Bu gündən “Yaşıl dəhliz” dən istifadə mexanizmi işə düşür
ARANTV.AZ xəbər verir ki, bu gündən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydaları” qüvvəyə minir. Qaydalara əsasən, ticarətlə məşğul olan hər bir şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər.
Bu gündən “Yaşıl dəhliz” dən istifadə mexanizmi işə düşür. Gömrük orqanlarının “Yaşıl Dəhliz” sistemindən istifadəyə icazəsi olanların malları və nəqliyyat vasitələri gömrük buraxılış məntəqəsində fiziki baxışdan keçirilməyəcək. Bununla da yalnız sənədlərə baxışla, idxalçı və ya ixracaatçı şəxsin yükünün qeydiyyata alınması ilə sərhəddən keçid imkanı yaradılır. Yük daşıyıcısı olan nəqliyyat vasitəsi gömrük məntəqəsinə yaxınlaşaraq, sadəcə pəncərədən bir neçə sənədi gömrük əməkdaşına verməklə və yoluna davam edə biləcək. Bunun üçün idxalı nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı bir saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərilməlidir. Eləcə də, idxal və ya ixrac edilən mallar və nəqliyyat vasitələri barədə düzgün məlumatlar-onların çeşidi, sayı, texniki göstəriciləri, təyinatı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodu və dəyəri gömrük orqanlarına əvvəlcədən bəyan olunmalıdır. Bunun üçün elekron müraciət sistemi də hazırlanıb. Yeni qaydalar dövlət başçısının 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”na əsasən tətbiq olunur.

