Ümid qəsəbəsi yeni sakinlərini qarşılayır
ARANTV.AZ xəbər verir ki, ölkə başçısının təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilən 300 ailəlik yeni yaşayış binaları ilk sakinlərini qəbul edib. Bu mənzillərə Qaradağ rayonu ərazisində 9 obyektdə ilk növbədə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülür.
Yeni mənzillərə köçən məcburi köçkünlər geniş, işıqlı, rahat otaqlarda əşyalarını yerləşdirməklə məşğuldurlar. Mənzillər sakinlərə təmirli, istilik və digər zəruri vasitələrlə təchiz edilmiş formada təqdim olunur.
Ümid qəsəbəsində məcburi köçkünlər üçün ikinci mərhələdə 4 ədəd beşmərtəbəli bina inşa edilib. Bu mənzillərə Qaradağ rayonu ərazisində 9 obyektdə ilk növbədə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülürlər. Onlar indiyə kimi rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keçmiş avtobazanın inzibati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin nzibati binası və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə yaşayıblar.
Yeni sakinlərini qarşılayan Ümid qəsəbəsinin əsası 1999-cu ildə qaçqın və məcburi köçkünlərə üçün tikilən 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin 140 yerlik bağça da inşa edilib.
Qəsəbəyə köçürülənlər, əsasən Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Onların arasında şəhid ailələri də var.
Ümumilikdə, bu il 3 mini Bakı və Sumqayıtda, 2 mini isə digər bölgələrdə olmaqla, 5 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu isə 25 min məcburi köşkünün mənzil ilə təmin olunması deməkdir.

