Ermənistana təzyiq nəticə verir mi?
Mina xəritələrinin verilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanın erməni terroristlərini mühakimə haqqını tanıması Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti diplomatik qələbəsidir
Azərbaycan tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra ermənilərin böyük bir ərazidə basdırdığı mina problemi ilə qarşılaşdı. Təbiidir ki, rayon və kəndlər minalardan təmizlənməyincə insanların öz evlərinə qayıtması mümkün deyil. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ilk mərhələdə minalar təmizlənməlidir. Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi artıq xeyli vaxtdır ki, bu işlərlə məşğuldur. Amma erməni tərəfi mina xəritələrini Azərbaycana təhvil versəydi, bu proses daha intensiv və daha təhlükəsiz başa çatdırıla bilərdi. Erməni tərəfi isə uzun müddət bundan imtina edirdi.
Nəhayət, ötən ay ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib danışıqlar apardıqdan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vasitəçilik missiyasını üzərinə götürməsindən sonra Ermənistan Ağdam ərazisində basdırılmış 97 min mina xəritəsini Azərbaycana verməyə razılaşdı. Azərbaycan isə humanist jest göstərərək, 15 ermənini ölkəsinə qaytardı.
Bu günlərdə isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bununla Ermənistan ikinci dəfə Azərbaycan tərəfinə minalarla bağlı xəritəni təqdim edir.
Azərbaycan ziddiyyətin əməkdaşlığa çevrilməsində maraqlıdır
Sirr deyil ki, Azərbaycan iki dövlət arasında etimad yaradacaq növbəti addımlar da atmağa hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan həmçinin iki ölkə arasında diplomatik əlaqələrin inkişaf etdirilməsində, ziddiyyətin əməkdaşlığa çevrilməsində maraqlı olduğunu bildirib. Yerevan Bakıya mina xəritələrinin cüzi hissəsini verdiyini Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özü də etiraf edir. Amma bunun özü belə, irəliləyişdir. Çünki son zamanlaradək Yerevan bu addımı atmaqdan boyun qaçırır, bunu “saxta gündəm mövzusu” adlandırırdı.
Bu gün Qarabağda nə qədər minanın basdırıldığı məlum deyil. Yalnız onu deyə bilərik ki, Qarabağ dünyada ən çox minanın basdırıldığı bölgədir. Ermənistanla Azərbaycan arasında 1990-cı illərdə baş vermiş Birinci Qarabağ müharibəsi nəticəsində yaranmış təmas xəttinin bir zamanlar Ermənistanın işğalı altında olmuş hissəsində 1,5 milyard kvadratmetr əraziyə partlayıcı maddələr basdırılıb. Odur ki, Qarabağ Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasından daha “çirkli” bölgədir.
Azərbaycanlıların öz torpaqlarını ziyarət etmək imkanı qazanmalarından bu yana yerli mediada mütəmadi olaraq insan faciələri haqda xəbərlər yayılır. Tərəflər arasında üçtərəfli bəyannamənin imzalanmasından keçən dövrdə bölgədə 144 mülki şəxs həyatını itirib. Onların əksəriyyəti həsrət qaldıqları 30 ildir doğma ev-eşiklərinin vəziyyətini görmək arzusu ilə alışıb-yanan azərbaycanlı məcburi köçkünlərdir. Bu yaxınlarda iki azərbaycanlı jurnalist də yük maşınının minaya düşməsi nəticəsində həyatını itirdi. Ermənistan ordusu həmin minaları oraya bölgəni tərk edən zaman basdırıbmış. Belə insidentlər sülhə ən ciddi əngəldir.
Qayıdış və bərpa prosesində zaman itkisinin qarşısı alınacaq
Qeyd edək ki, mina xəritələrinin olmaması Ağdam, Füzuli və Zəngilan rayonlarının ərazisinin minalardan təmizlənməsi prosesini illərlə uzada bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələcəkdi. Bununla paralel olaraq heç şübhəsiz ki, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə aparmaq və əhalinin bu torpaqlara qayıtmasını təmin etmək xeyli zaman itkisi ilə nəticələnəcəkdi. Amma Azərbaycanın Ermənistana belə bir şans, belə bir imkan vermək fikri yoxdur.
Azərbaycan artıq Prezident İlham Əliyevin prinsipial mövqeyinin, mükəmməl diplomatik bacarığının bəhrəsini görür. Ölkə başçısının iyunun 12-də bir sıra dövlətlərin yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən söylədiyi “Biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq” fikirləri bir daha təsdiq edir ki, bütün proseslər dövlət başçısının şəxsi nəzarəti altındadır. Səfirlərlə görüşü zamanı Azərbaycan Prezidenti “Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir” açıqlaması isə postkonflikt dövründə xarici siyasətinin prioritet istiqamətini qəti şəkildə bəyan etmiş oldu. Bundan əlavə, Azərbaycan ilk mina xəritəsinin təhvil verilməsinə nail olmaqla beynəlxalq aləmin minalar mövzusuna diqqətini artırmış oldu. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bunun informasiya müharibəsində xeyrimizə işləyəcəyi şübhə doğurmur. Ancaq təbii ki, Ermənistan hərbi-siyasi rəhbərliyi bir xəritə ilə işini bitmiş saya bilməz, bütün xəritələr Azərbaycana təhvil verilməlidir.
Göründüyü kimi, minalar məsələsində Ermənistana təzyiq nəticə verir. Mina xəritələrinin verilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanın erməni terroristləri mühakimə haqqını tanıması Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.

