Dəmir Yumruq hazır vəziyyətdədir
Ermənilər Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin operativ-nəzarət fəaliyyəti arealında mövqelər və postlar yaratmağa davam edirlər.
Hazırda Xocavənd-Xankəndi yolu boyunca, habelə Şuşanın yaxınlığında ermənilərin artıq 8 yeni mövqeyi var.
Ermənilər Xocavənd şəhəri ətrafında, Nərgizqala və Gülmantəpə yüksəkliklərində, habelə Əmiranlı, Muğanlı kəndlərində və Yuxarı Veysəlli kəndi ilə üzbəüz məkanda mövqelərinin inşasını başa vurublar.
Həmin mövqelərdə iriçaplı silahlar, pulemyotlar, minaatanlar da var.
Bununla yanaşı, silahlı erməni birləşmələri də Qarabağın rusiyalı sülhməramlıların nəzarətindəki arealında mövcudluqlarını davam etdirirlər.
Onlar Ağdərə rayonunda, Sərsəng su anbarının ətrafındakı Həsənriz, Çapar, Umudlu, Ortakənd və Çıldıran, habelə Xocavənddə məskunlaşıblar.

Halbuki ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanaraq 44 günlük Vətən Müharibəsinə son qoyan üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: “4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Ermənistan siyasətçiləri, hakimiyyət mənsubları və siyasi ekspertlər isə indi həmin bəndi bildikləri kimi izah edir, fərqli interpretasiyaya çalışırlar. Onların dediklərinə görə, sən demə, bənddə “Dağlıq Qarabağ” ifadəsi olmadığından, erməni silahlı qüvvələrinin “Dağlıq Qarabağ ətrafındakı ərazilərdən” çıxarılması nəzərdə tutulubmuş.
Halbuki üçtərəfli bəyanatda “Dağlıq Qarabağ ətrafındakı ərazilərdən” ifadəsi də yoxdur.
Bu səbəbdən də təbii olaraq suallar yarana bilər:
1. Qarabağ ərazisindən hansı silahlı birləşmələr çıxarılmalıdır?
2. Silahlı birləşmələr haradan çıxarılmadıdır?
İlk suala cavab verək.
Hazırda rusiyalı sülhməramlı kontingentin nəzarətində olan ərazilərdəki ermənilərin silahlı birləşmələrini Ermənistan və Rusiya “yerli qarabağlı ermənilərin könüllü dəstələri” kimi təqdim edirlər. Yəni guya bu silahlı terrorçular və separatçılar yerli sakinlərdir ki, əllərinə silah alaraq nəyisə kimdənsə “müdafiə” etməyə çalışırlar.
Realıq isə başqadır: həmin dəstələrdəki şəxslərin total əksəriyyəti Ermənistan Müdafiə Nazirliyinin hərbi çağırışla xidmətə çağırdığı Ermənistan vətəndaşlarıdır. Yəni bu silahlı dəstələr Ermənistan vətəndaşlarından formalaşmış birliklərdir.
Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa, Azərbaycan ərazisinə sürəkli olaraq hərbçilər daşınır. Onların bir qismi KamAZ və Ural markalı hərbi nəqliyyat avtomobillərində daşınsalar da, əksəriyyətinin dislokasiyası üçün minik avtomobillərindən, avtobuslardan istifadə edilir. Bu zaman erməni hərbçilər mülki paltarda olurlar.
Üçtərəfli bəyanatda isə Ermənistan hərbçiləri və ya “yerli qarabağlı ermənilər” yazılmayıb – “erməni silahlı qüvvələri” ifadəsi yer alıb.
Yəni Ermənistan vətəndaşları olan hərbçilər və ya yerli qarabağlı ermənilər arasında silahlanmış şəxslər – fərq etmir, hamısı çıxarılmalıdır.

İkinci sualın cavabı isə daha bəsitdir. Belə ki, üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin çıxarılmasının müddəti mücərrəd göstərilməyib – rusiyalı sülhməramlı qüvvələrin bölgəyə yeridilməsi ilə eyni vaxtda, sinxron olaraq göstərilib.
Sənədə görə, erməni silahlı qüvvələr çıxarılır, onların çıxarıldıqları ərazilərə isə rusiyalı sülhməramlılar yeridilir.
Sözügedən ərazilər barədə isə üçtərəfli bəyanatın 3-cü bəndində aydın yazılıb: “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir”.
Göründüyü kimi, sənəddə “Dağlıq Qarabağ ətrafındakı ərazilər”dən söhbət getmir.
Əslində, gedə də bilməz, çünki Qarabağ ərazilərinin tam əksəriyyəti erməni işğalından azad olunub, həmin ərazilərdə erməni silahlı qüvvələri yoxdur.
Apriori, aksiomatik olaraq.

Ümumiyyətlə, Vətən Müharibəsinin məğzi, məqsədi və məzmunu erməni işğalındakı ərazilərimizin azad edilməsi deyildi. Məqsəd və məram o idi ki, Azərbaycan kimsədən rüsxət gözləmədən, heç bir dövlətin və ya beynəlxalq təşkilatın dəstəyinə bel bağlamadan ərazi bütövlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını özü bərpa etdi.
Həmin savaşda Azərbaycan-Türkiyə qardaşlığının əsrlər boyu mövcud olmuş formatı daha da gücləndi, çünki Vətən Müharibəsindəki şəhidlərimizin qanı qardaşlığımızı suvardı, müstəqilliyimizə güc qatdı, ölkənin qəddini ucaltdı.
Məhz bu səbəbdən Azərbaycan indi istənilən dövlət və ya təşkilatla şaquli yox, üfüqi münasibətlər çərçivəsində danışır.
Özümüzə arxalanıb öz gücümüzə bel bağladığımız üçün.
Dəmir Yumruq isə həmişə hazır vəziyyətdədir.
Düşmən və bədxahlarımız bunu yaxşı bilsinlər.

