Bizi irəliyə aparan milli ruh Qələbəni təmin etdi
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün bu illər ərzində bir amalla yaşadıq – torpaqları azad, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq
Hər bir dövləti dünyada tanıdan siyasəti ilə yanaşı, tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, dilidir. Azərbaycan xalqını yenilməz, məğrur xalq kimi tanıdan, dünya xalqları arasında özünəməxsusluğu ilə seçilməsini şərtləndirən əsas amillər də məhz bunlardır. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı heç zaman keçmişini unutmayaraq bu günü ilə qürur duymuş və gələcəyə böyük inamla baxmışdır. Necə ki, bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin gec-tez öz ədalətli həllini tapacağına əmin idi. 30 ilə yaxın torpaq həsrətinə 44 gündə son qoyuldu. Azərbaycan Dövlətinin Prezidenti İlham Əliyevin qətiyyətinin nəticəsində Azərbaycan Ordusu gücünü, qüdrətini nümayiş etdirdi, nəinki ölkəmizin, dünyanın hərb tarixinə yeni səhifə yazdı. Zəfər Günümüz 30 ildə qət olunan yolun uğuru, qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində zəngin mənbə oldu. Hər an hər kəsin qəlbindən keçən bu hissləri ifadə etmək istərdik-Zəfərin mübarək, Azərbaycan! Azərbaycan xalqına yalnız qələbələr yaraşır.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu baxımdan ki, ölkəmizdə yaşayan bütün xalqların, millətlərin nümayəndələri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etdi, tarixi Zəfərimizə böyük töhfələrini verdilər. May ayında ölkə Prezidentinin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” musiqi festivalının birinci günü müxtəlif xalqların musiqi yaradıcılığının nümayişi də bir çox məqamların təqdimatı oldu. “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdik. Ölkələr belə inkişaf etməlidir. Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən bildirir ki, bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşa Azərbaycan xalqının milli sərvətidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Gələn il Şuşanın 270 illiyi qeyd olunacaq. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, məscidlərimiz, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşanın hər daşı, qayası, küçəsi bir tarixdir. “Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu” söyləyən dövlət başçısı İlham Əliyevin keçirdiyi qürur hissi 44 günlük Vətən müharibəsi dövründə xarici mətbuata müsahibələrində “Şuşasız bizim işimiz yarımçıq olar” fikrinin arxasında hansı böyük istək, nisgil dayandığını açıqladı. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra cənab İlham Əliyevin musiqi beşiyimizə təkrar-təkrar səfərlərinin hər biri tariximizə mühüm hadisələrlə yazıldı. Şuşada Cıdır düzündə Novruz tonqalı yandırıldı. Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə qardaşlığının yüksək zirvəsi, bütün dünyanın barışmalı olduğu gerçəkliyin təqdimatı olan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan Prezidentinin dost, qardaş ölkənin Prezidentini Qarabağımızda qarşılaması özündə bir çox mesajları ehtiva etdi.
Haqqında bəhs etdiyimiz “Xarıbülbül” musiqi festivalının da məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi təsadüfi deyildi. Qeyd etdiyimiz kimi, Azərbaycan xalqı öz dininə, milli, mənəvi köklərinə bağlı olan xalqdır. Ölkə Prezidenti vurğulayır ki, əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik: “Biz bütün bu illər ərzində bir amalla yaşamışıq – torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq.” Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyırdı. “Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı… Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı.”
Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında da tarixi, mənəvi bağlılığımız, dəyərlərimiz əsas rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə isə ulu öndərlərin – «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir.
«Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla, dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər ki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanş çağırışlar səsləndirən Ermənistan kimi onun havadarlarına da xəbərdarlıqdır. Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması, şənliklərdə birgə iştirak, Türkiyənin bütün bölgələrindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya Türkiyə- Azərbaycan birliyini nümayiş etdirir.
Qarabağın yenidən dirçəldilməsi işlərində ölkəsinin yaxından iştirakını qardaş dəstəyi adlandıran Rəcəb Tayyib Ərdoğan bildirir ki, İkinci Qarabağ müharibəsində düşmənə qalib gələn Azərbaycan xalqının Qələbəsinə öz uğuru kimi sevinən Türkiyə xalqı azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də Azərbaycana hər cür dəstəyini davam etdirəcək.
Türkiyədə baş verən meşə yanğınları bir daha diqqəti iki dost, qardaş ölkənin münasibətlərinə yönəltdi. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərkən yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha bildirərək həmrəyliyini ifadə etdi. Ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 100-ə çatdığı bildirilir. Yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürən fəaliyyət göstərir. Əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsi təklif edilmişdi. Beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağı bildirilmişdir. Bu dəstək Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümüdür.
Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının videoproyeksiya olunmasının da öz rəmzi mənası var. Bu, “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib. Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların 14-cü günündən dövlət başçısının tapşırığı ilə Türkiyənin dövlət bayrağı Heydər Əliyev Mərkəzinin üzərində dalğalanmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Qülləsində, Ankarada Ataqüllədə və Türkiyənin bir çox meydanında dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz.
Tədbirdə iştirak edən türkiyəli vətəndaşların böyük qürur hissi ilə səsləndirdikləri “Nə xoşbəxt ki, Türk millətiyik, necə sevindirici haldır ki, Azərbaycanla qardaşıq” kimi fikirlər iki dost, qardaş ölkə arasında birliyin, həmrəyliyin yalnız dövlətlər, prezidentlər deyil, sadə vətəndaşlarda da necə xoşbəxlik hissi yaratdığını nümayiş etdirir.
Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı da tarixi köklərə, dəyərlərə bağlılıq hissinin göstəricisidir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipi budur: Bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur və inkişaf etdirilməlidir. Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşaması da dəyərlərə bağlılığımızdan, humanizm prinsiplərinin qorunmasından irəli gəlir. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi də tolerantlığın, multikulturalizmin həyat tərzimizə çevrilməsinin göstəricisidir. Azərbaycanın 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də milli-mənəvi dəyərlərə bağlılığımzın, bu istiqamətdə atılan addımların uğurlu nəticəsi kimi dəyərləndirildi. Bu mühüm hadisə bir daha təsdiqlədi ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.
Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, tarixi Zəfərimiz Azərbaycan gəncliyində Vətən, torpaq sevgisinin nə qədər böyük olduğunu, onların canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdi. Qələbəmizi şəhidlərimizin qanı, canı bahasına qazandıq. Şəhidlərimizin həyat yolu gənclərimiz üçün bir vətənpərvərlik məktəbidir. “Vətəndən pay olmaz, ömürdən pay olar” deyib silaha sarılaraq torpaqlarımızı işğaldan azad edən, 30 il tarixi sahibini gözləyən ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması sevincini xalqımıza yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Qalib ölkənin vətəndaşı olmaq böyük qürurdur. Adını tariximizə qalib ölkənin qalib Sərkərdəsi kimi yazan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək.

