Siyasət 

Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır – Prezident İlham Əliyev

Təməli qoyulan Ələt Azad İqtisadi Zonası dünya birliyinə təqdim olunan yeni əməkdaşlıq formatıdır

Dövlət büdcəsinin əsas gəlirlərini təşkil edən neftin qiymətinin zamanla dəyişməsinə baxmayaraq Azərbaycanda infrastruktur layihələri davamlı icra edilir, islahatlar aparılır, iqtisadiyyatda şaxələndirmə siyasəti özünü doğruldur. «Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları – Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”» söyləyən Prezident İlham Əliyevin tezislərini elmi texnologiyalar əsri adlandırılan müasir dünyamızda, cəmiyyətdə gedən proseslər də təsdiqləyir. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə və şərtlərinə uyğun həyata keçirilən qlobal layihələrin tətbiqində məqsəd xarici investorların ölkəmizə cəlbini sürətləndirməkdir. Ticarət və loqistika mərkəzi olan Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılmasında da məqsəd xarici iş adamlarını ölkəmizə cəlb etmək, Azərbaycanda nəqliyyat infrastruturunu yeni istiqamətlər üzrə genişləndirmək, yükdaşıma səviyyəsini artırmaqdır. Xəzərsahili ölkələr arasında ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilməsi layihənin əhəmiyyətini daha da artırır. Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən bərə terminalının ölkə iqtisadiyyatının inkişafına təsirindən bəhs edən Prezident İlham Əliyev vurğulamışdır ki, bununla Azərbaycanın tranzit ölkə kimi imkanları daha da genişlənəcək, ölkəyə əlavə investisiya axını sürətlənəcək. Çünki Ələt Beynəlxalq Ticarət Limanı Xəzərdə ən böyük liman olmaqla sahilətrafı dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə də önəmli töhfədir.

Enerjiyə daxili tələbatın tam ödənildiyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması yeni infrastruktur layihələrinin yaradılması zərurətini də qarşıya qoyur. Sənaye mərkəzi Qaradağ rayonunda respublikanın ən böyük sement , metal konstruksiyalar zavodlarının, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması rayonun inkişafını sürətləndirdi. Xeyli iş yerləri açıldı. Limanın fəaliyyətə başlaması ilə nəqliyyat infrastrukturu şaxələndi. Bakıda gəmiqayırma zavodunun inşası ilə daha bir yeniliyə imza atıldı. Avropa ilə Asiya arasında körpü olan Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı nəqliyyat, logistika mərkəzinə çevirdi, iqtisadi əlaqələrin coğrafiyası genişləndi. Dünya iqtisadiyyatının «hesabatını» hazırlayan Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanın inkişaf tempini rəqabət qabiliyyətliliyinə görə yüksək yerlərə layiq görməsi böyük uğurdur.

«Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, həyata keçirilən bütün layihələr, islahatlar ölkəmizin beynəlxalq əməkdaşlıqda yerini möhkəmləndirir, qlobal məsələlərin həllində rolunu artırır. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi ölkə iqtisadiyyatının inkişafını gücləndirəcək daha önəmli layihədir. Xatırladaq ki, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasına dair müvafiq Sərəncama əsasən layihə ilə bağlı 2018-ci ildə qəbul olunan Qanunda dövlətin və investorların maraqları tam təmin olunub. Mərasimdə Azərbaycan Televiziyasına müsahibəsində bu layihənin təməlində ölkəmizin dövlət siyasətinin dayandığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, illərdən bəri aparılan siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı belə azad iqtisadi zonaların yaradılmasını zəruri edir: «Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının «Doing Business»” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.»

Əvvəlki illərdə söylədiyi neft sektorundan aslılığın minimuma endirilməsi fikrini müasir dövrün tələbləri baxımından diqqətə çatdıran Prezident İlham Əliyevin «Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq» sözləri düşünülmüş siyasətin ifadəsidir. Təcrübə göstərir ki, açıq dənizlərə çıxışı olmayan ölkələrdə belə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələrinin hansı çətinliklər hesabına başa gəldiyini xatırlayaq. Göstərilən təzyiqlərə, süni yaradılan əngəllərə, ölkəmizə qarşı tətbiq olunan ikili standartlara baxmayaraq qüdrətli Azərbaycan bütün çətinlikləri öz gücü, inandırma mexanizmi ilə aradan qaldırdı, təşəbbüskarı olduğu qlobal layihələri özünün maliyyə imkanları hesabına reallaşdırdı. Hazırda ölkəmizin əsas tərəfdaşı olduğu enerji, nəqliyyat layihələrinə marağın artması, ölkəmizin təşəbbüsü olan çoxtərəfli əməkdaşlıq formatının özünü doğrultması Azərbaycanın beynəlxalq müstəvidə möhkəmlənən sağlam, qarşılıqlı münasibətlər sisteminə verdiyi ən böyük töhfədir. Artıq layihə üçün ayrılmış 850 hektarlıq ərazidə Ələt Azad İqtisadi Zonasının konsepsiyasının işlənməsinə start verilmiş, işçi qrup yaradılmış, işlər praktik müstəviyə keçmişdir. Pandemiya ilə əlaqədar nəzərdə tutulan işlərin həyata keçirilməsi ləngisə də təməlqoyma mərasiminin keçirilməsi təsdiqləyir ki, artıq praktiki işlərin başlanmasına start verilə bilər.

«Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün şərtlərə uyğun müəyyənləşdirilən məqsəd investorları bu zonaya cəlb etmək, Azərbaycanda artıq formalaşan əlverişli sərmayə iqlimini daha da təkmilləşdirməkdir.

Təsadüfi deyil ki, Azərbaycanın uğurları başqa beynəlxalq mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının «Doing Business»” hesabatında, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki statistik təhlillərdə Azərbaycanın üstünlükləri diqqəti cəlb edir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdə olan Azərbaycan gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bu rəqəmlər ölkəmizin dinamik inkişafının göstəricisi, investorlar üçün isə sərmayə yatıracaqları ölkənin inkişaf dinamikasının, siyasi sabitliyin qarantıdır. Əlverişli investisiya iqlimi isə infrastruktur layihələrini reallaşdıran önəmli şərtlərdəndir.

Son illərdə Azərbaycanda çox güclü kadr potensialının yaradılması, gənclərin intellektual potensialının artması xarici iş adamlarının diqqətini cəlb edən amillərdəndir. Azərbaycanda təhlükəsizliyin etibarlı qarantı dövlətdir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Mədəniyyətlərarası dialoq, dini tolerantlıq ölkəsi adlandırılan Azərbaycanda mövcud olan sağlam biznes mühiti, ölkəmizin dünya miqyasında vədinə sadiq ölkə imici qazanması, möhkəmlənən nüfuzu xarici iş adamlarının respublikamıza cəlbi baxımından çox önəmlidir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzunu möhkəmləndirən əsas amil Azərbaycanın sözünü əməli ilə təsdiqləməsi, vədlərinə sadiq qalmasıdır. Buna sübut neft strategiyasının həyata keçirildiyi 1994-cü ildən etibarən imzalanan enerji layihələrinin nəzərdə tutulduğu müddətdə başa çatdırılmasıdır.
«Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək» söyləyən Prezident İlham Əliyev onu da diqqətə çatdırır ki, artıq tikinti işlərinə başlanılacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan Ələt Azad İqtisadi Zonasında digər sahələrdə işlər plana uyğun həyata keçiriləcək. Gələn ilin iyul ayından iqtisadi zona investorları qəbul etməyə hazır olacaq. İş adamları ilə birbaşa əlaqələr yaradılacaq, təqdimatlar keçiriləcək Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən hökumətlərarası komissiyaların potensialından istifadə ediləcək. Ələt Azad İqtisadi Zonası Azərbaycanın beynəlxalq müstəvidə dəyərləndirilən əməkdaşlıq formatına verdiyi növbəti uğuru olacaq.

Daha çox xəbərlər