İstirahət məkanı zibilliyə çevrildi: Bizi buna vadar edən nədir? – FOTO
Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan istirahət zonası səhər tezdən zibilliyi xatırladıb.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə şəkillər sosial şəbəkələrdə paylaşılıb.
Məlum olduğu kimi, bura şəhərin ən mötəbər turizm məkanlarından biridir. Şəhərimizin qonaqları burada şəkillər çəkdirib, Bakının gözəlliyini bütün dünyaya göstərirlər.
Bura həm də isti yay aylarında əhalinin ən sevimli istirahət məkanlarından biridir. İnsanlar buraya ailələri, dostları ilə gəlib yaşıl qazonun üzərinə əyləşib piknik edirlər, istirahətlərini qururlar. Bunun üçün heç bir pul, ödəniş də tələb olunmur, yalnız təmizliyə riayət olunması şərtdir.
Amma göründüyü kimi, bura gələn insanların bir hissəsi təmizlik anlayışından bixəbərdir. Hər yerə səpələnən plastik qutular, polietilen paketlər və digər məişət tullantıları istirahət mədəniyyətinin olmamasından xəbər verir.
Belə davranış ciddi ictimai qınağa tuş gəlməli, lazım olan təqdirdə inzibati məsuliyyət tətbiq olunmalıdır. Aidiyyəti qurumların bu məsələyə həssas yanaşması da arzuolunandır.

