Əsas səhifə 

Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım – Prezident İlham Əliyev

«CNN Türk» telekanalına müsahibəsində regionda yaranan reallıqların dünya siyasətinə təsirindən bəhs edən dövlət başçımızın xoşbəxt günlərindən biri müəyyən məqsədlər, hədəflər baxımından tarixi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılacağı gün olacaq

Bu ilin fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Türkiyənin «CNN Türk»ə televiziya kanalının əməkdaşının Xocalı soyqırımı, Qarabağ müharibəsində mülki əhalinin qətlə yetirilməsi, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, Qarabağda aparılacaq quruculuq işləri, nəzərdə tutulan «yol xəritəsi» ilə bağlı suallarına ətraflı cavab verən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, haqq-ədalətin bərpası üçün uzun illər lazım gəldi. Həmin uzun illərin məntiqi nəticəsi olan Böyük Qayıdış üçün isə ərazilər minalardan təmizlənməli, «ağıllı kənd», «ağıllı şəhər» layihələri həyata keçirilməli, dağıdılmış infrastruktur, kommunikasiya, əkin sahələri bərpa olunmalıdır. Aradan keçən müddətdə görülən işlər barədə «CNN Türk»” telekanalına müsahibəsində artıq perspektivlərlə birlikdə quruculuq, abadlıq işləri, həyata keçirilən infrastruktur layihələri ilə bağlı geniş açıqlama verən, insanların 30 illik yurd həsrətinə qazanılan Zəfərlə son qoyulduğunu bildirən Prezident İlham Əliyevin söylədikləri dövlət başçısının Azərbaycan xalqına hesabatı, beynəlxalq ictimaiyyətə regionda yaranan yeni reallıqlar barədə açıqlama, ən başlıcası isə liderlik fəaliyyətinin təcəssümü idi.

«Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi» sözləri isə 30 ildə Ermənistanın işğalçılıq siyasətinə göz yumanlara, separatizmi, terroru dəstəkləyənlərə, qəbul olunan dişsiz bəyanatların arxasında gizlənərək ikili standartlardan yararlananlara tarixi dərs, ədalətə çağırış idi.

İnsanların doğma torpaqlarına Böyük Qayıdışını təmin edəcək quruculuq işlərinin məntiqi nəticəsi isə dəyişilməzdir: Azərbaycanı güclü dövlətə çevirməklə, ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə ümummilli lider Heydər Əliyevin vəsiyyətinə sadiq qalan, Azərbaycan xalqının doğma yurda qovuşmaq həsrətinə son qoyan, xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsinə sərf edən Prezident İlham Əliyev qətiyyəti, siyasi iradəsi, əzmkarlığı ilə Azərbaycan xalqının əbədi lideri olduğunu təsdiqlədi.

İllərdən bəri beynəlxalq təşkilatların qəbul etdikləri, amma kağız üzərində qalan qətnamələri, bəyanatları qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti ilə reallaşdıran Prezident İlham Əliyev həmkarları arasında da sayılıb-seçilən dövlət başçısı olduğunu liderlik bacarığı ilə təsdiqlədi. Azərbaycanın 20 faiz ərazisinin işğalına göz yuman, artıq tarixə qovuşan «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini, BMT də, daxil olmaqla beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətinə və terroruna dəstək olan ikili standartları, gücün beynəlxalq ədalət üzərində qələbəsini məqsədyönlü siyasəti ilə ifşa edən Prezident İlham Əliyev tarixdə bənzəri olmayan sülh missiyasını gerçəkləşdirdi. Dövlət başçımızın əvvəllər söylədiyi «Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik» sözləri Ermənistana loyallıq göstərən bütün beynəlxalq təşkilatlara qətiyyətli liderin ciddi mesajı idi. Müsahibəsində münaqişənin davam etdiyi illərdə danışıqlar prosesini məqsədyönlü şəkildə pozan, Xocalı soyqırımını, müharibə cinayətlərini törədən Ermənistanın korrupsioner və xunta rejiminin beynəlxalq hüquqa zidd siyasətini dəfələrlə ən yüksək tribunalardan beynəlxalq ictimaiyyətə çatdırdığını bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən və Azərbaycan Milli Ordusunun qələbəsi ilə başa çatan Zəfərimizlə erməni terrorunun, faşizminin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı.

Münaqişə ilə bağlı danışıqlar prosesini pozmaqla işğalçılıq siyasətini davam etdirən Ermənistanın ötən ilin iyul, avqust aylarında törətdiyi təxribatlar, terrorlar nəticəsində mülki azərbaycanlılar, hərbçilər qətlə yetirildi. Ötən ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları ilə tarixə yazıldı. Məğlubiyyətini dərk edən Ermənistanın mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tutması nəticəsində qadınlar və uşaqlar daxil olmaqla 100-dən artıq mülki əhali qətlə yetirildi. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimiz Ermənistan tərəfindən intensiv atəşə məruz qaldı. O qədər də böyük əraziyə malik olmayan təkcə Tərtər şəhərinə 20 minə yaxın raketin atılması yalnız insan qanına susayan erməni faşistlərinə xas olan qəddarlıq idi. Lakin öz Liderinə sonsuz inam bəsləyən Azərbaycan xalqı mətanəti, dönməzliyi ilə erməni vəhşiliyinə qalib gəldi. Qərinədən artıq yaxın müddətdə Vətən həsrəti ilə yaşayan insanlar inanırdılar ki, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Milli Ordumuzun qətiyyəti ilə onlar tezliklə öz yurdlarına qayıdacaqlar. Şəhidlərimizin qanı bahasına qazanılan Qələbəmizlə bağlı sualı «Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır» sözləri ilə cavablandıran, təkcə Şuşa ilə deyil, işğal altında qalan bütün torpaqların azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirən Prezident İlham Əliyevin «Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım» sözləri liderin öz xalqı, tarix qarşısında hesabatı, vəfa borcu, gələcək nəsillərə xoşbəxtlik müjdəsi idi.
Müsahibəsində bu gün dünya siyasətinin ən aktual mövzularından olan, bölgə dövlətlərinin iqtisadiyyatına, regional sabitliyə, qlobal yol-nəqliyyat infrastrukturunun ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyətinə aydınlıq gətirən Prezident İlham Əliyev növbəti dəfə diqqətə çatdırdı ki, Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Azərbaycanla Türkiyəni birləşdirəcək bu dəhlizin açılması bir çox məqsədlər, hədəflər baxımından tarixi əhəmiyyətə malikdir. «Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır» söyləyən Prezident İlham Əliyev bölgədə əməkdaşlığa və sülhün təminatına mane olan qüvvələr tərəfindən idarə olunan Ermənistanın etirazlarının əsassız olduğunu da diqqətə çatdırdı.

Zəngəzur dəhlizinin bərpasının perspektivlərini uzaqgörən siyasəti və bölgə dövlətlərinin əməkdaşlığı baxımından, hətta Ermənistan üçün belə səmərəli fürsət, önəmli layihə adlandıran dövlət başçımızın vurğuladığı kimi, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcək bu dəhlizlə Türkiyə öz mallarını Orta Asiyaya daha qısa, alternativ yolla daşıya biləcək: «Beləliklə, bu, Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.»

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, Böyük Qayıdış, o cümlədən Zəngəzur dəhlizinin bərpası üçün ciddi proqramların hazırlandığını diqqətə çatdıran Prezident İlham Əliyev onu da vurğulamışdır ki, 30 ildə dağıdılan ərazilərin yenidən qurulması müəyyən problemlər yaratsa da , xalq-iqtidar birliyi, düşünülmüş siyasət, siyasi iradə bütün çətinliklərə qalib gəlir.
«Bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var» söyləyən, düşünülmüş siyasəti ilə zamanı qabaqlamaq qüdrətinə malik dövlət başçımızın birbaşa iştirakı ilə hazırlanan pilot layihələrin icrasına başlanılması, Zəngilan rayonunda 3 kəndi birləşdirən layihənin bu ilin sonuna qədər reallaşacağı zamandan vaxtında yararlanmaq qabiliyyətinin ifadəsidir.

Müsahibədən aydın olur ki, İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın təşəbbüsü ilə bölgə ölkələri arasındakı əlaqələrin perspektivlərini müəyyənləşdirən yeni reallıqlar Cənubi Qafqaza beynəlxalq baxışı mövcud vəziyyətə uyğun dəyişib.
Beynəlxalq müstəvidə aktuallığı ilə seçilən, gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün 3+3 formatının region dövlətləri tərəfindən dəstəklənməsi təhlükəsizliyə inamı artırır. Təbii ki Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması, dövlətlərarası ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi baxımından daha önəmlidir.
Həmişə beynəlxalq hüquqa sadiq Azərbaycanın bütün dövlətlərlə münasibətləri qarşılıqlı etimad əsasında formalaşıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan neft-qaz, nəqliyyat layihələrinə artan maraq müttəfiqlərimizin sayını artırmaqla əməkdaşlıq formatının sayında da müsbətə doğru irəliləyişi təmin edib. 44 günlük müharibədə Qələbəmizdən sonra qüdrətli Azərbaycanın dünyada möhkəmlənən mövqeyi, artan siyasi, iqtisadi, hərbi qüdrəti ölkəmizə marağı daha da artırıb.
Başlıca hədəf olan işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etməyə təşəbbüs göstərənlərin sıralarının sıxlaşması Azərbaycanın dünyada möhkəmlənən mövqeyini daha da gücləndirir. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsini tarixi missiya adlandıranlar çox olsa da, İkinci Qarabağ müharibəsində həmişə yanımızda olan Türkiyə qardaşlıq borcunu bütün istiqamətlər üzrə sədaqətlə yerinə yetirdi. Müsahibədə Türkiyə-Azərbaycan qardaşlığına xüsusi yer ayrılması bu həqiqətin etirafıdır.
Prezident İlham Əliyevin «Mən dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır» sözlərini zaman da təsdiqlədi. Dövlət başçımızın « Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdıq» əlavəsi isə bu dostluğa xələl gətirməyə çalışanlara tək deyil, «qoşa yumruq» xəbərdarlığıdır.
Bu müttəfiqlik sayəsində Türkiyə ilə Azərbaycanın maraqlarına uyğun vahid siyasət formalaşıb. Ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət»” sözləri iki xalqın yaddaşında əbədi iz salan aforizmə çevrilib.
İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı əsl dostun, qardaşın sədaqətin dəyərini real həyatda gördü. «Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq» sözlərinin daha bir təsdiqi hər üç ölkənin parlament sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi oldu.

Daha çox xəbərlər