Bakalavr pilləsi 3, magistratura 1 il tədris olunarsa… ŞƏRH
Mütəxəssislər yeniliyin mənfi və müsbət tərəflərini nədə görürlər?
Məlumdur ki, Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclasında təhsilin bakalavr pilləsinin 3 magistratura pilləsinin 1 illik olması müzakirə olunub.
Bəs bu qanun layihəsi qəbul olunarsa, təhsil sistemi üçün hansı perspektivlər vəd edəcək? Təbii ki, sözügedən məsələ ilə bağlı mütəxəssislərin şərhləri əsasında budəfəki araşdırmamızda da bütün bu suallara cavab tapmağa çalışacağıq.
Hazırda Azərbaycanda təhsil sisteminin bu şəkildə qurulmasını çox da effektiv hesab etmirəm

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu yeniliyi tətbiq edərkən ilk öncə universitetlərdə bu yeniliklə bağlı proqramları işlənməlidir. Çünki 3 illik bakalavr, 1 ilə magistr təhsili zamanı proqram mövzularının mənimsənilməsi, əmək bazarı üçün peşəkar kadr hazırlığının təmin olunması hazırkı dövrdə xeyli problemlər yarada bilər. Bu baxımdan, qanunvericilik bazasını təkmilləşdirərkən, eyni zamanda, qanunlarımızda yeniliklər tətbiq edərkən mövcud reallığı və durumu nəzərə almalıyıq.”
Bu yeniliyin qəbulu zamanı fərqli ixtisaslar üzrə yanaşılma prinsipini qorumaq vacibdir
Mütəxəssisin sözlərinə görə, Azərbaycanda universitetlərin inkişafı ilə bağlı xeyli irəliləyiş olsa da, bütövlükdə Azərbaycanın ali təhsili dünyanın qabaqcıl ölkələrinin ali təhsil pilləsi ilə ayaqlaşa bilmir: “Bu səbəbdən də hazırki dövrdə bu yeniliklərə keçsək, bu, bir çox çatışmazlıqlar və problemlərlə yadda qala bilər. Bu yenilik Azərbaycan parlamentinin yaxın zamanlarda müzakirə edəcəyi “Ali təhsil haqqında” qanun layihəsinə daxil edilə bilər. Lakin bunun icrası və tətbiqi ilə bağlı mexanizmlərin üzərində ciddi şəkildə düşünmək lazımdır. Bu yeniliyin bütün ixtisaslar üzrə tətbiq olunması mümkünsüzdür. Biz bunu müxtəlif ölkələrdə tətbiq olunan 3 illik bakalavr, 1 illik magistratura təhsili zamanı da görürük. Hansı ölkələrdə ki, bu formada təhsil müddəti ilə bağlı tətbiq etmələr var, onlarda bu yenilik konkret ixtisasları əhatə edir. Bu baxımdan da, sözügedən yeniliyin qəbulu zamanı fərqli ixtisaslar üzrə yanaşılma prinsipini qorumaq çox vacibdir. Eyni zamanda, tədris proqramlarının məhz bakalavrın 3, magistraturanın 1 illik dövrə uyğunlaşdırılması, dərsliklərin bu istiqamətdə tərtib olunması istiqamətində ilkin işləri görmək lazımdır.
Bu qanunun qəbulundan öncə zəruri eksperimentlər aparmaq olar
Müsahibimiz bildirib ki, indiki dövrdə gənclər fikirləşirlər ki onlar daha tez ali təhsillərini bitirib, praktiki ixtisaslar üzrə işləsinlər. Bu baxımdan, sürətin tempinə uyğun olaraq, əlbəttə ki müəyyən qədər bu istiqamətdə fikirləşmək olar. Amma qeyd etmək lazımdır ki birinci növbədə biz eksperiment olaraq belə tətbiq edəcəyimiz zaman məhz bununla bağlı təcrübənin mövcud olduğu ölkələrin praktik biliklərini mükəmməl öyrənməliyik.”

“Ali təhsil haqqında” qanun layihəsinə ehtiyac var idi
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə” Ali təhsil haqqında qanun” qəbul edəcək. İndiyə qədər təhsilin müxtəlif pillələri üzrə qanun layihəsi qəbul edilmişdir. Belə ki, 2009-cu ildə “Təhsil haqqında” qanun, 2011-ci ildə “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”, 2016-cı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət. Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda, məktəbəqədər, ümumtəhsil, elm haqqında qanun qəbul edildi. Amma ali təhsil müəssisələrinin idarəedilməsi, orada şəffaflığın təmin olması, keyfiyyətin yüksəldilməsi və idarəedilməsi ilə bağlı ciddi məsələlər hələ də boş olaraq qalırdı. Məhz bu problemin aradan qalxması üçün ayrıca qanun layihəsinə yəni, “Ali təhsil haqqında qanun” layihəsinə ehtiyac var idi.
Təhsilimizin Avropa və dünya təhsilinə inteqrasiyası üçün mühüm sənəd olacaq
K.Əsədov əlavə edib ki, burada təhsilin pillələri, növləri, istiqamətləri, hüquqi bazası və müddəti ilə bağlı çox ciddi məsələlər öz əksini tapıb: “Ali təhsil haqqında qanunda bir sıra yeniliklər var onlardan biri ixtisasların təsnifatı və müddəti ilə bağlıdır. Belə ki, hazırda mövcud qanunvericiliyə görə, təhsil sistemimizdə ali təhsilin bakalavr pilləsi 4 il, magistratura 2 il, doktarantura 3 -4 il təşkil edir. Yeni qanun layihəsində isə bu müddətdə müəyyən dəyişikliklər var. Amma bu heç də bütün ixtisaslara aid deyil.”
Bakalavr səviyyəsində bir sıra ixtisasların 3 il olması bütün ixtisasların 3 il olması demək deyil
Daha sonra ekspert əlavə edib ki, qanun layihəsində təhsil müddətlərinin aşağı və yuxarı həddi müəyyənləşdirilib: “Yəni, müəyyən ixtisaslar var ki, onlar özündə elmi-tədqiqatı, akademik bilikləri əks etdirmir və onları daha qısa müddətdə bitirmək olar. Misal üçün, biz bura bədən tərbiyəsi, elektrik mühəndisi, cihazqayırma mühəndisi, turizm ixtisasını və yaxud da qabiliyyət tələb edən rəsm təsviri sənət dizayn və yaxud da digər qabiliyyət tələb edən ixtisasları aid edə bilərik ki, onların 4 il ərzində davam etməsi sadəcə olaraq vaxt itkisidir. Mən hesab edirəm ki bizim bu müddət ərzində onu davam etdirməyimizə ehtiyac yoxdur. Yəni, həmin ixtisaslar üzrə təhsilin müddəti azaldılacaq . Eyni zamanda, bu magistraturaya da aiddir yəni magistraturada da ixtisasların bu qədər uzunmüddətli olmasına ehtiyac yoxdur.”
Təhsil müddətinin qısalmasına təsir göstərən digər amil qeyri-ixtisas fənləridir
Ekspert xatırladıb ki, ali təhsil müəssisələrində bir çox ixtisaslar üzrə həmin ixtisaslara aid olmayan fənlər tədris olunur. Müəyyən fənlər var ki, onların həmin ixtisas üzrə tədrisi zəruri deyil. Tutalım ki, tarix fakültəsində təhsil alan tələbəyə riyaziyyat, kimya, fizika keçirilir. Bu da tələbələrə əlavə yük yaşayırlar, həmçinin təhsil haqqına da əlavə fənlər təsir göstərir, kreditlərin sayı çoxalır. Hesab edirəm ki, bu ciddi olaraq yanlışdır. Ona görə də müəyyən ixtisaslarda tədris 3 il olanda burada qeyri-ixtisas fənlər tədris olunmayacaq. Yalnız həmin ixtisasa aid olan və zəruri fənlər tədris ediləcəkdir. Birmənalı şəkildə əgər hər bir ixtisas üzrə həmin ixtisasa zəruri olan fənlər tədris edilərsə, bu, həmin təhsilin müddətinə də, təhsil haqqına da təsirini göstərə biləcək. Yəni, riyaziyyat fakültəsində oxuyan tələbəyə tarix fənnini təkrar keçməyə ehtiyac yoxdur.

Bu qərar qəbul olunarsa biz bunun fəsadlarını görəcəyik
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi isə “İki sahil”ə açıqlamasında bildirib ki, hər 4 ildən bir əmək bazarına 60 minə yaxın şəxs buraxılırdı ki, onlar əmək fəaliyyəti ilə məşğul olsunlar. Bundan sonra həmin şəxslər 4 ildən bir deyil, 3 ildən bir əmək bazarına buraxılacaq. Nəticə etibarilə biz daha çox işsiz bir toplumun formalaşmasına gətirib çıxaracağıq. Bu da sosial gərginliklə nəticələnə bilər. Çünki işsizlərin sayı həddindən artıq arta-arta gedəcək. Ona görə düşünürəm ki, bu cür təhsil müddətinin aşağı salınmağındansa, bununla paralel olaraq ya yeni iş yerləri yaratmaq lazımdır ki, həmin şəxslər kənarda qalmasınlar. Yox, əgər bunu edə bilmiriksə, o zaman biz tədris ilinin azaldılmasını deyil, təhsilin keyfiyyətinin artırılmasının tərəfdarı olmalıyıq. Yəni, biz bu sahədə işlər görməliyik.
E.Əfəndinin sözlərinə görə, hazırkı dövrdə bu yeniliyin olmasına zərurət yox idi. Amma, o halda zərurət yarana bilər ki, əgər artıq qarşıya qoyulmuş məqsəd hansı ki, ümumiyyətlə dərslərin distant formada aparılması mümkünləşəcəksə, o, zaman təhsil müddəti azaldıla bilər. Yəni, distant formalı təhsil üçün bunun tətbiqi zərurətə çevrilə bilər. Amma, digər hallarda isə mən bunun tərəfdarı deyiləm. Çünki bizi kifayət qədər işsiz ordusu yaranıb formalaşacaq ki, bu da assosial bir durum yaradacaq.
Qanunun qəbulu təhsil haqlarının aşağı endirilməsi ilə nəticələnməyəcək
Ekspert əlavə edib ki, təhsil haqları və xərcləri hər il üçün müəyyən olunan bir rəqəmdir. Təhsil haqlarının aşağı endirilib-endirilməməsi maddi texniki bazadan asılı olaraq verilən qərardır. Ona görə də məhz bu məsələ ilə bağlı ayrıca qanun layihəsi müzakirə olunsa və yaxud da universitetlərin özləri verəcəyi qərar olduğu üçün bu barədə yalnız universitetlər Nazirlər Kabineti ilə razılıq əsasında təhsil haqlarını endirə bilərlər.

