Məhkəmə sistemində islahatlara kim mane olur – hüquqşünasdan açıqlama
Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin martında mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac olduğunu dedi. Az sonra – 3 aprel 2019-cu ildə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanı verildi.
Həmin fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə verilmişdi və Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilirdi ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
13 bənddən ibarət Fərmanın verilməsindən 2 il 4 ay ötür. Bu müddətdə məhkəmə hüquq sistemində nələr dəyişib?
Ölkədəki ədalətli məhkəmə sisteminin qurulması üçün bir sıra zəruri addımlar (məsələn, audio və video yazılışları) atılsa da, hələ də məhkəmələrin verdiyi qərarlar ciddi suallar və narazılıqlar doğurur. Azərbaycanın məhkəmə-hüquq sisteminin durumu ümumilikdə bütün sahələrə sirayət edir. Deputatlar, məmurlar, onların övladları hüquq pozuntusuna, bir çox hallarda cinayət xarakterli əməllərə yol verir, məsələ hüquqi müstəviyə çıxarsa, onların xeyirlərinə həll ediləcəklərinə əminlikləri məhkəmə hökmləri ilə təsdiqlənir. Bu şəxslər biləndə ki, yol verdikləri hüquq pozuntusu məhkəmədə öz hüquqi həllini tapacaq, o zaman bu şəxslər pozuntu etməyə cəsarət etməyəcəklər. Təəssüf ki, belə deyil.
Məsələn, illərdir ki, Azərbaycan mətbuatında Hacı Qalib Salahzadənin vətəndaş Seymur Quliyevin evlərini darmadağın edərək talaması, torpağını zəbt etməsi, Ukraynadakı səfir Elmira Axundovanın oğlu Həbib Axundovun vətəndaşların milyonlarla pulunu alıb özlərini məhkəmələrdə cərimə etdirməsi kimi hallar haqda yazılar dərc edilir. Belə hallar onlarladır. Məhkəmələrə kimlərsə təsir göstərməkdə davam edir.
Prezident Fərmanından sonraya təsadüf edən bu məsələlər belə ədalətli həllini tapmaq bilmir. Məhz bir çox hallarda yerli məhkəmələrin ədalətsiz qərarları nəhayətdə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın cərimlənməsi ilə nəticələnir. Azərbaycan bu cür məhkəmə qərarlarından verilən şikayətlərə görə ilk beşlikdə yer alır. Hakimlər vaxtaşırı cəzalandırılsa da, yenə də xüsusilə siyasi motivli məhkəmə qərarlarından narazılıqlar var. Bu da Azərbaycan hökumətini təzyiqlər qarşısında qoyur. Maraqlıdır, məhkəmə islahatlarının dərinləşməsinə kimlər maneə olur?

Hüquq üzrə fəlsəfə doktoru: “Əsaslı və ciddi, ardıcıl islahatlar, nəhayət ki, gerçəkləşməli, həyata keçirilməlidir”
Sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Prezidentin 2019-cu ilin aprelin 3-də verdiyi Fərman məhkəmə-hüquq sahəsində islahatların daha da dərinləşdirilməsi ilə bağlı olub: “Elə o dövrlərdə də mənim televiziyada və mətbuatda çoxlu çıxışlarım oldu. Hüquq müdafiəçisi olaraq istəməzdim ki, Azərbaycanda qəbul olunan qərarları saysız-hesabsız Avropa Məhkəməsinə getsin. Belə məsələlər Avropa Məhkəməsində Azərbaycanın reytinqinə təsir edir. Əgər say hesabı ilə çıxarılan qərarlara görə biz beşinci yerdəyiksə, təbii ki, bu Azərbaycan məhkəmə hakimiyyəti üçün başucalığı deyil. Məhkəmə hakimiyyətində islahatlar ardıcıl və davamlı olmalıdır. Azərbaycanda ləngimə göz önündədir. Düzdür, Məhkəmə Hüquq Şurasının rəhbərliyi, təşkilatçılığı ilə müəyyən işlər gedir. Amma insan faktorunu unutmamalıyıq. Yəni nəyi dəyişməyimizdən asılı olmayaraq insan faktoru var. Bu fərmandan sonra hakimlərin əmək haqqı kifayət qədər artırıldı, amma qanunsuz, hökm və qərarların sayı azalmadı. Elə mən özüm bir işlə bağlı uzun müddətdir ki, mətbuatda, televiziyada çıxışlar etmişəm. Məhkəmə hakimi tərəfindən tərəflərin iştirakı olmadan saxta bir müqavilə əsasında qərarın çıxarılması və bunun da sifarişli olmasını fakt kimi qeyd etdim. Amma bu günə qədər heç o məsələ də öz həllini tapmadı. Baxmayaraq ki, Ali Məhkəmənin rəhbərliyinə də deyildi”.
Çingiz Qənizadə deyir ki, hazırda hakimlər sədrlərdən asılı vəziyyətdədir: “Yəni məhkəmə hakimi əgər özünün baxdığı, icraatında olan işi əvvəlcədən məhkəmənin sədrinə məruzə edib onun dediyi hökmü, qərarı verir. Burda mühakimə və məhkəmənin müstəqilliyindən artıq söz ola bilməz. Bu praktikaya son qoyulmalıdır. Hakimlərin işi sədrə məruzə etməsi praktikasına son qoyulmalıdır. Əgər işin nəticəsi sədrdən asılıdırsa, daha hakimə nə ehtiyac var? Bu praktika bilavasitə hakimlərin asılılığını artırır. Azərbaycan məhkəmələrində məsuliyyətsizlik və cəzasızlıq mühiti var. Hakim Azərbaycan Respublikası adından qərar çıxarırsa və sonra da bu qərarın qanunsuz olduğunu təsdiq edilirsə, vətəndaş müxtəlif instansiyalara şikayət etdikdə ”məhkəmənin qərarını biz dəyişə bilmirik” cavabı gəlirsə, bunun yolu tapılmalıdır. Qanunsuz qərarı dəyişmək üçün təbii ki, Azərbaycanda 3 pilləli məhkəmə hakimiyyəti var. Amma çox təəssüf ki, biri digərini tamamlamaqda davam edir”.
Çingiz Qənizadə deyir ki, məhkəmələrdə kifayət qədər iradəli, ləyaqətli, lazım gələndə sifarişlərə baş əyməyən, qulaq asmayan cəsarətli qərar qəbul edən hakimlər var: “Amma bu hakimlərin sayı o qədər də çox deyil. Hakimlərin qərarsızlığı və son 10-15 ildə bir məhkəmə hakiminin qanunsuz hökm çıxardığına görə cinayət məsuliyyətinə cəlb edilməməsi bu sahədə vəziyyətin dəyişməməsinə gətirib çıxarıb. Sanki məhkəmə hakimiyyəti toxunulmaz bir hakimiyyət qoluna çevrilib. Deputat qanunu pozduqda qoluna qandal vurulub tutulur. Necə ola bilir ki, Prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri də qanunu pozduğuna həbs edilir, amma hakimlərə qarşı bu tətbiq olunmur?”
Çingiz Qənizadə deyir ki, məhkəmə hüquq sistemində bir cəzasızlıq mühiti var: “Məhkəmə Hüquq Şurasının tərkibinə yenidən baxılmalıdır, orada müstəqil alimlər, ziyalılar olmalıdır ki, hakimlərin hərəkətinə qiymət versinlər. Cənab prezidentin verdiyi fərman məhkəmə-hüquq sahəsində çoxsaylı problemlərin həllinə yönəlib. Məsələn, audio, video yazıların aparılması olduqca vacib şərtdir. Amma bu gün Azərbaycan məhkəmələri bu şərti sadəcə iqnor edirlər. Sanki prezident Fərmanında bu haqda heç nə deyilmir! Məhkəmə hakimiyyəti sistemində köklü, əsaslı və ciddi ardıcıl islahatlar nəhayət ki, gerçəkləşməli, həyata keçirilməlidir. Bunun üçün ölkə rəhbərliyi tərəfindən gərəkən addımlar atılıb”.
Çingiz Qənizadə deyir ki, hakimlərin tam müstəqilliyini şərait yaratmaqla onların qanun qarşısında məsuliyyət məsələsi də qoyulmalıdır: “Daha xəbərdarlıq, töhmət yox, çox ciddi cəza ilə iş yerlərini itirmək məsələsi, məsuliyyətə cəlb edilməsi və s. təmin edilməlidir. Əks halda biz məhkəmə-hüquq sistemində dəyişiklikləri görməyəcəyik”.
Hüquq müdafiəçisi: “Məhkəmələrdə sədr, sədr müavini postunun ləğvi islahatlara təkan verə bilər”
Hüquq müdafiəçisi, Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin (BİHK) sədri Rəsul Cəfərov “Yeni Müsavat”a deyib ki, Fərmandan gözləntilər böyük olsa da, fundemental dəyişikliklər olmadı: “28 aydır ki, Fərman verilib və ötən müddət ərzində Azərbaycanda məhkəmə hüquq islahatlarının gözləntilərin heç yarısını da doğrultmayıb. Düzdür, bəraət hökmlərinin sayı əvvəlki illərə nisbətən artıb. İqtisadi, kommersiya xarakterli cinayətlərə görə ibtidai istintaq dövründə alternativ cəzalardan istifadə edilib. Sonrakı dövrdə də bu praktikaya müraciətlər artıb. Azərbaycan məhkəmələrində vəkillərin verdikləri vəsatətlərin təmin edilməməsi praktikası çox geniş şəkil alıb. Hakimlər heç bir əsaslandırma aparmadan, heç bir izahat vermədən işin nəticəsinə birbaşa təsir edən vəsatətləri təmin etmirlər. Vəkillər tələb etdikdə belə vəsatətin təmin olunmaması, rədd edilməsi hallarının əsaslandırılması hakimlər tərəfindən həyata keçirilmir. Bu da ədalət mühakiməsinin həyata keçirilməsində ən böyük əngəllərdən biridir. Cinayət işləri üzrə vəziyyət acınacaqlıdır. Qeyri-işlərdə də durum fərqli deyil. Söhbət təkcə mürəkkəb, siyasi motivli işlərdən getmir. Əlbəttə ki, bu durum bütövlükdə cəmiyyətin, dövlətin maraqlarına böyük zərbə vurur. Təsəvvür edin ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxslərə bəraət verib. Gəncə Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişərək bəraət almış şəxslərin barəsində uzun müddətli həbs cəzası qərarı verdi. Sual ortaya çıxır – hansı məhkəmə səhv edib? Bəraət verən, yoxsa uzun müddətli həbs cəzası qərarı verən instansiya? Bu cür hallar məhkəmə-hüquq islahatlarının cücərtilərini belə məhv edir, insanlarda məhkəmə-hüquq islahatlarına inamsızlıq yaradır. Dəlil-sübut olmadan insanların uzun müddətli həbsə göndərilməsi halları davam edir. Hakimlərin əmək haqlarının artırılması, məhkəmə katiblərinin maaşlarının qaldırılması, kargüzarlıq xərclərinin dəfələrlə yüksəldilməsi halları müsbət olsa da, ümumilikdə məhkəmə-hüquq islahatları hələ ki, gözləntiləri doğrultmayıb, fundemental dəyişikliklər baş vermir”.
Hüquq müdafiəçisi deyir ki, Azərbaycan məhkəmələrində sədr, sədr müavini postunun ləğvi islahatlara təkan verə bilər: “Məhkəmədə sədrə nə ehtiyac var? Texniki administrasiya məhkəmənin texniki, məişət məsələlərini həll edə bilər. Bunun üçün sədr postu nəyə lazımdır? İşlərin bölgüsü də elektronlaşdırılmalıdır. Hakimlər bərabər hüquqludursa, niyə hakim gedib sədrə iş haqda məruzə edir? Məgər sədr hakimdən daha ağıllıdır? Əlbəttə ki, sədrlik ləğv edilərsə, Azərbaycan məhkəməsi düzələcək fikrində deyilik, lakin problemlərin çoxluğu vəziyyətin yaxşılaşması üçün bu sayaq addımların atılmasını zəruri edir. Məhkəmə hüquq islahatları haqda Fərmanın verilməsindən 2 ildən bir qədər artıq vaxt ötsə də, cəmiyyətin diqqətində olan işlər belə ədalət mühakiməsinin prinsiplərinə əməl etmədən həll olunur. Telefonla əlaqə ”hüququ”, məruzə etmək praktikası yığışdırılmayınca, Azərbaycan məhkəməsindən ədalətli hökm və qərarlar gözləmək doğru deyil. Bu sistem mərhələli şəkildə olsa belə ləğv edilməlidir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

