Şadlıq sarayının qarşısında tapılan körpələrdən XƏBƏR VAR – YENİLƏNİB – FOTO
Bərdədə küçədə tapılan iki uşağın sağlamlıq vəziyyəti yaxşıdır.
ARANTV.AZ bildirir ki, bu barədə qafqazinfo-ya Bərdə Rayon Mərkəzi Xəstəxanasının metodisti Nərmin Abbasova məlumat verib.
O qeyd edib ki, xəstəxana uşaqları nəzarətinə götürüb: “Uşaqların biri 10 aylıq, digəri isə 1 yaş 7 aylıqdır. Vəziyyətləri yaxşıdır. Hazırda prokurorluq məsələni araşdırır”.
———-
10:56
Bərdədə küçədə iki azyaşlı uşaq tapılıb.
ARANTV.AZ bildirir ki, hadisə ötən gecə baş verib. Azyaşlı uşaqları Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları xilas ediblər. Onlar təcili yardımla uşaqları xəstəxanaya çatdırıblar.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva trend-ə bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var:
“Əməkdaşlarımız ötən gecə saat 21:10 radələrində mənimlə əlaqə saxlayaraq, Bərdədə yerləşən şadlıq saraylarının birinin qarşısında kimsəsiz qalan qız və oğlan uşaqlarını tapdıqlarını söylədilər. Mənim tapşırığımla onlar təcili olaraq xəstəxanaya çatdırıldı. Bütün lazımi tibbi tədbirlər görüldü və uşaqlarda heç bir problem aşkarlanmadı. Hazırda uşaq xəstəxanasına yerləşdirilən körpələrin vəziyyətləri yaxşıdır”.
Baş həkimin sözlərinə görə, uşaqları toya gələn valideynlərin atması ehtimal edilir. Çünki körpələr şadlıq sarayının qarşısında tapılıb və ola bilər ki, toydan içkili çıxan valideyn onları orada unudub.
Faktla bağlı polisə müraciət olunub, araşdırma aparılır.
ARANTV.AZ-ın verdiyi məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.
Məlum olub ki, uşaqların anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.
Bərdə rayonunda işləyən Y.Osmanova uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib:
“Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o aparan evə iş yoldaşıma verib”.
Faktla bağlı araşdıma aparılır.
Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.
Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.

