Pandemiya dövründə dini mərasimlər necə keçirilməlidir?
Avqust 10-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. Aşura günü isə avqustun 19-na təsadüf edəcək. Bu il də Məhərrəmlik ayı və Aşura koronavirusla bağlı yaranmış təhlükəli və riskli dönəmə təsadüf edir.
Hazırda ölkədə koronavirus infeksiyasına yoluxma sayının və ölüm hallarının artdığı, sərt qapanmanın tətbiqinin yenidən gündəmə gəldiyi bir dövrdə kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini daha da artıra bilər. Bəs pandemiya ilə mübarizə dövründə dini mərasimlər, ibadətlər necə həyata keçirilməlidir?
Koronavirus pandemiyasının iqtisadi, sosial və səhiyyə ilə yanaşı, humanitar sahəyə də dərin təsiri olub. Əksər ölkələrdə izolyasiya tədbirləri çərçivəsində təhsil müəssisələri, mədəniyyət ocaqları, o cümlədən, məscid, kilsə, məbəd və s. ibadət yerlərinin fəaliyyəti dayandırılıb. Müsəlmanlar Ramazan ayı mərasimlərini, Qurban bayramını, xristianlar Pasxa, yəhudilər Pesax və digər dinlərin mənsubları bayram və əlamətdar günləri ənənəvi qaydalara uyğun olaraq ibadətxanalarda deyil, ev şəraitində qeyd ediblər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edirlər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməli, dini ayinlərin Operativ Qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetirilməsini təmin edilməli, virusun yayılma təhlükəsinin çoxalmaması üçün insanlar sıx toplaşmamalıdır.
QMİ Qazılar Şurası və səlahiyyətli nümayəndələri bildirirlər ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükədən uzaq tutmaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz. Məhəmməd (s) belə buyurmuşdur: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”.
İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasında Allahın qarşısında məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin COVID-19 ilə bağlı müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edilir ki, məhərrəmlik ayının ayinləri karantin qaydalarına uyğun keçirilsin. Eyni zamanda, cəmiyyətimiz pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasının təbliğində aktiv mövqe tutaraq bu ağır bəladan Allahın köməyi ilə hifz olunsun.
Aşura mərasiminin məscidlərdə qeyd olunmaması pandemiya ilə bağlıdır və möminlər bunu anlayış və həmrəyliklə qarşılayırlar

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında əvvəlcə onu bildirdi ki, məhərrəmlikdə bir çox tarixi hadisələr baş versə də, bu ay daha çox Kərbəla hadisəsi ilə yadda qalmışdır. Məlum olduğu kimi, hicri 61-ci ilin məhərrəm ayının 10-da baş verən Kərbəla hadisəsi həzrət Peyğəmbərə (s) və onun əhli-beytinə (ə) ehtiram əlaməti olaraq Aşura günü kimi qeyd edilir. Məhz bu gündə müsəlmanlar bir araya toplaşaraq İmam Hüseyn (ə) və onun yaxınlarının faciəli şəkildə qətlə yetirilmələrini yad edir, müxtəlif ayinlərlə Aşura mərasimini keçirirlər. Xalqımızın milli-mənəvi təfəkküründə, ədəbiyyat və incəsənətində də özünəməxsus yer tutan məhərrəm ayı əsrlərdir ki, ölkəmizdə hər il matəm mərasimi kimi qeyd olunur. Bu ayda şadlıq məclisləri qurulmur, toy-düyün mərasimləri isə təxirə salınır. Məhərrəm ayında diqqət yetiriləcək qeyd etdiyimiz bu xüsusiyyətlərlə yanaşı, müsəlmanlar daha yaxşı olar ki, bu ayda dini işlərində daha da həssas olsunlar, islam, xüsusilə də Kərbəla hadisəsinin tarixinə aid kitabları mütaliə etsinlər və pandemiya ilə əlaqədar olaraq səhiyyə qurumlarının tələb etdikləri qaydalara ciddi riayət etsinlər.
Qapalı məkanlara toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil
Müsahibimiz qeyd etdi ki, dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var: “Dinimiz insan sağlamlığına xüsusi diqqət göstərir, bütün kainatın insanlar üçün yaradıldığını vurğulamaqla insanın digər varlıqlardan üstün olduğunu bildirir. Qurani-kərim və hədisi-şəriflərdə insanların özlərinin və başqalarının canlarını qorumaları ciddi şəkildə tövsiyə edilir, “Öz əlinizlə özünüzü təhlükəyə atmayın!” – deməklə insanın canına və malına gələ biləcək hər hansı bir təhlükə ilə rastlaşdığı zaman özünü və malını qoruması Uca Allah tərəfindən əmr olunur. Uca Allah “Qurani-Kərim”də “Özünüzü öz əlinizlə təhlükəyə atmayın”, Peyğəmbərimiz (s) də “Əgər bir məkanda xəstəliyin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın” deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil. Dünyanın bütün nöqtələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin keçirilməsinin müvəqqəti dayandırılması və ya məhdudlaşdırılması dövrümüzün gerçəkliyidir. Mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar. Bu dini bir məsələ deyil, bunu inanclı olan hər şəxs başa düşməlidir ki, bu tibbi məsələdir. Əminik ki, tezliklə COVID-19 virusu aradan qalxacaq və məhz xəstəlik səbəbindən təkcə ölkəmizdə deyil, bir çox müsəlman ölkəsində müvəqqəti olaraq bağlanmış məscidlər inanclı insanların üzünə açılacaq. Bütün bu dediklərimizin fonunda bir daha bunu bildirmək istəyirik ki, pandemiya şəraitində vətəndaşlarımız maksimum şəkildə səhiyyə qurumlarının tələblərinə əməl etməli, həm özlərini, həm də başqalarının sağlamlıqlarını qorumalıdırlar.
İ.Quliyev qeyd etdi ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə pandemiya ilə bağlı vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər: “Buna görə də, kütləviliyi ilə seçilən, sosial məsafənin qorunması çətin olan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq virusa yoluxma sayının artma ehtimalı baxımından insanlarımız və cəmiyyətimiz üçün təhlükəli ola bilər.”
Məhərrəm ayına xas ayinlər kütləvi şəkildə deyil, fərdi qaydada keçirilməlidir

İlahiyyatçı Ağa Hacıbəyli “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün qlobal problemlər sıyahısında ön sırada koronavirus pandemiyası dayanır. COVID-19-un ən təhlükəli cəhəti həm də ondadır ki, o, bəşəri səciyyə daşıyaraq, insanların sağlamlığını, rahatlığını və həyat tərzini təhdid altında saxlayır: “İki ilə yaxın müddətdir ki, istər ölkəmizdə, istərsə də dünyanın dörd bir tərəfində koronavirusla bağlı kütləvi toplantıların və tədbirlərin keçirilməsi məhdudlaşdırılıb. Özəlliklə möminlərin, inanclı şəxslərin həssasiyyət duyduğu cümə namazları, bayram namazları, xüsusilə də Məhərrəm ayınında keçirilən Aşura mərasimi və digər dini tədbirlər kütləvi şəkildə təşkil olunmur. Pandemiya ilə mübarizə hələ də davam edir. Təəssüflər olsun ki, son günlər yoluxma sayı hətta 2 minə yaxınlaşır. Buna görə də möminlərin, din xadimlərinin daha tədbirli olmalarına ehtiyac duyulur.”
İlahiyyatçı qeyd etdi ki, İslam aləmi üçün müqəddəs sayılan, əbədi yaşamaq rəmzi olan, şəhadət ayı hesab edilən Məhərrəm ayı və İslam uğrunda mübarizə aparan, Kərbəla düzündə şəhid olanların şəhədət günü- Aşura taziyələri Azərbaycanda da hörmətlə qeyd olunur. Pandemiya, karantin rejiminə təsadüf edən Məhərrəm ayında, Aşura günündə insanların kütləvi toplaşmasına qoyulan məhdudiyyətləri Azərbaycan möminləri, inanclı şəxslər böyük hörmətlə yanaşır, dövlətin gördüyü işləri yüksək qiymətləndirir, məsuliyyət və nizam-intizamlı davranışla qlobal bəla ilə mübarizəyə dəstək olurlar. Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas ayinlərin, inancların kütləvi şəkildə deyil, bütün müsəlman aləmində razılaşdırılmış qaydalara uyğun, fərdi qaydada keçirilməsi məqsədəuyğundur. Azərbaycanda Aşura günü dindarların bir yerə yığışması yeni yoluxmaların sayının artıra, koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin uzadılmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər.
Həmsöhbətimiz əlavə etdi ki, hər il Məhərrəmlik günlərini, Aşuranı məscidlərdə, ibadətlə keçiririk. Ötən il olduğu kimi, bu il də karantin olduğuna görə, belə imkanlara sahib deyilik. Daha yaxşı olar ki, insanlar keçən il etdiyimiz kimi evlərində, fərdi şəkildə ibadət və dualarını etsinlər, moizələri dinləsinlər. Beləliklə də həm özümüzü qorumaq, həm də ətrafdakı insanları mühafizə etməklə, ümumilikdə isə can və sağlamlıq əmanətini qorumuş olarıq. Çünki bizim vücudumuz da sağlamlığımız da Tanrı tərəfindən bizə verilmiş əmanətlərdir. Allah hər şeyi görür, bilir, eşidir, duaları qəbul edir. Ümid edək ki, hər şey sağlıqla, salamatlıqla yekunlaşacaq.

