Gündəm 

Ötən il Azərbaycanla Almaniyanın ticarət dövriyyəsinin həcmi 61 faiz artıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycanla Almaniya arasında ötən il ticarət dövriyyəsi 61% artıb və 1 milyard 440 milyon dollara çatıb. Almaniya şirkətləri Azərbaycan iqtisadiyyatına 570 milyon dollardan çox investisiya yatırıblar. Həm ixrac, həm idxalda hər iki ölkə üçün müsbət dinamika mövcuddur. Bakıda keçirilən Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclasında bu barədə məlumat verilib.

Azərbaycan və Almaniya arasında ticari və iqtisadi əməkdaşlığın mövcud vəziyyətinin, perspektivdə duran məsələlərinin müzakirə edildiyi iclasda 2 ölkənin energetika, kənd təsərrüfatı, sənaye, İKT, nəqliyyat, turizm, sosial-humanitar və digər sahələrdəki əməkdaşlığından danışıldı. İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirdi ki, davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılıb, ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyi artıb. Qazanılan uğurların beynəlxalq hesabatlarda da əksini tapdığı diqqətə çatdırılıb. Vurğulandı ki, “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Rüfət Məmmədov onu da dedi ki, Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr genişlənir, ölkəmizdə 154 alman investisiya şirkəti fəaliyyət göstərir və onlar sərmayə yatırmaq üçün qeyri-neft sektorunu seçirlər.

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz isə iclas çərçivəsində müzakirə edilən məsələlərin Almaniya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğuladı.

İclasda həmçinin bildirildi ki, regionda kənd təsərrüfatı məhsullarının ən böyük istehsalçılarındandan olan Azərbaycanda aqrar məhsulların rəqabət qabiliyyəti yüksəkdir və onların Avropa İttifaqı ölkələrində, o cümlədən Almaniyada istehlakı kifayət qədər böyükdür. Konservləşdirilmiş məhsullar, fındıq, nar və digər meyvələrin, həmçinin meyvə şirələrinin, üzüm şərablarının bu ölkəyə ixracı istiqamətində konkret addımlar atılır. O da vurğulandı ki, Azərbaycanda kimya sənayesi yaxşı inkişaf edib. Bu sahədə ixracın genişləndirilməsi istiqamətində yaxşı perspektivlər var.

Daha çox xəbərlər