Gündəm 

Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək

Dövlət başçısı  İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında  bir daha bildirmişdir ki, Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir

30 ilin  işğalına 44 günlük İkinci Qarabağ  müharibəsində tarixi Zəfərimizlə son qoyulması  Azərbaycanın regionda,  dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Bəyan etdi ki, əgər ədalət meyarı qorunsa,  beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilsə və bunun üçün bütün dövlətlərə eyni şəkildə tətbiq olunacaq vahid mexanizm  müəyyənləşdirilsə münaqişəli məsələlər zamanında, ən əsası sülh yolu ilə, müharibə olmadan öz həllini tapa bilər. Dağlıq Qarabağ münaqişəsinin 30 il həllini gözləməsi maraqları üst-üstə düşməyən dövlətlərin ikili siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər.  Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu istər  30 illik işğal, istərsə də postmüharibə dövründə  funksiyasını dərk etmək istəmirsə, mandatına uyğun olaraq neytrallığı qorumursa, bunun artıq geniş şərhə ehtiyacı yoxdur. Son  hadisə də bunun bir daha təsdiqi oldu.  Bakıda akkreditə olunmuş  diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edir, ABŞ, Fransa və Rusiya səfirləri bu  səfərə qatılmırlar. Bu, ədalətsizlik, ikili siyasət, qeyri-səmimilik deyilmi? Bəyanatlarda Azərbaycanın tarixi Qələbəsi dəstəklənir, sözdən əmələ keçmək lazım olanda isə seyrçi mövqedə dayanmaq çıxış yolu hesab edilir. Vətən müharibəsindən öncə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin  fəaliyyətsizliklərinə, işğalçını adı ilə çağırmaq istəmədikləri üçün bunu birtərəflilik prinsipinin qorunması kimi ört-basdır etmələri  o qədər də ciddiliyə alınmasa da, amma bu gün tamamilə fərqli reallıqlar yaşanır. Artıq işğalçını adı ilə çağırmağa ehtiyac yoxdur. Azərbaycan Ordusu dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində   44 gündə  işğala son qoydu,  28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə  həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır. Dövlət başçısının tapşırığına uyğun olaraq  diplomatların, jurnalistlərin işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur. Şuşa səfərinə 50-yə yaxın ölkənin və beynəlxalq təşkilatın 100-dən artıq nümayəndəsi qatılmışdı.  ABŞ, Fransa və Rusiya diplomatlarının belə əhəmiyyətli səfərlərə önəm verməmələri təbii ki, təmsil olunduqları dövlətlərin Ermənistana dəstəklərindən, onu müdafiə etmələrindən qaynaqlanır. Məhz belə  ərköyünləşmənin nəticəsidir ki, Ermənistan hökuməti səfər edən ölkələrin səfirlərinə nota verib. Məlumata görə,  səfər edən ölkələrin  İrəvanda yerləşən diplomatik  nümayəndələri      Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin iyulun 9-da Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsi ilə bağlı yayılan məlumatlara dair KİV nümayəndələrinin sorğusunu cavablandırıb. Bildirilir ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, azad edilən digər bölgələrimiz kimi, Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq. Bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq.

Sorğuya cavabda  o da bildirilir ki,  Ermənistan Xarici İşlər Nazirliyi nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan Xarici İşlər Nazirliyində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də təsirini göstərir. Ermənistan Xarici İşlər Nazirliyi artıq bölgədəki yeni vəziyyəti dərk etməlidir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir.

Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki,  dünya  xalqlarının üzləşdiyi  problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə  yer alan aktual məsələlərə ədalət  prinsipləri baxımından yanaşılması daha vacibdir.

Beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsi istiqamətində fəaliyyətini gücləndirən Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin  alovlanmasına qarşı mübarizədə   BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Bu çağırışlar səsləndirilir ki,  müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf  və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılması çox aktualdır.

Bu fikir də son zamanlar beynəlxalq səviyyədə daha çox səslənir ki,   COVID-19 pandemiyası multikulturalizmin əhəmiyyətini bir daha nümayiş etdirir.  Ötən ilin dekabrında dövlətimizin başçısının təşəbbüsü ilə  keçirilən   BMT  Baş Assambleyasının Xüsusi Sessiyasında   Qoşulmama Hərəkatının sədri kimi çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki,  pandemiyaya qarşı Xüsusi Sessiyanın keçirilməsi təşkilata üzv dövlətlərin həmrəylik nümunəsidir. Bəşəri təhlükə olan  pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasına istinadı pandemiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın nümunəsidir. Beynəlxalq əməkdaşlığın təşviqini ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyinin qeyd olunduğu zaman  keçirilən Xüsusi Sessiya qlobal məsələlərə və  çoxtərəfli əməkdaşlığa verilən töhfə kimi dəyərləndirilmişdir.

Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında da  dövlətimizin başçısı İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.

Qoşulmama Hərəkatının  COVID-19-la mübarizə sahəsində göstərdiyi səylərdən geniş bəhs edən cənab İlham Əliyev bu  hədəfi də açıqlamışdır ki, qurum koronavirus pandemiyasından  sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.

2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu xüsusi qeyd edən ölkə Prezidenti bunu Hərəkatın gündəliyində dayanan vacib mövzulardan birinin uğurla həll edilməsi ilə əsaslandırıb. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, bunun təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatı  Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da buna bənzər qərar və qətnamələr qəbul edilər. Lakin Ermənistan aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayıb. Beləliklə, Ermənistanın yeganə məqsədi status-kvonun saxlanılmasından və işğalın möhkəmləndirilməsindən ibarət olub.

Son illərdə isə  Ermənistan danışıqlar prosesini məqsədli şəkildə pozaraq  “yeni ərazilər uğrunda yeni müharibə” planlarını açıq-aşkar büruzə verirdi. Dövlət başçısı İlham Əliyev bunu  ən yüksək tribunalardan bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar bunu eşitməzdən gəldilər. Təbii ki, işğalçıya dəstək əsas məqsəddirsə, həqiqəti eşitməyə və bunun üçün zəruri olan addımları atmağa ehtiyac olmayacaq. Bu baxımdan Ermənistana dəstək olan dövlətlər 30 ilə yaxın müddətdə danışıqlar prosesinin uzanmasına və bununla da Ermənistanın vaxt qazanmasına nail oldular. Amma sual olunur: Ermənistan nə əldə etdi? İşğalçı dövlət düşünürdü ki, himayədarlarının dəstəyi ilə silahlanaraq, işğal etdikləri torpaqlarımızda istehkamlar quraraq  Azərbaycanın  öz ərazilərini geri almasını mümkünsüz edəcək. Təbii ki, bu, onların sadəcə xəyalları idi. Necə ki, illərdir «yenilməz erməni ordusu» mifini yaradaraq bildirirdilər ki, münaqişənin həllində müharibə variantına üstünlük verilərsə məğlub tərəf Azərbaycan olacaq.  Münaqişənin həllində  vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri məsələnin hərbi yolla həllinin mümkünsüzlüyünü  bəyan edirdilər. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə münaqişənin  hərbi yolla həllinin mümkün olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını nümayiş etdirdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında «Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir» söyləyərək  bu inamı da ifadə etmişdir ki, Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

Daha çox xəbərlər