Siyasət 

Əli Əhmədov: Bələdiyyə seçkilərində daha çox gənclər namizəd olacaq

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif formada tədbirlər görməyə çalışırlar.

ARANTV.AZ məlumat verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi – sədr müavini Əli Əhmədov YAP-da gənclərlə keçirilən görüşdə deyib.

İcra katibi bildirib ki, bəlkə də, bunu normal qəbul etmək olar:

“Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başadüşüləndir.

Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”.

Ə.Əhmədov daha sonra qeyd edib ki, partiyanın sıralarında çoxlu sayda gənclər var:

“YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir”.

YAP-ın icra katibi vurğulayıb ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər:

“2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

oxu.az

Daha çox xəbərlər