İsveçrənin səyahət portalında Azərbaycanın tanınmış turizm regionu haqqında məqalə yerləşdirilib
ARANTV.AZ xəbər verir ki, İsveçrənin səyahət portalında “Qusar-Azərbaycanın şimal qapısı” adlı məqalə yerləşdirilib. Məqalədə mədəni rəngarəngliyə malik Azərbaycanın çoxsaylı etnik qrup və dillərin vətəni olduğu qeyd edilir. Bildirilir ki, ölkənin şimalında yerləşən füsunkar təbiətli Qusar regionu turistləri öz təbii gözəllikləri, bu ərazidə yaşayan insanların mədəniyyət və adət-ənənələri ilə cəlb edir. Məqalədə vurğulanır ki, “Şahdağ” Yay-Qış Turizm Kompleksi həm yerli, həm də əcnəbi turistlərin sevimli istirahət məkanına çevrilib. Ölkənin ilk və ən böyük xizəksürmə mərkəzi dünya standartları səviyyəsində xidmətlər təklif edir. “Şahdağ” kompleksində qışla yanaşı, yayda da turistlər üçün kifayət qədər əyləncə və istirahət imkanları mövcuddur. Məqalədə bu ərazinin tarixi, əsas yaşayış məskənləri və tarixi-mədəni abidələri barədə məlumat verilir.

