Sosial 

Axı, küçəyə atdığınız zibil deyil, sizin övladınızdır!

Valideyn vəzifəsini yerinə yetirmək istəməməyiniz bir ayıbdırsa, uşağı küçəyə, zibilliyə atmaq isə  daha betər insanlığa sığmayan vəhşilikdir

Adətdir ki, uşaq doğulanda valideynlərinə, yaxınlarına gözaydınlığı verilir. Təəssüflər olsun ki,  körpə qığıltısında, ətrində, bapbalaca vücudunda, dünyalar bəxş edən təbəssümündə aydınlıq tapmayan “valideynlər” də var. Əslində, özünü, sevgisini günahsız, məsum, hər şeydən xəbərsiz övladından əsirgəyən insana valideyn demək nə qədər doğrudur bilmirəm. Amma bu məsələdə yalnışlıq axtaracağımız yeganə məqam bu deyil…

Bu mövzuya əbəs yerə toxunmadım. Bir neçə gün bundan öncə Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb. Ardınca isə sosial şəbəkələrdə körpənin tapıldığı anın görüntüləri yayılıb. Videoda sakinlər tərəfindən aşkarlanan körpənin nəfəs aldığı görünür.  Görüntülərə baxdıqda  insan düşünür ki, həmin körpənin tək “günahı”o cür vəhşi xislətli, acımasız “valideynin” övladı olmasıdır.

Adını, kimliyini bilmədiyim həmin insanın timsalında bunu edənə və etməyə cəhd edənlərə demək istərdim ki, valideyn vəzifəsini yerinə yetirmək istəməməyiniz bir ayıbdırsa, uşağın həyatı üçün ciddi təhlükə yaranmasına səbəb olacaq şəkildə onu küçəyə, zibilliyə atmaq isə  daha betər, insanlığa sığmayan vəhşilikdir. Övladınız dünyaya göz açar-açmaz bu həyatda  sizə ən çox ehtiyac duyduğu anda, onun balaca əllərini öz yaxandan çəkib,  hansı  düşüncə ilə o məsum varlığı doğma qucaqdan ona yad olan həyatın ağuşuna atırsınız? Onun həyatını bu cür məhv etmə haqqını sizə kim verir? Valideynlik statusunuzmu?  Xatırladım ki, siz ondan imtina etmək qərarına gələndə  artıq o statusu qüvvədən salmış  olursunuz. Sizə bu hərəkətinizdən sonra valideyn demək, ən az sizin onun bioloji valideyni olmağınız qədər səhvdir. Kaş sizin kimi qəddar, vəhşi xislətli  birinin övlad sahibi olmağındansa, illərdir körpə ətri üçün gözünün yaşı qurumayan, dualar edən insanlar  valideyn olsaydı. Bəlkə, siz onda görərdiniz ki, əsl ailə, valideyn necə olmalıdır, övlad-valideyn münasibətləri necə qurulmalıdır?

Bəs aktuallığını itirməyən sözügedən mövzu ilə  bağlı mütəxəssislər nə düşünürlər?

Övladdan imtina bir çox məsələlərin yenidən qabarmasına zəmin yaradır

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva “İki sahil”ə açıqlamasında bildirib ki,  valideynin övladından imtina etməsi  həm  uşağı dünyaya gətirən insanın gələcək  həyatında  travmalara, psixoloji gərginliklərə səbəb olur. Həm də, o uşağın həyati təhlükəsinə, sağlamlığına  ciddi risk yaratmaqla yanaşı, onu gələcəkdə valideyn himayəsindən məhrum uşağa  çevirir. Çünki  artıq həmin uşaqlar dövlətin himayəsinə keçir.  Onların müəssisədən  çıxandan sonrakı həyatı da sual altında olur. Bununla yanaşı, bu mövzu  bir çox məsələlərin yenidən qabarmasına, gündəmə gəlməsinə zəmin yaradır. Bura ailə planlaşdırılması,  valideyn məsuliyyətsizliyi, planlaşdırılmamış hamiləlik,  istənməyən övlad,  qız uşağına qarşı olan münasibət  bu  kimi faktorlardan və yaxud da   nikahdan kənar münasibətdən doğulan övlad olması  kimi məsələlər xüsusilə aiddir.

Maddi vəziyyətin aşağı olması insanları  valideynlik məsuliyyətindən boyun qaçırmasına əsas vermir

Müsahibimiz qeyd edib ki, bəzən valideynlər övladdan  imtina  üçün  deyilən bu sosial faktorlar sırasına  maddi vəziyyətin aşağı olmasını da daxil edirlər.  Amma maddi vəziyyətin aşağı olması insanları  valideynlik məsuliyyətindən boyun qaçırmasına əsas vermir. İnsan öncə dərk etməlidir ki,  əgər bir insan övladı  istəmirdisə, bu uşaq dünyaya gəlibsə də,  bunu müvafiq şəkildə, aidiyyəti  orqanlara  təqdim edə bilər. Çünki dövlətin valideyn himayəsindən məhrum olan  uşaqlar üçün xüsusi bir siyasəti var.  Bununla bağlı daimi  olaraq zəruri tədbirlər həyata keçirilir.  Valideyn qayğısından məhrum körpələr  yüksək  keyfiyyətlərdə olan müəssisələrdə yaşayırlar, qidalanırlar, təhsil alırlar. Amma, bu o demək deyil ki,  məsuliyyətsizlik edən insanlar  övladlarını dünyaya gətirməli və sonra da laqeydlik edərək uşaqları dövlətin himayəsinə verməlidirlər.

Bu kimi neqativ halların qarşısını almaq üçün nə etməli?

Mütəxəssis vurğulayıb ki, aparılan araşdırmalar göstərir ki,  ailələrdə kontroseptivlərdən istifadə  aşağı səviyyədədir. Xüsusən də, regionlarda biz bunun daha aşağı səviyyədə olduğunu görürük. Əslində,  bu mövzu haqqında insanların məlumatlı olmamasıdır ki,  insanlar bu kimi vasitələrdən  istifadə etmirlər  və nəticədə də ya abortlara  müraciət edirlər, ya da ki, planlaşdırılmamış hamiləlik baş verdikdə doğulan körpədən müxtəlif şəkillərdə imtina edirək neqativ hallara yol verirlər. Bu baxımdan, ailə planlamasının düzgün aparılması imkan verəcək ki,  ailələr öz imkanlarını nəzərə  alaraq bu övladı dünyaya gətirsin, həmçinin  cütlüklərin münasibətlərində  müvafiq tədbirlər görmək  haqqında qərar versinlər.   Bununla yanaşı, ailələrin ailə planlaşdırılması, evlənən cütlüklərin  maarifləndirilməsi haqqında daimi olaraq kütləvi informasiya  vasitələrindən, digər informasiya mənbələrindən  məlumat alması zəruridir.

Qız-oğlan ayrı-seçkiliyi …

A.Balayeva əlavə edib ki, cəmiyyətdə oğlan və qız uşağına qarşı münasibətdə  bu mövzu da önəmli faktordur. Yəni, bizim ölkəmiz təəssüf ki, yeni doğulmuş oğlan və qız uşaqlarının disbalansına görə  dünya ölkələri arasında çox yüksək yerlərdədir ki,  valideynlər  dünyaya gələn uşaq qız olduqda  daha çox imtina edirlər. Yəni, burada səbəblərdən biri də budur. Bu istiqamətlərdə  də yenidən bu məsələyə də toxunmaq lazımdır ki, ailə üçün qız uşağının rolu, əhəmiyyəti, həmçinin  hər iki övlada eyni sevgi, qayğı və diqqətin göstərilməsi istiqamətində  də bilgiləndirmə kampaniyasının həyata keçirilməsinə ciddi ehtiyac var.

Hər bir uşağın ailə himayəsində böyüməsi və ailə qayğısı görməsi onun təbii haqqı və hüququdur

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə  qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsi özündə uşaqların hüquqlarının qorunmasını ehtiva edir: “Həmin maddəyə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Əgər valideynlər borcunu  yerinə yetirmirsə yəni, uşaqların qayğısını qalmırlarsa, bu halda valideynlik hüquqlarından məhrum edilə bilərlər. Həmçinin  digər hallarda valideynlərin biri və ya hər ikisi vəfat etdikdə valideynlər boşandıqda uşaqlar valideyn qayğısından kənar qalırlar. Təbii ki, valideynlərin boşanması uşaqların valideyn qayğısından kənar qalması üçün əsas olmamalıdır. Çünki valideynlər boşandıqda belə valideynlərin uşaqlarla ünsiyyət hüququ var. Bir sıra istisna hallar vardır ki, valideynlər xroniki alkoqol istifadəçisi və ya narkotik və psixotrop maddələrin alüdəçisi olurlar ki, bu hallarda həmin valideynlik hüquqları məhrum edilməlidir.”

Müsahibimiz  əlavə edib ki,  valideynlər övladlarını küçəyə atmaqla ilk olaraq uşaqlarının həyatını təhlükəyə atılır. Və qanunla uşaqların sağlamlığına zərər vurulduğu üçün  onu dünyaya gətirən  və yaxud bu əməli törətməyə onu məcbur edən cinayət məsuliyyətinə cəlb oluna bilər. Əksər halladrda valideynlər bunu maddi vəziyyətlərinin yaxşı olmamasi ilə əlaqələndirirlər, valideynlər arasında  pozulmuş münasibətlər,  həmçinin psixoloji durumlarının yerində olmaması bu kimi hadisələrlə əlaqləndirirlər.

Qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçirlər…

Mütəxəssis vurğulayıb ki, araşdırmalar bu cinayətləri bir qayda olaraq qadınların törəkdiklərini sübut edir:  “Özü də yenicə ana olduqları gündə. Bunun səbəblərini isə o qədər də uzaqda axtarmaq lazım gəlmir. Qadınlar öz körpələrindən əsasən yasaq münasibət ucbatından vaz keçir. Evli bir kişi ilə münasibətdən dünyaya gələn, atanın öz soyadını vermədiyi, qadından da körpəsindən imtina etdiyi zaman bu tip cinayətlər yaşanır. Belə qadınlar çox vaxt hamilə qalarlarsa, sevdikləri kişi ilə münasibətlərini rəsmiləşdirəcəklərinə ümid edirlər. Ona görə də hamiləliyin ilk aylarında uşaqdan imtina etmək ağıllarına da gəlmir. Amma uşaq dünyaya gələndən sonra da vəziyyət dəyişməyincə, çıxış yolu olaraq uşağı atmağı üstün tuturlar. Bundan başqa, tənha ana olmağı tərcih edən qadınlar ilk günlər bunun çətinliyini dərk edib, riskli addım atırlar. Bu halda da hər kəs öz mənəvi durumuna, insanlığına uyğun addım atır. Körpəsindən imtina etdiyi halda, onun yaşamasını arzulayan qadınlar isə daha humanist yol seçirlər. Belə ki, onlar xəstəxana, məscid və ya tanıdıqları bir sonsuz ailənin qapısını seçərək, övladlarına yaşam və ailə haqqı tanıyırlar.”

Uşağı zibilliyə atırıqsa, əslində, biz onu ölümə atırıq

Şağan Reabilitasiya Pansionatının sosial psixoloji reabilitasiya və abilitasiya şöbəsinin müdiri İlahə Dadaşova  söyləyib ki, səbəb hər nə olursa-olsun heç bir hal bunu etmək üçün valideynə haqq və bəraət qazandırmır. İstənilən halda məsələnin başqa çıxış yolları ola bilərdi. Həmin ana müəyyən dövlət qurumlarına müraciət edə bilərdi. O müqəddəs bir adı: ana adını daşıyır. Yəni ki,  o ada, statusa sahib çıxmaq lazımdır. Küçəyə atılan uşaq  təhlükəli şəraitdə ac qalıb  həyatını itirə bilər. Bu isə cinayət hadisəsi olacaqdır. Uşağı zibilliyə atırıqsa, əslində, biz onu ölümə atırıq.

Bütün bunlar  həmin körpənin həyatının  psixoloji yöndən məhv olması deməkdir…

Ekspert əlavə edib ki, burada fərqli nüanslar ola bilər ki, həmin əməli törədən ananın  psixiatrik   pozuntusu ola bilər, psixoloji durumu yerində olmaya bilər, doğum sonrası depressiya ola bilər. Və yaxud da  sadəcə yəni ana olmağa hazır deyilmiş. Yəni  o məsuliyyət onu qorxudub və ya  bu məsələnin kökündə digər məişət problemləri ola bilərdi. Həmçinin,  qeyri-rəsmi yaşayış,  atanın uşağı qəbul etməməsi, böyüklərdən qorxma   bəzən belə olan hallarda biz bu nüanslarla rastlaşırıq ki, ana övladını qəbul edə bilmir. Bütün bunlar  həmin körpənin həyatının  psixoloji yöndən məhv olması deməkdir. Burada çox –çox dərin bir travma yaşanır. Düzdür, bəzən deyə bilərik ki, uşaq başa düşmür, indi heç nəyi onsuz da anlamır. Amma bu, doğru yanaşma deyil.

İ.Dadaşova qeyd edib ki,  küçəyə atılan uşaqda dərin psixoloji travmalar özünə  inamsızlıqdan tutmuş gələcəkdə  psixoloji problemlərin təməlinə kimi  gətirib çıxarır. Yəni,  doğulduğu andan  küçəyə atılmaq gələcəkdə  insanın  şəxsi həyatında  atılmaq qorxusu yaradır,  sosial həyatında   da çox dərin izlər qoyur. Hətta bu problem şəxsiyyət pozğunluğuna kimi gedib çıxara bilər. Yəni,  əgər uşaq bundan sonra da  düzgün əllərdə olmasa şəxsiyyət pozuntusu halı ilə üzləşmək qaçılmazdır.

Bu məsələni çox böyük bir qınaq obyektinə çevirməliyik

İ.Dadaşovanın sözlərinə görə, çünki bəzən  ictimai qınaq gələcək problemlərin  qarşısını alır . İctimai qınaq insanların gələn dəfə bu hadisəni törətməsinin qarşısını alır, insanların təpkisi, münasibəti, kəskin reaksiyası gələcəkdə  beynində belə bir fikri olan ananı valideyni fikrindən yayındırır, qarşısını alır. Ona görə  də bu mövzu araşdırılmalı və  nümunəvi bir şəkildə maarifləndirici bir şəkildə həll olunmalıdır. Yeri gəlsə bu məsələyə psixoloqlar cəlb olunmalıdır ki,  belə bir xoşagəlməz tükürpədici halla rastlaşmayaq.

Daha çox xəbərlər