Gündəm 

Qozbeli qəbir düzəldər

Bəs qəbir düzəltməsə necə?

Dədə – babalarımız  bu qədim misalı ilk dəfə  dilə gətirəndə doğulandan qəbir evinəcən öz pis xasiyyətlərindən və əməllərindən  əl çəkməyən adamları nəzərdə tutublar. Bəlkə də  Azərbaycanda bu misal yarananda  əcdadlarımızın  heç erməni  adında  qonşusu da olmayıb.  Olsaydı,  yəqin deyərdilər ki,  bəzi qozbel millətləri nəinki qəbirlə, hətta dağları yaran  külünglə, dəmir çəkiclə düzəltmək olmaz…

Şübhəsiz, hər bir millətin, eyni zamanda, dövlətin qan yaddaşı var.

Ermənilərin  qərinələr öncə Qafqazda məskunlaşması,  onların xislətindəki qozbellik,  torpaq hərisliyi   ilk  növbədə  bu regionda   hökmranlıq etmək  istəyən dövlətlərin də  əlində  açar olub. Zaman-zaman  ən çox  Azərbaycan torpaqlarını   və  neftini  ələ  keçirmək  üçün özgələrinin alətinə çevrilən ermənilər  aborigen xalq olduqlarını hər vasitə ilə təsdiqləməyə çalışıblar. XX əsrin əvvəllərindən sonuna kimi   onların  öz mənfur niyyətlərini reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan, deportasiya siyasətindən, işğalçılıqdan keçdi.  Təəssüf ki, dünya birliyi Azərbaycan xalqına qarşı ermənilər tərəfindən tarixən törədilən cinayətlərə,  Xocalı soyqırımına, Qarabağın 30 ilə yaxın  işğal altında qalmasına, BMT-nin məlum qətnamələrinə obyektiv qiymət vermədi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Azərbaycan nəhayətində öz göbəyini özü kəsdi.”

Düzü, düşünürdük ki, 44 günlük Vətən müharibəsində Milli Ordumuzun uğurla başa çatdırdığı “Dəmir yumruq” əməliyyatı erməni  millətinin  qozbel “başbilənlərinin”, hərbi -siyasi rejiminin ağlını başına gətirər. Amma…

Ermənistan tərəfi məqsədyönlü şəkildə  bölgədə vəziyyətin gərginləşdirilməsi üçün  yenə təxribatlara əl atmaqdadır. Gah Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejimini pozaraq ərazilərimizi müxtəlif istiqamətlərdən  atəşə tutur,  gah üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıyır, eyni zamanda,  Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qurur.

Bir  sözlə, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmaması vəziyyəti daha gərginləşdirir.

Bu  barədə Azərbaycan Müdafiə Nazirliyinin son məlumatında bəhs olunur: “Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur.”

Aərbaycan Müdafiə Nazirliyi rus sülhməramlılarına da xəbərdarlıq edərək bildirdi ki, Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Təbii ki, Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi  diqqətə  çatdırılır.  Lakin  Azərbaycan vətəndaşı  olaraq  hər birimizi bir sual narahat edir: Bu gün BMT-nin Qarabağda monitorinq missiyası yoxdur. Bu təşkilat  öz işini yalnız  tərəfləri mülki vətəndaşların təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırmaqla  bitmiş hesab edir. Bəs görəsən, Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti  Xankəndidəki poliqonda  hansı məqsədlərlə təlimlər keçirir? Dağlıq ərazidə təbii  və düşmən mövqelərinin imitasiyası  kimlərin bölgədəki marağına xidmət edir?

Digər  tərəfdən,  Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında  bildirib ki, bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi yolverilməzdir. “Bu, təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir”. Əgər baş nazirin dediyi kimi, Ermənistan ərazi zəbt etmək və ya hər hansı digər təcavüzkar fəaliyyətlərə getmək niyyətində deyilsə, bəs  onda  bölgədəki  son təxribatların  “ssenari müəllifləri”  kimlərdir?

Daha çox xəbərlər