanından biridir. Hər gün buradan dünyanın müxtəlif ölkələrinə müntəzəm və çarter reysləri yerinə yetirilir. Təkcə ötən il hava limanı ümumilikdə 4 milyon 430 min sərnişinə xidmət göstərib. Bu da əvvəlki illə müqayisədə 9 faiz çoxdur. Milli büdcə aviadaşıyıcısı “Buta” Airways-in yaradılması da sərnişindaşımaya müsbət təsirini göstərib.

“Buta Airways” lou-kosteri dövlət başçısının aviabiletlərin qiymətinin aşağı salınması ilə bağlı verdiyi müvafiq tapşırığına əsasən, görülən işlər çərçivəsində yaradılıb. Ümumilikdə, ölkədə hava nəqliyyatının inkişafı da dövlətin öz dəstəyini əsirgəmədiyi prioritet sahələrdəndir. Çünki, hər bir qonağın ilk təəssüratı Aeroport, dəmiryolu və avtovağzaldan başlayır. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü strategiyanın nəticəsidir ki, hər üç sərnişindaşıma xidməti ildən-ilə inkişaf edir. Artıq Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”-un maksimal “5 Ulduz” statusuna layiq görülüb. Dünya üzrə bu yüksək statusu cəmi 8 aeroport  alıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu coğrafi mövqeyinə görə Şərqlə Qərb və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanı sayılır. Ölkəmizə səfər edən əcnəbilər üçün burada sadələşdirlmiş viza  xidməti tətbiq olunur.

Ölkədə turizm sektorunun inkişafı paytaxtla yanaşı, bölgələrdə də hava limanlarının müasir tələblərə cavab verməsini şərtləndirir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala aeroportları da beynəlxalq standartlara tam uyğundur. Qiymət siyasətinə gəlincə isə… AZAL fevralın 1-dən 28-dək olan tarixlərə iki nəfərlik aviabilet aldıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir. Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil olunur.

Daha çox xəbərlər