Narkomaniya: Əvvəli həzz, sonu faciə ilə nəticələnən sosial bəla
Mütəxəssislər “ağ ölüm” aludəçiləri haqqında hansı faktlara aydınlıq gətirdilər?
Qəribədir, bəzilərimizin “ağ ölüm” , “narkotik” adını eşitdərkən qorxmağımıza, ehtiyat etməyimizə, empati qurub həyəcanlanmağımıza rəğmən bəziləri həm narkotikə aludə olmaqdan çəkinmirlər.
Bəs mütəxəssislər insanları bu zərərli vərdişin, sosial bəlanın əsarətinə aparan və ondan xilas edəcək yolları nədə görürlər?
Narkotik istifadəçilərinin sayının artmasının səbəbi internet üzərindən narkotiklərlə bağlı aparılan müsbət təbliğatlardır

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Zamin Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, statistik rəqəmlər onu göstərir ki, hazırda ölkə üzrə rəsmi qeydiyyatda 33788 nəfər narkoloji xəstə var. Onlardan 28318 nəfər dispanser qeydiyyatında, 5470 nəfər profilaktik qeydiyyatdadır. 1076 nəfər isə anonim qeydiyyatdadır: “Psixoaktiv maddə qəbul edicilərinin sayının nisbətən artmasına, bu cür maddələrə qarşı marağın yaranmasına təkan verən amillər sırasında narkotik istifadəçiləri və narkodillerlər tərəfindən internet üzərindən narkotik maddələr haqqında aparılan “müsbət” təbliğatlardır. Ona görə də bu gün yeniyetmələr arasında internetə rahat şəkildə çıxış olmağı və bu maddələr haqqında yeni məlumatların toplanmasına, həmçinin, asudə vaxtlarının düzgün bölünməməsinə, narkotik qəbuluna səbəb olur. İnsanlar arasında kifayət qədər narkotik maddələr haqqında məlumatın olmaması da yeni narkotik qəbul edicilərininin sayının artmasına gətirib çıxardır ki, həmin şəxslər narkotik maddələrin yaratdığı ağır fəsadlar haqqında məlumatları olmadığı üçün narkotik maddəni ilk dəfə qəbul edir və qısa müddətdə narkotik təsiri altına düşərək ondan asılı şəxsə çevrilir.”
“Narkotik maddələrdən asılılığa səbəb nədir” sualına isə mütəxəssisin cavabı belə oldu: “Narkotik maddələrin qısa müddət ərzində yaratdığı fiziki və psixoloji asılılıq hallarıdır. Belə ki, fiziki asılılıq halı yaranıbsa, xəstə narkotik maddənin qəbulunu dayandırdıqdan bir müddət sonra onda narahatlıqlar yaranır. Bura dəhşətli ağrılar, yuxusuzluq, iştaha pozulması, sinir sistemində yaranmış narahatlıqlar, üşütmə, tərləmə halları, sinir keçiriciliyinin pozulması və sair hallar artıq narkotik qəbuledicisinin yenidən narkotik qəbuluna təkan verir və bu maddənin yoxluğunu hiss etdikdə dəhşətli halla üzləşirlər və buna görə də yenidən narkotik maddə qəbul edirlər. Həmçinin yaranmış psixoloji asılılıq isə artıq beyində narkotik maddənin yaratdığı həmin o eyforiya hisləridir ki, şəxsləri narkotik maddəni dayandırdıqdan sonra yenidən onu qəbul etməyə məcbur edir. Amma ilk dəfə qəbul edən şəxslər var ki, onlarda təbii maraq, sınamaq arzusu, həzz hissinin yeni növlərini fəal axtarış həyəcanı, müəyyən həyatın çətinliklərindən qaçmaq niyyəti, özünə və həyatına etinasız münasibəti narkotik asılılığına gətirib çıxarır.”
Müalicə olunsa da, sağalmayacağını düşünən şəxslərdə isə ola bilər ki, tam sağalmaq istəyi yoxdur. Yaxud da…
Müşahidələr göstərir ki, bəzən narkotik aludəçiləri müalicə olunmaqdan çəkinir, ya da sağalacaqlarına ümid etmirlər. Müsahibimiz bununla bağlı qeyd etdi ki, müalicə olunsa da, sağalmayacağını düşünən şəxslərdə isə ola bilər ki, tam sağalmaq istəyi yoxdur. Yaxud da, onlar müalicə kursu keçməyə hazır deyillər: “Adətən sağalmaq istəyən şəxslər könüllü olaraq mərkəzə müraciət edirlər, qəbul şöbəsi tərəfindən onlar qarşılanır, müayinə olunur. Sonra isə müalicə olunmaq məqsədilə stasionar şöbəyə göndərilir. Stasionar şöbədə isə xəstə ilkin olaraq, müayinə olunur, anamnestik məlumatlar toplanır, xəstənin vəziyyəti nəzərə alınır və qiymətləndirilir. Ona asılılıqla bağlı müalicə kursunda istifadə olunan preparatlar təyin olunur və fiziki asılılığın müalicəsinə başlanılır. Fiziki asılılığın müalicəsi bir müddət keçdikdən sonra psixoloji asılılıq mərhələsinə keçir ki , həmin mərhələdə depressiv vəziyyətlər yaranır, xəstələr yenidən narkotik qəbul etmək istəyinə düşürlər bu halda həkim-narkoloq mütəxəssisin yazdığı bir qrup preparatlar və psixoloqların birgə həkimlə göstərdiyi tibbi qulluq həmin xəstələrin yenidən həyata qayıtmağına köməklik göstərir. Bir sıra müalicə almaq istəyən xəstələrimiz var ki, onların stasionar müalicəsi və psixoterapiya kurslarını keçdikdən sonra normal həyat tərzinə və sağlam həyatına qayıdırlar.”
Müalicə almış və müalicə kursunu bitirmiş şəxs sağalmış hələ tam sağalmış hesab edilmir
Həmsöhbətimiz əlavə etdi ki, narkotikdən asılılıq xroniki bir haldır: “Müalicə almış və müalicə kursunu bitirmiş şəxs sağalmış hələ tam sağalmış hesab edilmir. Çünki xəstənin narkotik asılılığından azad olmağından ötrü uzun müddət müşahidələr aparılmalıdır. Onlara daim narkoloq, psixoloq tərəfindən nəzarət olunmalıdır. Uzun müddətdə xəstə psixoaktiv maddə qəbulunu dayandırdıqdan sonra onun haqqında müsbət rəy söyləmək olar: “Bir qrup xəstələr də var ki, müalicə kursunu bitirdikdən sonra yenidən bu müalicəni tam davam etdirmirlər. Nəticədə köhnə mühitləri ilə kontakta girməli olurlar. Bu da onların yenidən psixoaktiv maddə qəbuluna asılılığına gətirib çıxarır.”
Psixoaktiv maddələrin qəbuluna səbəb olan 3 mühüm amil…
Həkim-narkoloq vurğuladı ki, psixoaktiv maddələrin qəbuluna səbəb olan bir sıra risk faktorları var ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu 3 qrup risk faktoru qeyd olunur. Onlar bioloji, sosial və sosial-psixoloji və şəxsi-psixoloji amillərdir: “Bioloji amillərdən irsiyətində alkoqolizm və psixoaktiv maddə qəbul etmiş valideynlərin olması, keçirilmiş psixi xəstəliklər, şüurun itirilməsi ilə müşahidə olunan kəllə-beyin travmaları, keçirdiyi ağır xəstəliklər, fiziki inkişafda ləngimə və ya sürətlənmə, psixipatologiyalar, şəxsiyyət pozğunluğu və şizofreniya və b. xəstəliklər aiddir. Sosial və sosial-psixoloji səbəblərə isə ailə tərkibinin dəyişilməsi, natamam ailə, cəmiyyətə zidd ailə, valideynlərin uşaqların maddi vəsaitlərini istifadəsinə nəzarət etməməsi, ailədə alkaqol və psixoaktiv maddələrin istifadəsi ilə bağlı tərbiyə vermə tərzinin pozulması , şəxsi-psixoloji risk amillərinə isə özünə inamsızlıq, qrupun təsirinə tabe olma halları, davranış pozuntularına meyillilik, öz qayğısına qala bilməmək bacarığı, özünün şəxsi davranışına qarşı məsuliyyətinin aşağı olması aiddir.”

Həmsöhbətimiz sonda fikirlərini gənclərimizə çağırışı ilə yekunlaşdırdı: “Gənclərimizə narkotik maddələrdən və narkotik maddə təbliğ edən şəxslərdən uzaq durmalarını, sağlam yaşamalarını, asudə vaxtlarını düzgün qiymətləndirmələrini, idmanla məşğul olmalarını və cəmiyyətə yararlı bir şəkildə formalaşmalarını tövsiyə edirəm. Narkotik maddə qəbul edən şəxsləri müayinə müalicə üçün mərkəzimizə müraciət etməyi tövsiyə edirəm.”
Narkotikə aparan ilkin səbəb ətraf-mühitdə narkotik istifadəçilərinin çox olmasıdır

Mərkəzi Klinik Xəstəxananın uzman psixiatrı Azər Bağırov isə bildirdi ki, bu cür maddələrə başlama müddəti yeniyetməliyin orta və son dönəmləri olur: “Bu da görmə-götürmə şəklində baş verir. Bu şəkildə narkotikə meyillənmə ola bilər. Ancaq niyə görə hər kəs yox, bəzi insanlar meyillənir. Daha çox narkotikin təsirlərini ehtiyac hiss edən insanlar, özəlliklə də diqqət əskikliyi, hiperaktivliyi olan uşaqlar diqqət əskikliyi səbəbi ilə çox təşvişdə yaşayırlar. Narkotikin bu rahatladıcı təsirini fərqinə varanda ondan davamlı istifadə etməyə başlayırlar və asılı olmağa meyillənirlər. Bundan başqa bipolyar xəstəlik dediyimiz xəstəlik var ki, onun depressiv və manik dönəmləri olur ki bu da yeniyetməlik dönəmlərində başlayır .Bu insanlarda özəlliklə manik dönəmlərdə onların təhlükə hissi çox azaldığı üçün risk alma şeyləri çox artığı üçün narkotikə meyillənirlər. Digər təşviş pozuntusu, sosial fobiyası olan uşaqlarda narkotikə meyillənmə göstərirlər.”
Mütəxəssis əlavə etdi ki, narkotikə başlama üsulu çox vaxt həmin maddənin təsirini bilmək marağı ilə başlayır və bunu bilmək istəyi həmin insanları o cür maddələrə doğru itələyir. Daha sonra “bir –iki istifadədən heç nə olmaz” düşüncəsi ən böyük tələdir. İstifadəyə başladıqdan sonra təkrar bədən tələb edəndə və istifadə etmədiyi zaman yaşadığı aqressivlik, həvəssizlik istəksizlik əhvalsızlıq kimi hallar nəticəsində təkrar narkotik maddələrə istifadəyə meyillənirlər.

“Narkotik aludəçilərində hansı psixoloji hallar müşahidə olunur” sualına müsahibimizin cavabı belə oldu: “Narkotik vasitələr bir-birindən çox fərqlidir. Ona görə də istifadə olunan maddəyə görə onun psixoloji təsiri də dəyişir. Araşdırmalar göstərir ki, marixuana istifadəçilərinin 8 faizində daha çox psixotik hallar görünə bilər. Yəni, onlarda halusinasiya yaşantıları, şübhə artışı və bu kimi hallar yaşana bilir. Bu, həm narkotik istifadəsi sırasında ola bilər, bəzən də insanlarda qalıcı psixotik hallara səbəb ola bilir. Ən psixolojik təsiri ağır olan maddələr isə anfetamin, metanfetamin yəni, şüşə, kristal adı ilə tanınan narkotiklər psixotik hallara daha çox səbəb olur .Bunlar, eyni zamanda, oyandırıcı, çox böyük bir eyforiya, eyni zamanda bədəndəki dopaminləri tamamən boşaldaraq bir dönəm üçün yoğun bir xoşbəxtlik hissinə səbəb olur.Daha sonrasında isə kəskin bir depressiya halı yaşadır.
Həmçinin, o sırada ətraf mühitdən şübhələnmə, paronoya halları gözə görsənmələrin olması, səs eşitmələr halları müşahidə olunur. Metanfetamin qəbul edicilərində istifadəni dayandırdıqdan sonra da psixozlarının qalma ehtimalı çox yüksəkdir. Özəlliklə metanfetamin istifadəçilərin də psixoz halları marixuanaya görə çox yüksəkdir. Təxminən 25-50 faiz nisbətdə bu istifadəçilərdə psixoz halları görülür. Digər narkotik eroin Azərbaycanda kakos adı ilə bilinən tam saf olmayan eroin forması bu daha çox yoxsunluq əlamətləri ilə özünü göstərir . Narkotik istifadə etmədikdə xalq arasında lomka deyilən yoxsunluq əlamətləri yaşayırlar . Bu zaman bədəndə ağrılar, ürəkbulanma, qusma, titrəmə, əsmə, qripbənzəri əlamətləri kimi əlamətlərlə çox şiddətli sümük və əzələ ağrıları və yoğun bir təkrar narkotik istifadə etmə istəyi yaranır. Ona görə də bu halları yaşadıqların da xəstələr o hal dözə bilmirlər. Və təkrar istifadə edirlər. Eroin istifadəsində ilk istifadə rahatladıcı keyifləndirici bir təsiri ola bilir ancaq daha sonrasındaki istifadə isə yoxsunluq əlamətlərini, ağrıları keçirtmək üçündür.”
Narkotik aludəçiləri üçün psixoloji tədbirlər kompleks şəkildə görülməlidir
Həmsöhbətimiz qeyd etdi ki, özəlliklə burada önəmli olan şey istifadəçilərin müalicə üçün yönlənməsidir yönlənmədə istəkli olmalarıdır. Çox vaxt müraciətlər ailənin öyrənməsi sırasında və yaxud da bəzən özləri də istifadədən narahat olduqlarında müraciətlər olur. Mütləqdir ki, həm psixoterapiya həm də dərman müalicəsi eyni anda aparılsın.
A.Bağırov müalicədən qorxan, inanmayan narkotik aludəçilərindən də söz açdı: ”Zənnimcə, qorxu sağalmamaqla əlaqəli deyil, həmin şəxslər adlarının ifşa olunacağı, cinayət məsuliyyətinə cəlb olunacaqları kimi yalnış məlumatlarla yüklənmələri ilə əlaqəlidir. Azərbaycan qanunvericiliyində istifadəçi olmaqla satıcı olmaq ayırd edilibdir. Bu əhali arasında yetərli səviyyədə bilinmir . Ona görə də insanlar sanki istifadəçi olan zaman da çox böyük məsuliyyətlərə cəlb olunmaq, həkimə müraciət etdikdə məxfiliyin qorunmayacağı qorxusu ilə müraciətdən yayına bilirlər. Ona görə də dövlət və məhkəmələr tərəfindən yaxalanmalar halında da reabilitasiyaya yönləndirmə üçün qanunvericiliyin gözdən keçirilməsi bizə uyğun şəkildə dəyişdirilməsi mübarizəni rahatlaşdıra bilər.”

