Gündəm 

Qazaxıstan tərəfi Xəzərin Azərbaycan sektorunda icra edilən layihələrdə iştirak edəcək

ARANTV.AZ xəbər verir ki, Qazaxıstan tərəfi Xəzərin Azərbaycan sektorunda icra edilən layihələrdə iştirak edəcək. Bu, “SOCAR”la “KazMunayQaz” şirkəti arasında imzalanan anlaşma memorandumuna əsasən, reallaşacaq.

“SOCAR”la “KazMunayQaz” şirkəti arasında imzalanan memorandum geniş əməkdaşlıq perspektivlərini, o cümlədən  daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə  bildirildi. İlk atılacaq konkret addım kimi isə “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirilməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur. Müzakirədən sonra qonaqlar SOCAR Tower-də Azərbaycanın neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış oldular. “KazMunayGaz” Milli Şirkəti” Qazaxıstanın neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur.

Daha çox xəbərlər