Ermənistan niyə təxribata əl atır?
İndi erməni cəmiyyətinin, nəhayət ki, gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmirlər
Azərbaycanın postmüharibə dövründə xoşməramlı addımlarına baxmayaraq, son günlər siyasi, iqtisadi böhran məngənəsində boğulan Ermənistan siyasi dairələrində azərbaycanofobiya güclənib, eyni zamanda, revanşist hisslər geniş yayılıb. Əslində, erməni siyasətçilər yaxşı başa düşürlər ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin bu həddə çatmasında məhz bu ölkədə mövcud olan azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Deməli, erməni cəmiyyəti üçün indi ən prioritet məsələ milli ideologiyaya və fəlsəfi baxışa göz gəzdirmək olmalıdır.
Proseslər göstərir ki, indi erməni cəmiyyətinin, nəhayət ki, gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir, erməni xalqını saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür. Əks təqdirdə bir neçə ay əvvəl ordusunun darmadağın olduğu və hazırda dövlətçiliyi sual altında qalan xalqın müxtəlif siyasətbazları, yenə də dövlət səviyyəsində revanşist siyasətlərini, hərbçilərinin əli ilə təxribatlarını davam etdirməzdilər.
Məlum olduğu kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Bu fakt bir daha onu göstərir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyəti ilə barışmaq istəmir, bu kimi təxribatlarla vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Görünür, Ermənistanda hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayan qüvvələr var.
Əlbəttə, rasional düşünməyi bacaran istənilən erməni siyasətçisi çoxdan bilməli idi ki, ətrafında 150 milyona yaxın türkün yaşadığı coğrafiyada “böyük Ermənistan” xəyalları qurmaq və qonşuların torpaqlarına iddia etmək yaşı cəmi 30 il olan erməni dövlətçilik institutunun inkişafına deyil, süqutuna aparan ən yaxın yoldur. Əslində, 44 günlük müharibə erməni cəmiyyəti üçün bir çox həqiqətləri ortaya qoydu. Məlum oldu kı, ermənilər vuruşmağı bacarmırlar, o da məlum oldu ki, indiyə qədər öz mənfəətləri üzərində saxta soyqırımı və Qarabağ iddiaları şüarlarını əllərində bayraq edən erməni kilsəsi və diasporu ilə Ermənistan dövləti arasında çox ciddi uçurum var. Hər halda, artıq Cənubi Qafqazda yeni proseslərə start verilib və bu proseslərdən Ermənistan da bəhrələnə bilər. İndiyə qədər öz evini qorumağı bacarmayan və qadınlarını, uşaqlarını rusların qoruduğu Ermənistan qarşısında Bakı və Ankaranın verdiyi tarixi şans var. Bu, ilk növbədə, Azərbaycan və Türkiyəyə ərazi iddiasından əl çəkmək müqabilində ikitərəfli münasibətlərin qurulması ilə bağlı verilən şansdır. Azərbaycanın tərəfindən Ermənistana səslənən müsbət təkliflər regionda yeni münasibətlərin qurulması üçün bir şansdır. Bu, həm də o deməkdir ki, hər iki tərəf bəzi mövzularda üçüncü tərəfin iştirakı olmadan danışıqlara başlaya, dialoq qura bilər.
Təbii ki, Bakı və İrəvan arasında danışıqların ikitərəfli və ya çoxtərəfli keçməsindən daha vacib məsələ Ermənistan hakimiyyətinin yeni reallığı dərk etməsi və qarşıda görməli olan işlərlə bağlı qəti addımlar atmasıdır. Bu kontekstdə hazırda müzakirə predmeti olan ən vacib məsələlər sırasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, minalanmış ərazilərin xəritələrinin qaytarılması və iki tərəf arasında sülh müqaviləsinin imzalanması dayanır. Erməni ekspertlərinin də sözlərinə görə, bu təxribatların davam etdirilməsi İrəvanın özü üçün faciəvi nəticələrə səbəb ola bilər. Ermənistan özü də bu təxribatların ona heç nə verməyəcəyini, əksinə onu böyük faciələrlə üz-üzə qoyacağını anlamalı, belə davranışlardan imtina etməlidir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanı təxribatlarla, zor və təzyiqlə qorxutmaq, geri çəkilməyə vadar etmək mümkün deyil. Azərbaycan onun ərazi bütövlüyünə qəsd edən işğalçı Ermənistanı darmadağın etməklə sübut etdi ki, o, hər cür təhdid və təhlükəni aradan qaldırmağa qadirdir və bundan sonra da bu kimi məsələlərdə eyni qətiyyəti sərgiləyəcək.

