Mina xəritələrinin Azərbaycana verilməməsi əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır
İşğalçı ölkənin Azərbaycana qarşı mina müharibəsi davam edir. Bildiyimiz kimi, otuz illik münaqişə zamanı yüzlərlə azərbaycanlı Ermənistan tərəfindən yerləşdirilmiş piyada və tank əleyhinə minaların partlamasının qurbanı olub. Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə Baş Prokurorluq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşərək həlak olan və yaralanan mülki şəxslərin sayı barədə açıqlama yayıb. Bildirilib ki, 10 noyabr 2020-ci il tarixindən bu ilin avqustun 11-dək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 23 mülki şəxs həlak olub, 36 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onu da qeyd edək ki, bu il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə mina xəritəsini Azərbaycan tərəfinə verilməsinə məcbur edilmişdi. Bundan üç həftə sonra isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış 92 min minanın xəritəsi alındı. Belə ki, üç rayon üzrə 189 min minaya dair xəritənin alınması diplomatiyamızın uğuru olmaqla bərabər, davamlı səciyyə daşımalı və digər ərazilərin mina xəritələri də mütləq şəkildə təhvil verilməlidir. Çünki ərazilərimizdə hələ nə qədər partlamamış mina qalır ki, onların xəritələri hələlik əldə edilməyib. Bu gün ANAMA istehkamçıları tərəfindən, dost ölkələrin köməyi ilə Qarabağın minalardan təmizlənməsi prosesi sürətlə davam edir. Nə qədər vaxt aparan iş olsa da bütün güclər maksimum səfərbər olunub ki, minatəmizləmə işləri sürətlə getsin. Sözsüz ki, hər bir kəs minaaxtaranların necə çətin bir vəziyyətdə işlədiklərindən xəbərdardır. Onların hər anı, hər dəqiqəsi təhlükədir. Erməni qəsbkarları minaları hara gəldi basdırıb, torpaqlarımıza ölüm əkib, qəddarlığını bir daha nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın bu vandallığına münasibət bildirərkən deyib: “Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur”.
Xatırlayırıq ki, bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyan İrəvanın “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına müsahibəsində Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 hektar ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada əleyhinə mina basdırdıqlarını etiraf etmişdi. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bununla bağlı araşdırma aparıldı. “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru K.Qumaşyanın digərləri ilə qabaqcadan cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirməsi, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətməsi barədə məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi həmin faktların təsdiqi kimi təfsir edilir. Həmçinin son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqiliyini təsdiqləyir. Buna görə də Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandı. Həmin əməllərə görə Koryun Qumaşyan təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçildi və o, beynəlxalq axtarışa verildi.
Göründüyü kimi, bu, mənfur düşmənin ərazilərimizdə basdırdıqları minalarla bağlı çoxsaylı faktlardan yalnız biridir. Belə ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələbinə səs verməli, işğalçı Ermənistandan bütün mina xəritələrinin təqdim olunmasını qəti şəkildə tələb etməlidirlər. Onsuz da Azərbaycan tərəfi ərazilərini minalardan tam təmizləyəcək, orada təhlükəsiz həyat üçün bütün zəruri şəraiti yaradacaq. Sadəcə, ermənilərin riyakarcasına müqavimət göstərməsi Qarabağda bərpa-quruculuq işlərini ləngidə bilər. Bu, olmasın deyə, qalib dövlət kimi həmin xəritələrin qeyd –şərtsiz alınmasında israrlıyıq.

