Bir millət, iki dövlətin sevinci də, kədəri də birdir
İlyas Hüseynov: Meşə yanğınlarının diversiya qrupları tərəfindən törədilməsi ilə bağlı faktlar var
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci dövlət yoxdur. Xalqlarımız cəmiyyətlərmiz də sevincdə də, kədərdə də bir yerdədirlər.
Bu gün qardaş ölkənin çətin günləridir. Son günlərdə Türkiyədə baş verən meşə yanğınları zamanı bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına şahidlik etdi. Belə ki, Azərbaycan dövləti Türkiyənin bir sıra vilayətlərində baş qaldıran meşə yanğınlarına dərhal reaksiya verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən,iyulun 30-dan bu günə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) təcrübəli yanğınsöndürmə qüvvələri tərəfindən köməklik edilir. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Marmaris ərazisində yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.
Ümumiyyətlə, meşə yanğınlarının başlandığı gündən indiyədək Azərbaycan yanğınsöndürənlərinin göstərdiyi bu fədakarlıq qardaş ölkə tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir – əyani ifadəsidir.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan və Türkiyə arasında dostluq və strateji müttəfiqlik münasibətləri tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxıb: “Türkiyə hər zaman qardaş Azərbaycana öz dəstək əlini uzatmışdır. Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu əməli, praktiki fəaliyyəti ilə həyata keçirmişdir. Son günlər Türkiyədə baş verən meşə yanğınlarında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin bir qrup yanğınsöndürən və xilasedicisinin həmin ərazilərə ezam olunması da göstərir ki, ən çətin məqamlarda da iki qardaş ölkə bir-birinin yanındadır. Eyni zamanda, amfibiya təyyarəsinin də Azərbaycan tərəfindən Türkiyəyə təqdim olunması yanğınların lokallaşdırlmasında və böyük yardımçı olmuşdur”.
Politoloq qeyd etdi ki, Türkiyədəki yanğınların diversiya qrupları tərəfindən törədilməsi ilə bağlı faktlar var: “Bunu deməyə əsas verən digər önəmli məqam ondan ibarətdir ki, Türkiyənin müxtəlif coğrafiyalarında eyni vaxtda meşə yanğınlarının baş verməsi burada terror əməllərinin olduğunu sübuta yetirir. Meşə yanğınları Türkiyə iqtisadiyyatına ciddi zərər vurmuşdur. Lakin biz inanırıq ki, qardaş ölkə bu çətin sınaqlar qarşısından üzüağ çıxacaqdır. Əsas məsələ bir daha bu cür yanğınların baş verməməsi üçün təhlükəsizilik tədbirlərinin gücləndirilməsidir. Bununla yanaşı, yanğında əli olan şəxslərin qanun qarşısında mühakimə edilməsi və ən sərt çəkildə cəzalandırılması mütləq xarakter daşıyır”.

