Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının İdarə Heyəti ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə təqdim edilib
ARANTV.AZ xəbər verir ki, “Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi bütün sənədlərə ziddir”. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşündə bu fikir səsləndirilib.
İşğal olunan torpaqlarımızdan didərgin salınan məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin 80.000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulan fundamental insan hüquqları bərpa olunmalıdır. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev xarici ölkə və beynəlxalq təşkilatların Azərbaycandakı diplomatik nümayəndələri ilə görüşdə belə dedi. Onun sözlərinə görə, bu insanların səsi beynəlxalq səviyyədə eşidilməlidir. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dedi ki, işğal olunan ərazilərimizin Azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalıb. Onların yaşamaq hüququ kobud şəkildə pozulub. Belə olan halda Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir. Prezident Administrasiyası rəsmisi vurğuladı ki, Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının təmini işğaldan azad ediləcək bütün ərazilərin bərpası, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycanın əzmini bir daha nümayiş etdirir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev rəhbərlik etdiyi qurumun ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd etdi. O, İcmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim etdi. Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olan Dürdanə Ağayeva və Samirə Hüseynova Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildirdilər.

