Sosial 

“Əks göstəriş sertifikat”ının tətbiqinə zərurət varmı? Sui-istifadə hallarının qarşısını almaq üçün…

Yanvarın 18-dən etibarən “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Statistik məlumatlara əsasən, hazırkı dövrə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 5478042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935 təşkil edir.

Göründüyü kimi, əhalinin müəyyən bir qismi hələ də müxtəlif səbəblərə görə peyvənd olunmayıb. Həmin şəxslərin arasında vaksinə qarşı əks göstərişləri olan vətəndaşlar da var. Bu il avqustun 2-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumat onlar üçün əsl müjdə oldu.

Belə ki, avqustun 9-dan etibarən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında müraciət edən vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək. Bu sənəd vətəndaşlara xidmət sahələrindən istifadə etmək imkanı yaradacaq. Qeyd edək ki, bu sertifikatlar xarici ölkələrə səfər etməyə də imkan verəcək. Yəni, bu sertifikat COVID-19 pasportu tələb olunan hər yerdə keçərli olacaq.

Bir məqamı da qeyd edək ki, peyvənd olunmayanların sayının hələ də çox olmasını nəzərə alsaq, çoxsaylı xəstəlikləri “Əks göstəriş sertifikatı”nın siyahısına əlavə etmək daha çox xaosa, sui-istifadə hallarına şərait yarada, neqativ durumlara yol aça, həmçinin peyvənddən yayınma hallarının çoxalmasına səbəb ola bilər. Bu isə virusa yoluxmanın, eləcə də xəstəlikdən ölənlərin sayının artdığı bir dövrdə heç də arzuolunan deyil. Bütün bunları nəzərə alaraq bir daha əks göstərişləri olmayan və hələ də peyvənd olunmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara ciddi riayət olunmalıdır.

Maraqlıdır, “Əks göstəriş sertifikat”ı və onun verilmə şərtləri haqqında mütəxəssislərin yanaşma və təklifləri nədən ibarətdir? Ekpsertlər pandemiya ilə mübarizənin davam etdiyi dövrdə bu yeniliyi zəruri hesab edirlərmi?

Vaksin və immunitet sertifikatlarının tətbiqi daha faydalıdır

Həkim-infeksionist Mərdan Əliyev “İki sahil”ə açıqlamasında bildirdi ki, immunitet sertifikatı o şəxslərə verilir ki, onlarda xəstəliyə qarşı immun sertifikatı formalaşıb, xəstəliyə yoluxub və sağalıb. Bəzi şəxslər var ki, virusa yoluxduqdan sonra xəstəxanaya getməyiblər, evdə müalicə olunaraq sağalıblar. Elə insanlar da olub ki, xəstəliyi asimptomatik keçirib, müəyyən qism isə hətta ağır keçirib, amma testin nəticəsi neqativ göstərdiyindən sistemdə xəstə kimi qeydiyyata düşməyib. Bu şəxslərdə qan analizi vasitəsilə immun sisteminin  vəziyyəti barədə məlumat almaq, qandakı antitel cisimlərinin miqdarını yoxlamaq olar. Həmin cisimlər immunqlobin (lgA, lgG, lgM) antitelləridir ki, onlar vasitəsilə asanlıqla şəxsin COVID-19 qarşı immun vəziyyəti müəyyən oluna bilir. İmmunitet sertifikatı əslində, ən dəqiq və etibarlı sənəddir. Çünki bu immun  sisteminin göstəricisi barədə məlumatdır. Amma vaksin sertifikatı isə peyvənd olunmuş hər bir şəxsə verilir. Bəzən elə ola bilər ki, peyvənd olunmuş şəxsdə immunitet əmələ gəlməyə də bilər. Bu onu göstərir ki, vaksin 100 faiz hər kəsdə eyni effektlə nəticələnməyib, hər insanda müxtəlif cür özünü göstərə bilər.

“Əks göstəriş sertifikat”ı olan şəxslərə kütləvi yerlərə, mərasimlərə daxil olmaq şansı verilməyəcək

Müsahibimiz “Əks göstəriş sertifikat”ı haqqında bəhs edərkən qeyd etdi ki, bu, bir qədər fərqli sənəddir. Bu sənəd həmin şəxslərə hər hansı bir yerə, restorana, böyük marketlərə, kütləvi yerlərə, toylara getmək üçün məhdudiyyəti aradan qaldırmayacaq. Çünki bu sənədin varlığı onu göstərir ki, sertifikatın sahibi virusa yoluxmayıb və ona vaksin vurdurmaq da olmaz. Bu da o deməkdir ki, həmin şəxs hər an xəstəliyə yoluxa bilər və yoluxdura bilər. Zənnimcə, “Əks göstəriş sertifikat”ı olan şəxslərə kütləvi yerlərə, mərasimlərə daxil olmaq şansı verilməyəcək. Bu sənəd həmin insanların özləri üçündür ki, vaksinlə bağlı  “niyə” sualı verildiyi zaman sertifikatını göstərə bilsin. Yəni, sertifikat bu tip sorğulara verilən “Peyvənd vurdurmaq mənə əks göstərişdir”, “Mənə peyvənd vurdurmaq olmaz” cavabıdır.

Həkim-infeksionistin sözlərinə görə, bu yeniliyin tətbiqi “zərurət” idi. Çünki elə ölkələr var ki, orada hər kəs vaksin vurdurmaq istəyir. Kim vurdurmursa deməli, həqiqətən onun səhhəti üçün vaksin ciddi təhlükədir. Amma bizdə vəziyət bir qədər fərqlidir. Hələ də vaksinin qoruyuculuğuna inanmayan, əks-təbliğat kampaniyalarına inan və birbaşa iştirakçısı olanlar, şayiə yayanlar və bu səbəbdən peyvənd olunmayanlar az deyil. Bu kimi halları fərqləndirmək, üzə çıxarmaq üçün bu sənədin tətbiqi bizə mütləq lazım idi.

Sertifikatın verilməsi prosesinin şəffaflığına ciddi nəzarət olunmalıdır

Müsahibimiz vurğuladı ki, sənədin alınması ilə bağlı sui-istifadə hallarına yol verilməməsi üçün prosesin şəffaflığına, obyektivliyinə tam ciddi nəzarət olunmalıdır. Zənnimcə, peyvənd olunmaqdan yayınanlar, sui-istifadə edən əhali qrupu “Əks göstəriş sertifikat”ının tətbiqindən sonra bu cür neqativ hallara yol verməyəcəklər. Çünki artıq mütəxəssis komissiyası təyin edəcək ki, peyvənd vurdurmaq olar, ya yox.

Kimlərə “Əks göstəriş sertifikat”ı veriləcək?  Vaksinə qarşı əks göstərişlər necə müəyyənləşəcək?

19 saylı Şəhər Poliklinikasının Baş həkiminin müavini Yeganə Cəfərova “İki sahil”ə açıqlamasında bildirdi ki, “Əks göstəriş sertifikat”ını 18 yaşdan aşağı şəxslərə, hamilə qadınlara, süd verən analara və vaksinin hər hansı komponentinə qarşı allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər əldə edə bilərlər. Bununla yanaşı,  bütün  xroniki xəstəliklərin kəskin dövründə də həmin xəstələrə vaksin vurdurmaq olmaz. Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksin vurulması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı.

Y.Cəfərova qeyd etdi ki, “Əks göstəriş sertifikat”ı da immunitet və vaksin sertifikatı qədər keçərli olacaq və həmin sertifikatı əldə etmiş şəxslər eyni hüquqa malik olacaqlar. Bu sertifikatın əldə edilməsi üçün sui-istifadə hallarına yol verməmək üçün hər bir poliklinikanın nəzdində həkim-nəzarət komissiyası təşkil olunub. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur. Özünü xəstə hesab edən və xəstəliklə bağlı sənədləri olan şəxslər artıq poliklinikalara müraciət edirlər. Sənədlər qəbul olunaraq Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya göndərilir. Vaksinə qarşı əks göstərişin müəyyənləşdirilməsi prosesinə gəlincə, müraciət edən şəxsə onun təqdim etdiyi tibbi sənədlər əsasında, əgər, tibbi sənədlər təqdim etmirsə şikayət etdiyi xəstəlik üzrə yönləndirmiş müayinələr həyata keçirilməklə təyin edilir.

Daha çox xəbərlər