Sosial 

Baş infeksionist: Pandemiya hələ bitməyib

Yeni növ koronavirus (COVID-19) yeni infeksiyadır və ona qarşı təsirli dərman vasitəsi icad olunmayıb. Ümumiyyətlə, virus infeksiyalarına qarşı dərman vasitələrinin ərsəyə gətirilməsi üçün uzun illər lazımdır. Belə bir şəraitdə infeksiya ilə mübarizənin ən təsirli metodu məhz vaksinasiyadır. Çünki vaksin olunmuş insanlarda həmin infeksiyaya qarşı həssaslıq müəyyən qədər itir. Əgər peyvənd olunanlar həmin virusla təmasda olarlarsa, onlar ya yoluxmurlar, ya da yoluxsalar belə bu xəstəlik simptomsuz və ya yüngül keçir. Yəni peyvənd olunanlar arasında ağır halların və ölümlərin sayı çox azdır. Buna görə də vaksinasiya ən effektiv yol kimi vacibdir. Amma epidemioloji zəncirin qirilması üçün əhalinin müəyyən hissəsinin tam vaksinləşməsi lazımdır. Bu rəqəm Nazirlər Kabinetinin qəbul etdiyi Vaksinasiya Strategiyasında öz əksini tapıb. Mövcud ştammları da nəzərə alsaq, bu, əhalinin təxminən 70-80 faizini əhatə etməlidir. Yəni vətəndaşların 70-80 faizində bu xəstəliyə qarşı immunitet formalaşmalıdır. İmmunitet iki cür formalaşır: təbii və süni yollarla. Təbii yolla, yəni insan xəstəlik keçirib immunlaşır. Süni yol daha yaxşı üsuldur. Çünki xəstəlik keçirmədən həmin infeksiyaya qarşı dözümlülük əldə etmək mümkün olur.

Azərbaycanda COVID-19 əleyhinə 5 milyon dozadan çox vaksin vurulub. İki milyondan çox vətəndaş vaksinin hər iki dozasını qəbul edib. Həmin şəxslər artıq qorunmuş hesab olunurlar. Peyvəndlər 100 faiz qorumasa da, vaksinin hər iki dozasını qəbul edən şəxsdə müəyyən qoruyuculuq qabiliyyəti, immunitet formalaşır ki, o, yoluxsa belə onda xoşagəlməz nəticələr yaranmayacaq.

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, klassik ştammla müqayisədə yeni mutasiya olunmuş variantlarda peyvəndlərin gücü bir qədər aşağıdır: “Hazırda mövcud olan bütün peyvəndlər istənilən ştammdan qoruya bilir. Sadəcə olaraq fərqlər onların qoruyuculuq faizlərindədir. Yeni mutasiyalarda, o cümlədən “delta” variantında klassik ştammla müqayisədə vaksinlərin qoruyuculuğu bir qədər aşağıdır. Ona görə də çalışmalıyıq ki, insanlarda olan immunitet kifayət qədər yüksək olsun. Risk qruplarının – tibb işçiləri, yaşı 60-dan yuxarı olan vətəndaşlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin immunitetlərini yüksək səviyyəyə qaldırmaq üçün üçüncü doza, yəni gücləndirici doza tövsiyə olunub. Baxmayaraq ki, bunun sübutlu tərəfi tam araşdırılmayıb, bir sıra ölkələr – Türkiyə, Rusiya, İsrail və digər Avropa ölkələri də üçüncü dozanı tətbiq etməyə hazırlaşırlar. Həssas qrupun yoluxma və ya xəstələnmə zamanı bu xəstəliyi daha ağır keçirmə ehtimalı çox olduğundan, o cümlədən həmin şəxslər arasında hospitalizasiya və ölüm hallarının sayını azaltmaq üçün onlara üçüncü doza tövsiyə olunur. Bu, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in birgə bəyanatında öz əksini tapıb. İkinci doza vurulduqdan 6 ay sonra həmin şəxslər üçüncü dozanı qəbul etmək üçün müraciət edə biləcəklər. Nəzərə alsaq ki, Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanılıb və ikinci doza fevralın 15-dən başlayaraq vurulub, deməli avqustun 15-dən etibarən 6 ay tamam olur. Vaksinasiyanın ilk günlərində peyvənd olunmuş şəxslər bu ayın 15-dən etibarən üçüncü doza üçün müraciət edə bilərlər. Bu, məcburi deyil, sadəcə olaraq bir tövsiyədir”.

Baş infeksionist son zamanlar COVID-19-a yoluxma sayında ciddi artımla bağlı əhalini qaydalara riayət etməyə və arxayınlaşmamağa səsləyib: “Bir müddət əvvəl ölkəmizdə koronavirusa yoluxma sayları ikirəqəmli ədədlərə qədər enmişdi. Nəticədə vətəndaşlarda bir qədər arxayınlıq yarandı. Təəssüf ki, əhalinin sıx toplaşma yerlərində, ictimai nəqliyyatda tövsiyə edilən qaydalara bir o qədər də ciddi əməl olunmamasını müşahidə edirik. Arxayınlaşmaq olmaz. Çünki pandemiya hələ bitməyib. Virus öz həssas insanını hər zaman tapır. Bu prosesin qırılması üçün insanlar daha diqqətli olmalıdırlar. Hər kəs öz yoluxma riskini qiymətlərindirməlidir. Qapalı məkanlarda qaydalara xüsusi diqqət etmək lazımdır. Həmçinin mümkün qədər sıx toplanma yerlərindən uzaq olmaq məsləhət görülür Əlləri yaxşı yumadan üz, ağız və göz nahiyəsinə toxunmaq olmaz. Eyni zamanda, vaksinasiyada fəal iştirak vacibdir. Çünki əhalinin vaksinasiyadan keçmə faizi artdıqca və hədəfə doğru irəlilədikcə yoluxma hallarında azalma müşahidə edə biləcəyik”.

AZƏRTAC

Daha çox xəbərlər